YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlik ən uca zirvədir...

Sentyabrın 27-dən başlanan Vətən müharibəsi 44 gün davam etdi. Noyabrın 10-da Azərbaycan düşmən üzərində tam qələbə çaldı, ərazi bütövlüyünü təmin etməklə tarixi ədaləti də bərpa etdi. Bununla da, 3 əsr sonra bizdən zorla alınan torpaqlarımızı geri almağımız misilsiz tarixi hadisə kimi hələ uzun illər qələbə, zəfər tarixi kimi xatırlanacaq. Bu qələbə, zəfər isə qətiyyətli, müzəffər Ali Baş Komandanın, rəşadətli Ordunun və qorxmaz xalqın birliyi ilə əldə edildi. İşğaldakı torpaqlarımızın azadlığı uğrunda şəhid olanlar, yaralananlar, döyüşənlər daim milli qəhrəmanlar kimi xatırlanacaqlar.

Tarixi qələbənin əldə olunması üçün döyüşənlərin, şəhid olanların, yaralananların bir çoxu həm Yeni Azərbaycan Partiyasının üzvləridir. Artıq müharibə başa çatdığından və milli qəhrəmanlarımız haqqında məlumatların yayılması hərbi sirr hesab edilmədiyindən onları ictimaiyyətimizə təqdim edəcəyik. Onların xatirəsi daim uca tutulacaq, hər zaman da milli qəhrəman olaraq anılacaqlar.

Həmin qəhrəman şəhidlərimizdən biri də Elvin İmaməliyevdir.

O, Vətən müharibəsinin könüllü iştirakçısı oldu. Döyüş meydanında mərdlik, cəsarət nümayiş etdirməklə şəhidlik zirvəsinə yüksəldi. O, Ağstafa şəhəri 1 saylı tam orta məktəbin direktoru idi. Fransız dili müəllimi olan Elvin İmaməliyev həm də rayonun ən gənc direktoru idi.

Elvin İmaməliyev eyni zamanda Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı Gənclər Birliyinin də sədri idi. O, ictimai-siyasi fəaliyyəti ilə seçilirdi, partiyanın ən aktiv gənclərindən idi.

Elvin İmaməliyevin xatirəsi hər zaman hər bir partiya üzvü üçün əziz olacaq, daim anılacaq. Onun keçdiyi yol isə hər bir gənc üçün bir vətənpərvərlik nümunəsi olacaq.

Allah rəhmət eləsin!