YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Ələkbərov: Ordumuz sarsıdıcı zərbələri ilə düşmənə öz yerini göstərir

“Bilirsiniz ki, bu münaqişə 30 ildən çoxdur ki, başlayıb. Münaqişənin tarixi hələ keçmiş sovetlər ittifaqının mövcud olduğu dövrdən davam edir. O zamandan Azərbaycan haqsızlığa uğrayıb. Bunun nəticəsi bu günə qədərdir ki, davam edir. Azərbaycan hər zaman ikili standartlarla üzləşib”. Bu fikirləri “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Ceyhun Ələkbərov deyib.

C.Ələkbərov bildirib ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxması haqqında dörd qətnamə  qəbul edib. Amma 27 il ərzində həmin qətnamələr icra olunmadı və münaqişənin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri bu sənədlərin icra olunması üçün heç bir addım atmadı.

Bu gün artıq Azərbaycan özü həmin qətnamələri icra edir. Çünki Azərbaycan zəif dövlət deyil, çox güclü dövlətdir. 30 il ərzində Azərbaycan konstruktiv mövqe nümayiş etdirdi, münaqişənin sülh yolu ilə həll olunacağına ümidlə yanaşdı. Amma işğalçı Ermənistan nəinki konstruktiv olmadı, əksinə işğal etdiyi torpaqlarımızda möhkəmlənmək, onları xoşluqla geri qaytarmamaq yolunu tutdu. Son vaxtlar erməni tərəfinin hərbi təxribatları isə Azərbaycanın özünümüdafiə məqsədilə əks-hücum əməliyyatı başlamağa məcbur etdi.

“Bu gün Azərbaycan Prezidenti bəyan edib ki, ölkəmiz sülh, danışıqlar  tərəfdarıdır. Amma Ermənistan rəhbərliyi baza prinsiplərində nəzərdə tutulduğu kimi, torpaqlarımızdan çıxması haqqında öhdəlik götürməlidir. Amma işğalçı tərəf nəinki bunu etmir, əksinə vəziyyəti daha da gərginləşdirir. Ona görə də, ordumuz sarsıdıcı zərbələri ilə düşmənə öz yerini göstərir. Əgər beynəlxalq birlik həqiqətən bu bölgədə sabitlik istəyirsə, işğalçı Ermənistanı məcbur etməlidir ki, torpaqlarımızdan çıxsın. Yoxsa, kimsə Ermənistanı xilas etmək istəyirsə, bu mümkün olmayacaq. Azərbaycan Prezidenti bəyan edib ki, heç bir qüvvə bizi yolumuzdan döndərə bilməz”-deyə, C.Ələkbərov qeyd edib.