YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elşad Mirbəşiroğlu: Ermənistan kənardan idarə edilən marionet ölkə kimi həmişə regionda sülhə və təhlükəsizliyə maneə olub

“Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyəti bir daha çox aydın şəkildə və çox ciddi faktlara əsaslanaraq dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlətimizin başçısı 30 ildir işğal altında qalan torpaqlarımızın əsas hissəsinin azad edildiyini bildirdi və vurğuladı ki, bu, Azərbaycan dövlətinin və Ordusunun gücünü bir daha göstərir. Azərbaycan haqlı tərəfdir və beynəlxalq səviyyədə qəbul edilən ərazi bütövlüyünü bərpa edir”. Bu Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.

Deputat münaqişənin ilk günlərindən başlayaraq Azərbaycanın hər zaman danışıqlara hazır olduğunu, problemin sülh yolu ilə həll olunmasının tərəfdarı kimi çıxış etdiyini diqqətə çatdırıb. Münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu vasitəçilik missiyasını yerinə yetirmədi. Madrid prinsipləri üzrə məsələnin həllində heç bir nəticə əldə olunmadı. Təbii ki, Azərbaycan tərəfi Madrid prinsipləri üzrə öz mövqeyini ortaya qoymuşdu. Azərbaycan son ana qədər münaqişənin həlli üçün bütün məsuliyyəti dərk edib və sülhə, danışıqlara hər zaman hazır olduğunu bəyan edib. Azərbaycan bu gün öz ərazi bütövlüyünü bərpa edir və buna haqqı var.

E.Mirbəşiroğlu bildirib ki, Azərbaycan öz torpaqlarının işğaldan azad olunması istiqamətində həlledici mərhələyə qədəm qoyub və bu vəzifənin yerinə yetirilməsində baza prinsiplərinə əməl edir. Azərbaycan tərəfi münaqişənin nizamlanması istiqamətində nə qədər cəhd göstərsə də, qarşı tərəf bu təkliflərlə razılaşmadı. Ermənistana uzun müddət təzyiq göstərilmədiyi üçün öz işğalçı siyasətindən əl çəkmədi. Azərbaycan bu gün baza prinsiplərinə uyğun olaraq öz torpaqlarını işğaldan azad edir.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan beynəlxalq hüququn normaları çərçivəsində müharibənin qayda-qanunlarına tamamilə riayət edir, humanizm prinsiplərini əsas tutur. Qarşı tərəf isə beynəlxalq qayda və qanunlara riayət etmir. Ermənistan üç dəfə razılaşdırılmış atəşkəsi pozub. Buna görə Ermənistan günahkardır. Bu da onu göstərir ki, Nikol Paşinyan müharibənin dayanmasını istəmir. Atəşkəsi pozan Ermənistan Azərbaycanın Gəncə, Bərdə şəhərlərini raket atəşinə tutdu. Ümumilikdə, indiyədək 91 mülki şəxs həlak olub, 400-dən artıq insan yaralanıb. Qarşı tərəf mülki şəxslərə hücum etməklə Azərbaycanda xaos və təşviş yaratmaq istəyirdi, amma buna nail olmadı.

Azərbaycan Ordusunun düşməni həm texnika, həm də canlı qüvvə baxımından ciddi itkilərə məruz qoyması onu çətin vəziyyətə salıb. Paşinyan çıxılmaz vəziyyətdə qalıb. Ermənistan əhalisi zorla orduya cəlb olunur. Təbii ki, Azərbaycanın nizami ordusu qarşısında düşmənin pərakəndə ordusu duruş gətirə bilməz.

“Azərbaycanın haqlı mövqeyini indi bütün dünya qəbul edir. Dövlətimizin başçısı Azərbaycanın sülhsevər olduğunu və dünyada qlobal əməkdaşlığa töhfə verən ölkə olduğunu qeyd edib. Ermənistan həmişə münaqişənin nizamlanması prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirib və danışıqlardan qaçıb. Münaqişənin dondurulması Ermənistanın maraqlarına uyğun olub. Ermənistan kənardan idarə edilən marionet ölkə kimi həmişə regionda sülhə və təhlükəsizliyə maneə olub. Azərbaycan Prezidenti bir daha Ermənistanın təcavüzkar ölkə və regionda sabitliyin düşməni olduğunu diqqətə çatdırdı”-deyə, E.Mirbəşiroğlu vurğulayıb.