YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Azərbaycan ATƏT-in Minsk qrupunun müəyyənləşdirdiyi baza prinsipləri əsasında problemi sürətlə həll edir

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibədə bir sıra mühüm məsələlərə toxundu. Onlardan bir qismi sentyabr ayının 27–dək davam edən siyasi-diplomatik danışıqlar kontekstində münaqişənin həlli perspektivləri, digər qismi isə sentyabr ayının 27-dən sonra başlayan yeni aktiv faza və onun yaratdığı hərbi-siyasi reallıqlarla bağlı idi. Müsahibədən bir daha aydın oldu ki, Azərbaycan həmişə problemin sülh yolu və danışıqlar vasitəsilə həll edilməsində maraqlı olub. Ölkəmizin danışıqlar prosesinə 30 ilə yaxın bir müddətdə sadiq qalması da bunun göstəricisi sayıla bilər". Bu fikirləri Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Millət vəkili ATƏT-in Minsk qrupunun problemi ötən müddət ərzində həll edə bilmədiyini diqqətə çatdırıb: "Eyni zamanda, onların "problemin hərbi yolla həlli yoxdur" tezisi də özünü doğrultmayıb. Çünki problemin uzun illər sülh yolu ilə həll edilməməsi, əslində, elə hərb yolu ilə həll edilməsini aktuallaşdırır və zəruri edirdi. Məsələ ondadır ki, ötən illər ərzində problemin sülh yolu ilə həlli üçün bütün mümkün imkanlardan istifadə edilməyib. Halbuki belə imkanlar olub. Nəzərə almaq lazımdır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri həm də BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçüdür və bu üç dövlət özlərinin səs verdikləri TŞ-nin qətnamələrinin tələblərinin yerinə yetirilməsinə lazımi cəhdlər etməyiblər. İşğalçı Ermənistana sanksiyaların tətbiq edilməsi, silah embarqosu qoyulması, maliyyə və iqtisadi alətlərlə təsir edilməsi imkanları heç vaxt nəzərdən keçirilməyib, tam əksinə, bəzi hallarda ayrı-ayrı həmsədr ölkələr tərəfindən işğalçı ölkə silahlandırılıb və bu da işğalın davam etdirilməsində əsas faktorlardan biri olub. Ona görə də vəziyyətin indiki fazaya daxil olması həm də bu cür yanaşmanın nəticəsidir".

"Azərbaycan isə artıq münaqişənin məhz hərbi yolla həll edilməsinin mümkünlüyünü döyüş meydanında yaratdığı yeni reallıqla sübut edib. Beləliklə, rəsmi Bakı həm BMT Nizamnaməsinin 51-ci maddəsini təmin edib və edir, həm də BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini icra edir. Ona görə də hər hansı bir xüsusi narahatlığa ehtiyac yoxdur. Nəticə etibarilə, Azərbaycan, eyni zamanda, ATƏT-in Minsk qrupunun müəyyənləşdirdiyi baza prinsipləri əsasında problemi sürətlə həll edir. Buna görə də Azərbaycanın hərbi-siyasi davranışları istər BMT və onun Təhlükəsizlik Şurası tərəfindən, istərsə də ATƏT və onun Minsk qrupu tərəfindən təqdir edilməlidir"-deyə, deputat vurğulayıb.