YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Seyidov: Xalq bütün mübarizələrdə olduğu kimi bu haqlı davasında da öz rəhbərini dəstəkləyir

Artıq müzəffər ordu və yenilməz Ali Baş Komandan döyüş meydanında öz sözünü deyir. Hadisələri çox qabaqlamadan deyə bilərəm ki, Azərbaycan dünyaya sübut edir ki, onun “lazım gələrsə torpaqlarımızı hərb yolu ilə azad edərik” fikri heç də hərbi-siyasi təhdid deyildi. Konkret hərbi gücə, vahid xalq dəstəyinə və dəmir siyasi iradəyə söykənən bu fikirlər bugün öz təsdiqini tapır. Artıq danışıqlar masasının bir çox predmeti faktiki öz qüvvəsini itirmişdir. Əgər Ermənistan konstruktiv mövqedən biraz daha uzaq olsa biz onlara mütləq ki, təslim olmaq haqqında akt imzalatdıracayıq. Onlar buna hərbi məğlubiyyətdən sonra sadəcə məcbur olacaqlar.

Bugün əslində hakimiyyətdə olduğu müddət ərzində sülh danışıqlarını pozan, yalan informasiyalarla dünya ictimaiyyətini aldadan, dövlət başçısının ciddi simalarından heç birini faktiki daşımayan Nikol Paşinyanla hər hansı bir danışıqlar masası arxasında oturmaq mənasızdır. Paşinyanın ən doğru qərarı Kəlbərəcər, Laçın və Ağdamın işğalda olan ərazilərini işğaldan azad etmək haqqında dəqiq qrafiki elan etməsi olardı. Yoxsa cənab Prezident demişkən etibar etmədiyin bir adamla eyni masa arxasında oturub hər hansı ciddi məsələni müzakirə etmək məqsədəuyğun deyildir.

Bugün Azərbaycanı hərbi əks-həmlə əməliyyatlarına məcbur edən amillərdən biri ölkəmizi atəşkəsə səsləyən dövlətlər və konkret Minsk qrupunun həmsədrləridir. Əlbəttə, mən demək istəmirəm ki, onların fəaliyyəti tamami ilə faydasız və lazımsızdır. Çünki onlar danışıqların baza prinsiplərini hazırlayıb, təqdim ediblər. Lakin həyata keçirilməsi üçün lazımi mexanizmlərdən təəssüf ki, istifadə etməyiblər. Bu məqamı cənab Prezident özü də vurğulamışdır. Biz nə etməli idik? Dünya birliyini ciddi qəbul etməyən, BMT və bütün beynəlxalq təşkilatlatın qərarlarına hörmət etməyən Ermənistanın mülki əhalimizi hədəf almağına gözmü yummalı idik? Əlbəttə, Azərbaycan qüdrətli dövlət kimi vətəndaşlarına qarşı öz öhdəliklərini bu əks-həmlə əməliyyatı ilə həyata keçirir.

Dağlıq Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdırlar. Biz bu əks-həmlə əməliyyatları ilə əslində onların da canlarını bu xunta rejimindən və eyni zamanda regionumuzu, dünyamızı iki yüz ildən artıq davam edən xəstə erməni nağıllarından, miflərindən və yalanlarından xilas edirik. Bax, budur bizim etdiklərimiz.

Bu məsələnin bir çox tarixi məqamları vardır. Lakin ən bariz sübut Qarabağ müstəqil xanlığı ilə Rusiya imperiyası arasında ilhaq haqqında müqaviləyə baxmaq kifayət edir ki, həqiqəti görək. 1805-ci ildə imazalanan “ Kürəkçay” müqaviləsində ermənilərin adları belə çəkilmir. Çünki onlar 1828-ci ildə “Gülüstan” müqaviləsindən sonra İran və 1905-ci ildən sonra Osmanlı ərazilərindən Azərbaycana köçürülüblər. Hətta daha sonra Paşinyanın ingilis dilində adını belə doğru ifadə edə bilmədiyi “Qafqaz bürosu” da Qarabağın Azərbaycan ərazisində qalmasını təsdiq edib. Bir daha diqqətinizi bu məqama çəkmək istəyirəm. Verilməsini, birləşdirilməsini yox, məhz qalmasını! Budur tarixi həqiqətlər.

Cənab Prezident baş verən hadisələri dünya ictimaiyyətinə olduğu kimi çatdırır. Döyüş meydanında əks-həmlə əməliyyatları ilə yanaşı Azərbaycan xalqı informasiya mübarizəsində, dövlət başçımız isə diplomatik sferada əzmlə çalışır. Yəqin bu sahədə və əlbəttə, döyüş meydanında əldə olunan uğurların məntiqli nəticəsidir ki, döyüş əməliyyatlarının ilkin fazasında bəzi dövlətlərin qeyri-adekvat bəyanatları artıq yoxdur. Bəzi dövlətlər isə Azərbaycanın haqq işinə ya neytral qalır, ya da özləri sülh planı hazırlayırlar.

Belə bir məqamda bir sual meydana çıxır. Doğurdanmı Azərbaycanın haqq səsini duymaq və məsələyə ədalət prizmasından baxmaq üçün qan tökülməli idimi? Məsələn, Birinci Qarabağ savaşı vaxtı işğalçıları çörək və yanacaqla təmin edənlər, din birliyini unudub Şuşada, Zəngilanda məscidlərdə donuz saxlanmasına göz yumanlar indi sülh paketi hazırlayır. Əlbəttə, təqdirəlayiq haldır. Lakin biraz gecikilmişdir. Azərbaycan ordusu artıq öz torpaqlarını özü azad edir. Hər bir müsəlman ölkəsi, özü də İslam dəyərlərini dövlətçiliyinin əsası hesab edən müsəlman ölkələri Ermənistana dəstək verərkən mütləq dərindən düşünməlidirlər və müqəddəs kitabımızın qoyduğu qaydaları unutmamalıdırlar.

Əlbəttə, sülh və atəşkəslə bağlı mövqeyimiz qətidir. Torpaqlarımızı tərk etməklə bağlı dəqiq qrafik olmalıdır. Artıq dörd rayon və bir də Xocavənd rayonun böyük əksəriyyəti işğaldan azad edilib. Deməli, danışıqların formatı və iştirakçıları dəyişməli, otuz il daha hansısa nümayəndə heyətlərinin müxtəlif ölkələrdə, müxtəlif şəraitlərdə görüşməsinə yol verilməməlidir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrin nümayəndələrinin hər zaman dedikləri bir fikir var idi ki, problemi tərəflər özləri həll etməlidirlər. Bugün Azərbaycan və Ermənistan döyüş meydanında problemi həll edir və biz qalib gəlirik.

Bütün dünya birliyi, o cümlədən Avropanın nüfuzlu təşkilat və qurumları Azərbaycanın ərazi bütövlüyünü tanıyır və qəbul edir. Hətta bugün Ermənistana açıq və gizli dəstək verənlər də. Düzdür, artıq bir çoxları başa düşüblər ki, onlar artıq imperiya deyil, Azərbaycan da onların müstəmləkəsi. Azərbaycanla yalnız diplomatik və hüququn bərabər əsaslarında danışmaq olar. Əsas məsələlərdən biri də odur ki, münaqişənin həllində vasitəçi kimi iştirak etmək istəyən dövlətlər mütləq neytrallığı qorumalıdırlar.

Cənab Prezident xalqa sonuncu dəfə müraciətində açıq şəkildə səsləndirmişdir ki, dünya beşdən böyükdür. BMT Təhlükəsizlik Şurasının daimi veto hüququna malik dövlətləri 30 ilə yaxındır çıxardıqları qətnamələrə əməl etməməklə yanaşı cəhd edirlər ki, BMT-də ölkəmizə qarşı qətnamələr qəbul etdirsinlər. Yaxşı ki, Azərbaycan uzun illər boyu dünyanın hər yerindən olan dövlət və xalqlarla gözəl münasibətlər qurmuş, bir çox beynəlxalq təşkilat və quruma zaman-zaman rəhbərlik etmiş və ümumdünya problemlərinə töhfələr vermişdir. Son nəticədə istər Qoşulmama hərəkatının üzvləri, istərsə də ölkəmizin digər dostları bizə dəstəklərini açıq ifadə etdilər.

Bütün təyziqlərə rəğmən uğurlu sülhə məcburetmə əməliyyatları davam edir və çox ciddi uğurlar əldə olunur. Qarşımızda torpaqlarımızın işğaldan tam azad olunması kimi vahid bir hədəf dayanır ki, buna da mükəmməl şəkildə əməl edirik. Bu yoldan bizi döndərə bilməzlər. Dəfələrlə cənab Prezident onun iradəsinə heç kimin təsir edə bilməyəcəyini açıq ifadə etmişdir. Xalq bütün mübarizələrdə olduğu kimi bu haqlı davasında da öz rəhbərini dəstəkləyir.

Əlbəttə, regionda nüfuz sahibi olan subyektlərin məsələyə təsiri başa düşüləndir. Bu təsir müsbət mənada sülhyaratma işinə kömək etməli, tərəfləri düzgün istiqamətləndirməli, mülki əhalinin vurulmaması üçün tədbirlər görməlidir. Əks halda cənab Prezidentin də vurğuladığı kimi bu bizim mübarizəmizdir, döyüşlər Ermənistanla Azərbaycan arasında və Azərbaycan ərazisində baş verir. Digər dövlətlərin müharibənin nəticələrini dəyişməklə bağlı hər hansı bir addım və yaxud cəhdi qəbul olunmazdır. Təəssüf ki, hələ də bəzi qüvvələr bu müdaxilələri mümkün sayır. Hümanitar yardım adı altında hərbi texnikanın göndərilməsi ən yumşaq ifadə ilə riyakarlıqdır. Ermənistan və havadarları necə ki, mülki obyektləri və mülki insanları vurur, onlar eyni zamanda mülki aviasiyadan da legitim olmayan məqsədlər üçün istifadə edirlər. Bilirsinizmi, kimin kimi dəstəkləməsi onun şəxsi mənafeyi əsasında formalaşan bir amildir. Lakin bu dəstək beynəlxalq hüquq normalarını aşmamalı, siyasi və mənəvi dəstəkdən ibarət olmalıdır.

Bugün biz dövlət olaraq sülh istəyirik. Xalqımız müharibə tərəfdarı deyil. Lakin 30 ilə yaxın bir zamandır biz torpaqlarımızın işğal faktı ilə qarşı-qarşıyayıq. Belə olan təqdirdə Azərbaycan xalqının döyüş əməliyyatlarından başqa bir yolu qalmır. Azərbaycan öz haqq işini həyata keçirmək üçün müqəddəs bir mübarizəyə atılıb. Əminəm ki, son nəticədə qələbə bizim olacaqdır.

 

YAP Suraxanı rayon təşkilatının sədri