YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar İskəndərov: Muzdlulardan və terrorçulardan istifadə edən məhz Ermənistan tərəfidir

“İşğalçılıq siyasətindən əl çəkməyən Ermənistan ötən müddət ərzində mövcud status-kvonu saxlamaq üçün müxtəlif yollara baş vurub və Azərbaycana qarşı müxtəlif təxribatlar törədib. Düşmən ölkənin sentyabrın 27-dən həyata keçirdiyi növbəti genişmiqyaslı hərbi təxribat isə onu acı məğlubiyyətlə üz-üzə qoyub. Azərbaycan Ordusunun bu təxribatlara cavab olaraq bağladığı əks-hücum əməliyyatları nəticəsində bu günədək 4 şəhər və 200-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edilib”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

V.İskəndərov bildirib ki, cəbhədə canlı qüvvə və hərbi texnika sarıdan ölümcül zərbə alan Ermənistanın hakim dairələri öz məğlubiyyətlərini pərdələmək üçün ölkəmizə qarşı şər-böhtan kampaniyası aparır. Təəssüflər olsun ki, bəzi xarici ölkələrin rəhbərləri də ermənilərin bu yalan kampaniyasını dəstəkləyən fikirlər səsləndiriblər. Belə ki, ermənilər Azərbaycan tərəfdən guya muzdluların döyüşdüyünə dair əsassız, yalan məlumatlar yayırlar. Halbuki, muzdlulardan və terrorçulardan istifadə edən məhz Ermənistan tərəfidir.

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsindən söz açan Vüqar İskəndərov dövlətimizin başçısının toxunduğunu məqamlardan danışaraq deyib: “Bu məlumatların heç bir əsasının olmadığı deyən dövlətimizin başçısı onu da bildirib ki, bizim buna heç bir ehtiyacımız yoxdur. Müsahibəsində “Mən dəfələrlə demişəm ki, bizim 100 min döyüşçüsü olan ordumuz var, nizami ordu. Tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox adam səfərbər edə bilərik. Bizim müasir silahlarımız var. Mükəmməl texnologiyamız var və bizim çox yüksək döyüş ruhumuz var. Ona görə də, buna ehtiyac yoxdur” deyən Prezident İlham Əliyev, eyni zamanda, vurğulayıb ki, bizdə əcnəbilərin Ermənistan tərəfindən döyüşdüyünə dair kifayət qədər dəlillər var”. Dövlətimizin başçısı, həmçinin diqqətə çatdırdı ki, Azərbaycan ermənilərin “məğlubedilməz ordusu”nun əfsanə, mif olduğunu sübut etdi və bunu qəbul etməyin onlar üçün çox ağrılı olduğunu bildirdi.

Deputat diqqətə çatdırıb ki, dövlətimizin başçısı da qeyd etdiyi kimi, Ermənistan tərəfdə vuruşan muzdluların erməni əsilli olduqlarının heç bir fərqi yoxdur. Çünki əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, o, muzdludur. Bundan əlavə, onların hamısı erməni deyildir və sıralarında PKK-çılar da vardır. Hətta Yaxın Şərqdən bəzi terrorçular qondarma “Dağlıq Qarabağ ordusu”na qoşulublar. Prezidentin də bəyan etdiyi kimi terrorçu PKK da işğalçı ölkə tərəfindən döyüşlərə cəlb olunub. Bu isə Ermənistan rəhbərliyinin dünyadakı terror təşkilatları ilə əlaqəsinin olduğunu bir daha təsdiq edir.

Millət vəkilinin sözlərinə görə, bütün bunlardan sonra işğalçı ölkəni gecə-gündüz dəstəkləyən bəzi Avropa ölkələri, o cümlədən Fransa Prezidenti Makron yaxşı-yaxşı düşünməlidirlər. “Onlar nəhayət anlamalıdırlar ki, işğalçı Ermənistana verdikləri kor-koranə dəstək nəinki regionun, ümumilikdə gələcəkdə dünyanın təhlükəsizliyinə təhdid yaradacaq. Çünki Ermənistan təkcə işğalçı siyasət yürütmür, həm də dünyada öz qanlı əməlləri ilə ad çıxaran PKK kimi terror təşkilatlarının üzvlərinə “qucaq açır”.