YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində ərazilərimiz işğaldan azad olunur, xalqımıza məxsus milli sərvətlərimiz özümüzə qaytarılır

“Azərbaycan ərazilərinin uzun müddət işğal altında qalması bizim təbii resurslarımızın, o cümlədən qızıl ehtiyatlarımızın Ermənistan siyasi rəhbərliyi tərəfindən istifadə edilməsinə səbəb olub. Zəngilan və Kəlbəcərdə kifayət qədər qızıl yataqları var”. Bu fikirləri  Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, Zəngilanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağında qızıl ehtiyatlarının həcmi 6,5 tondur. Bu qiymətləndirmə işğaldan əvvəl, yəni keçmiş SSRİ dövründə aparılıb. Müasir texnologiya ilə həmin yataqlardan daha çox qızıl hasil edilməsi mümkündür. Lakin ötən 27 il ərzində torpaqlarımızın işğal altında olması yataqların işğalçı ölkə tərəfindən istismar olunmasına, eləcə də erməni əsilli iş adamları tərəfindən bu təbii sərvətlərin mənimsənilməsinə gətirib çıxarıb. Qızıl yataqlarımız Azərbaycanın razılığı və iştirakı olmadan Ermənistan vasitəsilə digər ölkələr tərəfindən qeyri-qanuni istifadə edilib. Bu da təbii ki, beynəlxalq hüququn prinsiplərinə ziddir. Bu baxımdan Azərbaycan beynəlxalq hüququn prinsiplərinə, o cümlədən beynəlxalq konvensiyalara uyğun olaraq bu istiqamətdə öz hüquqlarını qorumaq imkanına malikdir.

Millət vəkili  qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində ərazilərimiz işğaldan azad olunur, xalqımıza məxsus milli sərvətlərimiz, o cümlədən Vejnəli qızıl yatağı onun özünə qaytarılır. Bu da imkan verəcək ki, uzun müddət işğalda olmuş və ermənilərin talan etdikləri təbii ehtiyatlar Azərbaycan tərəfindən istifadə edilsin, ölkəmiz hasil olunan qızılı və digər təbii ehtiyatları dünya bazarlarına çıxarsın. Azərbaycan güclü ölkədir. Azərbaycan növbəti mərhələdə həm öz təbii ehtiyatlarını istifadə etmək, eyni zamanda, əvvəlki dövrlərdə bu yataqlardan istifadə edən dövlətlərin, eləcə də şəxslərin, xüsusən də Ermənistanın beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq məsuliyyətinin müəyyənləşdirilməsinə çalışacaq.

“Azərbaycan Prezidentinin tapşırığına əsasən, işğal olunmuş ərazilərimizdə Ermənistanın Azərbaycan vurduğu zərərlərin kompleks qiymətləndirilməsi aparılacaq. Vətəndaşların mülkiyyəti, infrastruktur, mədəniyyət abidələri və s. ilə yanaşı, həm də Azərbaycana məxsus təbii resursların qeyri-qanuni istismarı haqqında materiallar əsasında Ermənistanın Azərbaycan vurduğu zərərlər qiymətləndiriləcək, düşmən ölkənin, onun əvvəlki və indiki rəhbərlərinin, bu prosesdə iştirak edən xarici şirkətlərin, onların rəhbərlərinin məsuliyyətə cəlb olunması ilə bağlı bütün lazımi tədbirlər görüləcək”-deyə, deputat qeyd edib.