YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Soltan Məmmədov: Prezident İlham Əliyevin düşünülmüş strategiyası Azərbaycanın qələbəsini təmin edən əsas amildir

“Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxındır işğal altında qalmış ərazilərimizi qısa vaxt ərzində azad etməsi dövlətimizin hərbi potensialının nə qədər güclü olduğunu bir daha təsdiq edir. Hərbi əməliyyatların getdiyi bölgədə Ermənistanın işğaldan azad edilmiş əraziləri yenidən qəsb etmək təşəbbüsü göstərdiyinə dair məlumatlar bu ölkənin hələ də reallığı düzgün qiymətləndirə bilmədiyini göstərir”. Bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Soltan Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İnterfaks informasiya agentliyinə müsahibəsində Ermənistan hakimiyyətinin qeyri-adekvat, irrasional, təhlükəli addımlarının münaqişənin dinc yolla həllinə maneə yaratdığını xüsusi vurğulayıb. Azərbaycanın böyük səbir və təmkinlə nəticə gözlədiyi və 27 il davam edən danışıqlarda bu problemin həllinin baza prinsiplərinin razılaşdırılması mümkün olmuşdu. Baxmayaraq ki, bu proses çox çətin və ləng gedirdi. Lakin Azərbaycan həmişə məsələnin dinc yolla həllinə tərəfdar olub. Təəssüf ki, Nikol Paşinyan və onun komandası əldə olunmuş bütün razılaşmaların üzərindən xətt çəkərək tamamilə fərqli, çətin bir vəziyyətin yaranmasına səbəb oldu. Bütün dünya, beynəlxalq təşkilatlar müharibənin alovlanmasında məhz Ermənistanın davakar ritorikasının əsas faktor olduğunu qəbul edir. Bununla da kifayətlənməyərək sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata əl atdı.

Millət vəkili  qeyd edib ki, Ermənistanın hərbi təxribatının əsas məqsədi Azərbaycanı danışıqlarda güzəştli mövqedən çıxış etməyə məcbur etmək olub: “Görünür hesab edirdilər ki, bu cür təxribatlar nəticəsində danışıqlar prosesi tamamilə pozulacaq və Azərbaycan ictimaiyyətini qorxutmağa, baza prinsiplərindən imtina etməyə məcbur edə biləcəklər. Lakin bütün digər sahələrdə olduğu kimi, bu məsələdə də Ermənistan hakimiyyəti növbəti dəfə öz səriştəsizliyini nümayiş etdirdi. Azərbaycanın kifayət qədər sərt cavabı ilə qarşılaşdı. Çünki geosiyasi vəziyyəti, real qüvvələr balansını, müharibə üçün çox vacib olan iqtisadi, siyasi, hərbi və digər amilləri düzgün hesablaya bilməmişdilər”.

Deputat hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş, hər detalı dəqiqliklə hesablanmış strategiyası Azərbaycanın qələbəsini təmin edən əsas amildir. Bu gün xalqın dövlət başçısı ətrafında sıx birləşməsi, cəmiyyətin bütün təbəqələrinin birmənalı dəstəyi Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində işğal altında olan ərazilərin mühüm bir hissəsinin azad edilməsi ilə nəticələnib: "Cənab Prezidentin də dediyi kimi, Azərbaycan baza prinsiplərinin böyük bir hissəsini özü reallaşdırıb. Ermənistan baş verənlərdən nəticə çıxarmalı, işğal olunmuş ərazilərdən silahlı qüvvələrini çıxarmalıdır. Hərbi əməliyyatların davam etməsi bu ölkə üçün çox ağır nəticələrə səbəb olacaq, necə ki, olur”.