YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Türkiyə-Azərbaycan birliyi sözdə deyil, əməldədir

Türkdilli dövlətlər arasında əməkdaşlığın ən parlaq nümunəsi olan Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyi hər iki dövlətin xarici siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyev vurğuladığı kimi, dünyada Türkiyə ilə Azərbaycan qədər biri-birinə yaxın olan dövlət yoxdur. BMT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq edən hər iki dövlətin birgə səyi ilə yaradılan TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır. Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyət hər iki xalq arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir, qarşılıqlı olaraq bir-birinin iqtisadiyyatına yatırdıqları sərmayələrin həcmi ildən-ilə artır.

Bu sözləri  Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib: “Ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənir. Qarşılıqlı münasibətlərdə xüsusilə fərqlənən hərbi sahədəki əməkdaşlıq bütünlükdə bölgədə sabitliyin qorunmasına xidmət edir. Hər ki dövlət arasında bağlanmış müqaviləyə uyğun keçirilən hərbi təlimlər bəzi qüvvələri təşvişə salsa da, bu yaxınlıq Türkiyə-Azərbaycan qardaşlığının dünyaya yenilməzlik mesajıdır. Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində, aparılan danışıqlarda ölkəmizin mövqeyini müdafiə edən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın, bu ölkənin dövlət və hökumət rəsmilərinin Azərbaycanla bağlı bəyanatları, xalqımızla həmrəyliyi, milli-mənəvi dəstəyi əvəzolunmaz qardaş yardımıdır. Müharibə başlanan gündən Azərbaycanın yanında olduğunu qəti və kəskin bəyanatlarla bildirən, dünyanın nüfuzlu dövlət başçısı və siyasətçisi kimi hadisələrin beynəlxalq hüquq normaları əsasında həllini tələb edən Prezident Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının rəhbərliyinə və xüsusi dövlət rəsmilərinə göstəriş verərək Azərbaycanı tək qoymamağı, mütəmadi onların ölkəmizə səfərlər etmələrini tapşırıb. Torpaqlarımızın işğaldan azad olunması üçün aparılan hərbi əməliyyatların 33 günü ərzində 3 dəfə Bakıda olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun bu sözləri deməsi bizdə qürur hissi oyadır. O cümlədən Türkiyənin media nümayəndələri də gecə-gündüz döyüş meydanlarında öz həyatlarını risk altına ataraq Ermənistanın təcavüzkar siyasətinin görüntülərini dünya nümayiş etdirirlər”.

Türkiyə Respublikasının sabiq Baş naziri və Məclis Sədri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərinə toxunan Ə.Əmiraslanov deyib: “Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, dostum Şamil Ayrımın da tərkibində olduğu nümayəndə heyəti ilə dünən YAP sədrinin müavini Əli Əhmədovun rəhbərliyi ilə görüşdük. Bu səfərlər Azərbaycan-Türkiyə qardaşlığının bariz ifadəsidirsə, digər tərəfdən Türkiyənin sentyabrın 27-dən indiyədək ölkəmizə ifadə etdiyi dəstəyin əyani göstəricisidir”.