YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistana xaricdən muzdluların axını davam edir, bəs bu ölkələrin hökumətləri hara baxır?

“Kommersant” qəzetində maraqlı bir material – hazırda qanunsuz olaraq Qarabağ münaqişəsi zonasına gəlmiş Vahan adlı erməni yaraqlısı ilə müsahibə dərc edilib. Rusiya vətəndaşı olan Vahan əlinə silah alıb başqa ölkənin ərazisində qanunsuz hərəkətlərlə məşğuldur. Lakin bu fakt “Kommersant” qəzetinin həmin yaraqlı ilə söhbət etməsinə, onun “filosofluq” etməsinə, qəzetin oxucu auditoriyasını çaşdıra biləcək yalanlar yaymasına imkan verməyə mane olmayıb.

Hələ birinci Qarabağ müharibəsi dövründə qanunsuz dəstələrin heyətində vuruşmuş Vahan öz biznesini və ailəsini Rusiyada qoyub yenidən Qarabağa, burada atəş açaraq özünün qana hərisliyini təmin etməyə gəlib. Birinci Qarabağ müharibəsi dövründə onun kimi “könüllülərin” nə ilə məşğul olmaları yaxşı məlumdur. Onların əlləri Ermənistan ordusunun şəxsi heyətinin əllərindən daha artıq dərəcədə günahsız insan qanına bulaşıb. Yeri gəlmişkən, Vahan birinci Qarabağ müharibəsi zamanı özünün “igidlikləri” barədə danışarkən jurnalistdən diktofonu söndürməsini xahiş edib. Bu da tamamilə məntiqəuyğundur: insanlıq əleyhinə törətdiyi cinayətləri etiraf etməsini sənədləşdirmək nəyə lazımdır?

Vahanın jurnalistə söylədiklərindən belə məlum olur ki, o, Qarabağda bu dəfə də eyni əməllərlə məşğul olmağa hazırlaşır. Doğrudur, indi orada qətlə yetirilə biləcək dinc azərbaycanlı əhali yoxdur, amma əvəzində bu banditin “türkiyəli xüsusi təyinatlılar” adlandırdığı Azərbaycan əsgərləri var. Ən maraqlısı budur ki, Vahan özünün cəzasız qalacağına tamamilə əmindir. Əslində, onun bu cür arxayınlığına əsas var – 1990-cı illərin əvvəlində Azərbaycan ərazisində cinayətlər törətmiş yüzlərlə Rusiya vətəndaşı olan ermənilər cəzasız qalıb. Ona görə Vahan da ümid edir ki, bu dəfə də belə olacaq.

Jurnalistin “Vahan, əgər siz müharibədən sonra Rusiyaya qayıtmağa hazırlaşırsınızsa, qorxmursunuzmu ki, orada müəyyən problemlərlə üzləşərsiniz? Məsələn, bizim Cinayət Məcəlləsində “Muzdluluq” adlı xüsusi maddə var” sualına Vahan belə cavab verib: “Muzdluluq müharibədə iştiraka görə pul vəsaiti alınmasını nəzərdə tutur. Mən isə heç bir pul almıram, əksinə, öz pullarımı sərf edirəm. Ona görə də mənim əməllərim həmin maddəyə uyğun gəlmir”.

Amma burada erməni yaraqlı ciddi səhvə yol verir. RF Cinayət Məcəlləsinin 208-ci maddəsində Rusiya vətəndaşlarının başqa ölkənin ərazisində qanunsuz silahlı dəstələrdə iştirakı barədə ayrıca bənd var. Bu maddənin həmin bəndində deyilir: “Federal qanunla nəzərdə tutulmamış silahlı dəstədə iştirak etmək, habelə xarici dövlətin ərazisində həmin dövlətin qanunvericiliyində nəzərdə tutulmamış silahlı dəstədə Rusiya Federasiyasının mənafelərinə zidd olan məqsədlərlə iştirak etmək – bir ildən iki ilə qədər azadlığı məhdudlaşdırılmaqla səkkiz ildən on beş ilə qədər azadlıqdan məhrum edilmə ilə cəzalandırılır”.

Vahan və Azərbaycan ərazisində banditliklə məşğul olan erməni millətindən olan digər rusiyalılarla bağlı halda muzdlular haqqında maddəyə ehtiyac yoxdur. Hətta bu şəxslər əllərinə avtomat alıb xalis ideya mülahizələrinə əsasən və tamamilə pulsuz olaraq Qarabağ dağlarında qaçırlarsa, onlar cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Elə həmin Rusiyada İŞİD-in tərəfində vuruşmaq üçün Yaxın Şərqə getmiş vətəndaşlara qarşı neçə cinayət işi qaldırıldığını yada salaq. Onların əksəriyyəti də bu hərəkətləri ideya mülahizələrinə əsasən edirdilər, bununla belə onlar qanundankənar elan edildilər. Öz ölkəsinin qanunvericiliyinə zidd olaraq Vahanın dediyi kimi Qarabağda partizanlıq etməyə, yəni suveren Azərbaycan dövlətinin qanuni ordu bölmələrinə qarşı qanunsuz silahlı hərəkətlər törətməyə gedən ermənilər onlardan yaxşıdırlarmı? Erməni yaraqlılar İŞİD terrorçularından heç nə ilə fərqlənmir, erməni tərəfi Qarabağda eynilə bu cür terror müharibəsi aparır, bütün region üçün təhlükə törədir.

Hərçənd, RF Cinayət Məcəlləsinin müvafiq maddəsində belə vahanlar və vartapedlər üçün onların əməllərinin Rusiya Federasiyasının mənafelərinə zidd olması barədə kiçik bir məqam nəzərdə tutulub. Erməni yaraqlılar qana hərisliyini təmin edəndən sonra Rusiyaya, öz biznes fəaliyyətinə qayıdanda həmin məqam onlar üçün indulgensiya ola bilər. Bu halda belə bir sual yaranacaq: Rusiya tərəfi erməni millətindən olan öz vətəndaşlarının Azərbaycana qarşı əməllərini Rusiyanın milli mənafelərinə müvafiq hesab edəcəkmi? Nədənsə düşünürük ki, belə olmayacaq. İndi 1990-cı illər deyil, bu gün tamamilə fərqli geosiyasi mənzərə, Azərbaycan ilə Rusiya arasında tamamilə başqa münasibətlər yaranıb, Ermənistan isə artıq hesabdan silinib. Ona görə də çox güman ki, cinayət məcəlləsinin sözügedən maddəsində bu həssas məqama baxmayaraq indiki müharibədən sonra Vahan özünün aqrobiznes fəaliyyətini davam etdirə bilməyəcək. Ümumiyyətlə, onun harasa qayıda bilməsi müəmmalı məsələdir.

Bu gün Qarabağda qanunsuz silahlı qruplaşmaların tərkibində döyüşən erməni muzdlular təkcə Rusiyadan gəlmir. Yüzlərlə yaraqlı Yaxın Şərqdən gəlib, qan tökmək həvəsi ilə okeanın o tayından uçub gələnlər də, “düşüncə qardaşları”, yəni Fransa vətəndaşları olan ermənilər də var.

Bu günlərdə “France24” telekanalında Qarabağda vuruşan fransalı erməni muzdlular barədə bir süjet göstərdilər. Həmin videoda Sipan Muradyan və Sipan Koroğlyan özlərinin “igidlikləri” barədə danışırlar. Məsələn, Val-de-Marn departamentindən olan Muradyan rusiyalı Vahandan fərqli olaraq gizlənmir. Hazırda bu muzdlu Fransa, ABŞ və Fələstindən olan 15 “xidmət yoldaşı” ilə birlikdə Laçın dəhlizi zonasındadır. Muradyan deyir ki, onlar özləri döyüşmür, amma hərbi əməliyyatlarda Ermənistan silahlı qüvvələrinə hər vasitə ilə kömək edirlər.

Maraqlıdır ki, həmin video “YouTube” kanalında az müddətdən sonra silinib. Axı bu, həm Fransanın, həm də Ermənistanın əleyhinə kompromatdır. Yerevan onun ərazisində əcnəbi muzdluların (və ya könüllülərin – necə adlansalar da mahiyyəti birdir) olmadığını bəyan etdiyi bir vaxtda Fransa televiziyasında Fransadan olan yaraqlılar başqa ölkədə gedən müharibədə özlərinin “igidliklərindən” dəm vururlar. Haqlı olaraq sual yaranır: axı Fransa vətəndaşları Azərbaycanın ərazisində - Fransada yox, fransızların sevdikləri Ermənistanda yox, tamam başqa bir ölkədə gedən hərbi əməliyyatlar zonasında nə edirlər?

Cenevrə konvensiyalarına Fransanın da imzaladığı 8 iyun 1977-ci il tarixli 1-ci Əlavə Protokola müvafiq olaraq:

1) Muzdlu kombatant və ya hərbi əsir statusu almaq hüququna malik deyil;

2) Muzdlu o şəxsdir ki:

a) silahlı münaqişədə vuruşmaq məqsədilə xüsusi olaraq cəlb edilmişdir;

b) hərbi əməliyyatlarda faktik olaraq bilavasitə iştirak edir;

c) əsasən, şəxsi qazanc əldə etmək arzusu ilə hərbi əməliyyatlarda bilavasitə iştirak edir;

ç) nə münaqişədə olan tərəfin vətəndaşı, nə də münaqişədə olan tərəfin öz nəzarəti altında saxladığı ərazidə daim yaşayan şəxs deyildir;

d) münaqişənin tərəfi olmayan dövlət tərəfindən, onun silahlı qüvvələrinin tərkibinə daxil olan şəxs kimi rəsmi vəzifələr yerinə yetirmək üçün göndərilməmişdir.

Sonda qeyd edək ki, Ermənistan, muzdlu ermənilər və “könüllülər” tərəfindən bu müharibədə törədilmiş çoxsaylı cinayətlər, beynəlxalq hüququn və Azərbaycan milli qanunvericiliyinin pozuntuları erməni tərəfi üçün cavabsız qalmayacaq. Azərbaycan torpaqlarında cinayətlər törədəndən sonra öz ölkələrinə qayıdaraq birinci Qarabağ müharibəsindən sonra olduğu kimi rahat yaşamağa ümid edən əcnəbi vətəndaşlar arxayınlaşmasınlar. Bu dəfə, necə deyərlər, hər kəs törətdiyi cinayətlərə görə cavab verməli olacaq. Hər halda Azərbaycan tərəfi bizə dost və tərəfdaş olan, amma vətəndaşları bu gün Azərbaycanın qanuni silahlı qüvvələrinə qarşı qanunsuz qruplaşmaların tərkibində döyüşən ölkələrin bizi düzgün anlayacağına inanır.

Bir daha vurğulayaq, erməni terrorçular elə həmin Rusiyada və Fransada o qədər də nazı ilə oynanılmayan bütün başqa terrorçulardan heç nə ilə fərqlənmirlər. Buna görə də Qarabağ müharibəsində qeyri-qanuni şəkildə iştirak edən, həmin ölkələrin istənilən millətdən olan vətəndaşlarının “dəcəlliklərinə” sərt münasibət göstərməlidir. Ona görə ki, bu şəxslər münaqişə zonasında görünməklə, ilk növbədə, öz ölkələrini və onların Azərbaycanla münasibətlərini zərbə altına qoyurlar, indi burada bütün nüanslar və tendensiyalar çox diqqətlə izlənilir.

Bu səbəbdən “Kommersant” nəşrinin müsahibinin Qarabağ uğrunda müharibədə iştirakının Rusiyanın mənafelərinə uyğun olması məsələsini cəsarətlə gündəlikdən çıxarmaq olar.