YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Prezident İlham Əliyev bu dəfə dünyaya milli qürur dərsi keçdi

“Azərbaycan Ordusu dövlətimizin qətiyyəti, xalqın iradəsi sayəsində döyüş meydanında qələbə yürüşünü uğurla davam etdirir, 30 ilə yaxın müddətdə dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların icrasına laqey d yanaşdıqları  BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini təmin edir. Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına Azərbaycan Ordusunun qətiyyətli cavabı, əks-hücum əməliyyatları həyata  keçirərək  işğal altında olan torpaqlarımızı azad etməsi dünya dövlətlərinin, beynəlxalq təşkilatların diqqətini çəkməklə yanaşı, bir sıra sual doğuran, daha dəqiq desək, maraqlarına uyğun məsələlərə aydınlıq gətirilməsi istəklərini ortaya qoymalarına səbəb olur. Bu istəklərin həmin dövlətləri təmsil edən televiziya kanallarının, digər mətbu orqanların təmsilçilərinin qərəzli məlumatlarla “silahlandırılaraq” dövlətimizin başçısı İlham Əliyevlə müsahibələrdə öz maraqlarını suallarında ifadə etmələri  diqqətdən kənarda qalmır. Əsas olan  bu suallar deyil, cənab İlham Əliyevin onları əsl diplomatik məharətlə  səbir və təmkinlə cavablandırması, dünyaya bir daha tarix və hüquq dərsi keçməsidir. Ölkə Prezidenti  hər bir müsahibəsində bu məqamı xüsusi qeyd edir ki, beynəlxalq münasibətlərdə hüquq problemi yaşanır, ən əsası  işğalçı dövlətin bu günə qədər BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymaması cavabsız qalıb, təcavüzkara qarşı  heç bir sanksiya tətbiq olunmayıb. Dövlətimizin başçısının hər bir müsahibəsi Azərbaycanın siyasi müstəvidə üstünlüyünün bir daha işğalçı Ermənistana və onun havadarlarına çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə diqqəti dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə Almaniyanın ARD televiziya kanalına müsahibəsinə yönəldərək bildirib ki, ölkə Prezidenti bu dəfə dünyaya milli qürur dərsi keçdi: “Jurnalistin tarixdən xəbərsizliyi fonunda ünvanladığı qərəzli, Ermənistana dəstək ruhunda sualına  cavabında  dövlətimizin başçısı bildirdi ki, Dağlıq Qarabağın Azərbaycan üçün önəmi resurslarına görə deyil, əzəli torpağı olaraq milli qürur, ədalət,  beynəlxalq hüquq məsələsidir. Cənab İlham Əliyevin dünya informasiya məkanında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ardıcıl şəkildə dünyanın aparıcı KİV-ləri vasitəsilə beynəlxalq  ictimaiyyətə münaqişə haqqında həqiqətləri çatdırması heç vaxt unudulmayacaq  bir dərs, ən əsası bu günədək Ermənistana havadarlıq edən dövlətlərə ədalətsiz yanaşmalarının hansı dezinformasiyalara yol açdığının  heç olmasa fərqində olmalarına bir çağırışdır. Təbii ki, bugünkü Azərbaycanı  1992-ci illərin Azərbaycanı ilə müqayisə etmək qeyri-mümkündür. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusunun zəifliyi, torpaqlarımızın deyil, ayrı-ayrı siyasi qrupların maraqlarının müdafiəsinə xidmət etməsi bir çox uğursuzluqlara yol açmışdı. Ən əsası Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə meydan verirdi. Amma bu gün istər Ermənistan, istərsə də ona havadarlıq edən dövlətlər və beynəlxalq təşkilatlar belə bir mənzərənin yenidən yaşanmasının qeyri-mümkünlüyünün şahididirlər. Artıq indi dünya ictimaiyyəti bugünədək həyata keçirilən   qərəzli təbliğata  görə Azərbaycanın Dağlıq Qarabağ uğrunda  onun malik olduğu potensiala görə deyil,  beynəlxalq hüquq çərçivəsində  ərazisi olduğu üçün mübarizə apardığını dərk etmək məcburiyyətindədir. Eyni zamanda, cənab İlham Əliyevin bəyan etdiyi kimi, bu, qürur məsələsidir.”

 “Bu gün Prezident İlham Əliyev Ali Baş Komandan kimi həm hərb meydanında öz sözünü deyir, həm də müdrik və qətiyyətli  siyasi lider kimi informasiya meydanında ölkəmizin mövqeyini  müdafiə edir, haqq səsimizi bütün dünyaya çatdırır” söyləyən V.Rəhimzadə bildirib ki, Almaniya auditoriyasına bir daha Azərbaycanın ədalətli  mövqeyini, atılan addımların məntiqini tam aydın şəkildə çatdıran, hər bir sualın arxasında hansı qərəzin,  marağın dayandığını çox yaxşı  dəyərləndirən cənab İlham Əliyev  Azərbaycanın yalnız ədalətin bərpası istiqamətində mübarizə apardığını   əsaslı şəkildə bəyan etdi: “Baxmayaraq ki, almaniyalı jurnalistin  “Sentyabrın 27-də müharibə başladı. Sizin, “kim birinci atəş açdı” sualına cavabınız nədir?” şəklindəki ilk sualında onun qərəzli mövqeyi özünün aydın ifadəsini tapmışdı.  Düşünürük ki, son bir ayda  Azərbaycan-Ermənistan cəbhə xəttində yaşananlarla dərindən maraqlanan, ən əsası ədalətli mövqe ortaya qoymağa çalışan hər kəs kimliyindən, hansı dövləti təmsil etməsindən asılı olmayaraq tarixi bilməsə də,  baş verənlərdə kimin haqlı, kimin haqsız olduğunu, ən əsası hərbi təxribatın  kim tərəfindən törədildiyini  dərk etmək  və düzgün qiymətləndirmək imkanında olar.  Dövlətimizin başçısı İlham Əliyevin son bir ayda müsahibələrinin hər birində bu suala dolğun cavab öz əksini tapıb. Eyni sualların qərəzli formada  təkrar-təkrar səsləndirilməsi, eyni məqsədə xidmət edən yanaşmalar həmin mətbu orqanların təmsilçilərinə  “adi” görünsə də, artıq qarşı tərəf bunların fərqində olmamış deyil.  Amma cənab İlham Əliyev  səlis şəkildə, təkrar-təkrar təmkinlə  bu sualları cavablandırır, Azərbaycan həqiqətlərini bir daha dünya ictimaiyyətinə çatdırır. Dövlətimizin başçısının müsahibələrlə, həmçinin  səsləndirilən suallarla bağlı fikirlərini bir daha xatırlamaq istərdik: “Azərbaycan xalqı görür ki, mən bütün suallara necə lazımdır cavab verirəm. Onların səviyyəsinə də düşmürəm heç vaxt, necə lazımdır cavab verirəm və susurlar. Çünki cavab verə bilmirlər, deyirəm get güzgüyə bax. Sən bura gəlmisən bizi ittiham etməyə. Sual vermir, elə bil prokurordur, ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür. Mən onlarla mülayim tərzdə danışıram, bundan istifadə edirlər.»

Baş redaktor belə bir ümumiləşdirməni diqqətə çatdırıb ki, “Amnesty International” və  “Human Rights Watch” kimi beynəlxalq hüquq təşkilatlarının da mövqelərində dəyişiklik nəzərə çarpması Azərbaycanın apardığı əsaslı, real həqiqətlərə əsaslanan təbliğatının nəticəsidir:  «Adı çəkilən təşkilatlar Ermənistanın Azərbaycanın Bərdə şəhərini kaset bombalarından atəşə tutduğunu təsdiq etdilər. Halbuki, almaniyalı jurnalist möhtərəm Prezidentimizlə  müsahibəsində guya  bu  təşkilatların Azərbaycanın hüquq çərçivəsində qadağan edilmiş silahlardan  istifadə etməsi  ilə bağlı məlumatlarının olduğu iddia edilirdi. Artıq geniş şərhə ehtiyac duymuruq.  Göründüyü kimi, təsəvvür reallıq kimi qəbul olunmaq dəyərində deyil. Təbliğat o zaman güclü, uzunömürlü, ictimai fikrə təsir imkanında olur ki, tarixi faktlara, həqiqətlərə əsaslansın. Azərbaycan Ordusu qələbə əzmi ilə bir daha Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu Ermənistana,  ona havadarlıq edən dövlətlərə və beynəlxalq təşkilatlara  sübut edir.»