YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Ermənistanın hərbi-siyasi rəhbərliyinin insanlıq əleyhinə cinayəti

Elman Nəsirov

Milli Məclisinin deputatı

Bu, bir həqiqətdir ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində 28 il ərzində aparılan danışıqlar  heç bir nəticə verməmişdir. Bundan savayı, BMT TŞ-nın münaqişə ilə bağlı 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə erməni silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz olaraq çıxarılması ilə bağlı tələblər əks olunsa da, Ermənistan  bu tələblərə məhəl qoymamışdır. Halbuki BMT Nizamnaməsinin V Fəsil 25-ci maddəsinə görə, BMT TŞ-nın qəbul etdiyi qətnamələrin icrası icbaridir, məcburidir. Diğər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT Parlament Assambleyası, AŞPA, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, NATO Parlament Assambleyası da anoloji qərarlar qəbul etmişdir. Azərbaycan ilə Avropa İtifaqı arasında 2018-ci ildə imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədində  Avropa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı məsələsi bir daha öz təsdiqini tapmışdır.

Cəzasızlıq rejimindən şirniklənən Ermənistanın yeni siyasi-hərbi rəhbərliyi  “yeni ərazilər uğrunda yeni müharibə” tezisini ortaya atmış,  yeni “hərbi doktrina” və  “milli təhlükəsizlik strategiyası” qəbul edərək militarist iddialar irəli sürmüş, “Qarabağ Ermənistandər. Nöqtə” ifadəsi işlətməklə və bunun ardınca danışıqları yalnız iki tərəf-Azərbaycan və qondarma “Dağlıq Qarabağ hökuməti” aparmalıdır mövqeyini bəyan etməklə faktiki olaraq danışıqlar prosesini baykot etmişdir. Bunun ardınca Ermənistan silahlı qüvvələri 12-16 iyul tarixlərində Azərbaycanla sərhəddin Tovuz istiqamətində hərbi təxribat, avqustun 23-də isə hərbi-diversiya aktı törətmiş və nəhayət sentyabrın 27-də ağır artileriya hazırlığından sonra yeni ərazilər işğal etmək məqsədilə bütün cəbhə boyu hərbi əməliyyatlara başlamışlar. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın Silahlı Qüvvələri əks hücuma keçərək  ərazi bütövlüyümüzün təmin olunması istiqamətində müqəddəs missiyasını şərəflə yerinə yetirir. Azərbaycan ordusunun legitim hədəfinə yalnız düşmənin canlı hərbi qüvvə, hərbi obyekt və hərbi infrastrukturları daxildir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son müsahibələrində dəfələrlə bəyan etmişdir ki, “Biz nə Dağlıq Qarabağ ərazisinə, nə də Ermənistan ərazisinə ballistik raketlərlə hücum etməmişik. Mən demişdim ki, biz qisas alacağıq, lakin biz qisası döyüş meydanında alacağıq.” Ermənistan silahlı qüvvələri isə cəbhədə üzləşdiyi böyük uğursuzluğunun qisasını dinc Azərbaycan əhalisini,  yaşayış məskənlərini və  mülki infrastrukturlarını  raket zərbələrinə məruz qoymaqla çıxmağa çalışır. Bu döyüş cəbhəsində Azərbaycanı Ermənistandan fərqləndirən əsas cəhətlərdən biridir. Təkcə Azərbayacanın ikinci böyük şəhəri Gəncə 4, 11 və 17 oktyabr  tarixlərində  Ermənistan ərazisindən atılmaqla 3 dəfə taktiki-ballistik raket atəşinə tutulmuşdur. Nəticədə  çoxlu mülki əhali, o cümlədən  uşaqlar və qadınlar həlak olmuş və yaralanmışdır. Bundan savayı, Tərtər, Mingəçevir, Naftalan, Bərdə, Ağcəbədi, Göygöl, Xızı və Abşeron rayonları intensiv artileriya və ballistik raket hücumlarına məruz qalmışdır. Oktyabrın 22-də isə Ermənistanın kriminal rejiminin əmri ilə  bu ölkə ərazisindən münaqişə zonasından kifayət qədər uzaq məsafədə olan Siyəzən rayonuna 3, Qəbələ rayonuna 2 və Kürdəmir rayonuna isə 1 taktiki-ballistik raket atılmışdır. 

 22 oktyabr tarixinə olan dəqiqləşdirilmiş məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin hərbi cinayəti nəticəsində mülki əhalidən 63 nəfər həlak olmuş, onlardan 18-i qadın, 8-i  isə uşaqdır. Bu terror əməlləri nəticəsində mülki əhali arasında yaralıların sayı 293 nəfərə çatmışdır. Onlardan 69-u qadın, 32-i isə uşaqdır.  2072 yaşayış evinə, 90 çoxmərtəbəli binaya və 388 mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan ndəymişdir.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə həyata keçirilmiş hərbi cinayət hərəkətləri öz xarakteri etibarilə 1949-cu il 12 avqust tarixli Cenevrə  konvensiyasının tələblərinin kobud şəkildə pozulması, soyqırım və terror əməlləri kimi  beynəlxalq birlik tərəfindən pislənilməli, BMT TŞ-nın məlum qətnamələrinin icrası təmin edilməli, habelə BMT Nizamnaməsinin VII Fəsil 41-ci maddəsinin tələblərinə uyğun olaraq işğalçı dövlətə qarşı sanksiyalar rejimi tətbiq olunmalıdır.