YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsrail eksperti: 1990-cı il yanvarın 20-si Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə düşüb

25 il qabaq – 1990-cı il yanvarın 19-dan 20-nə keçən soyuq qış gecəsində fövqəladə vəziyyətin elan edilməməsindən qabaq Bakıya və Azərbaycanın bəzi rayonlarına sovet ordusunun hərbi hissələri yeridilib, dinc sakinlərə divan tutulub, yüzlərlə insan öldürülüb, yaralanıb, itkin düşüb.
Beynəlxalq münasibətlər üzrə israilli ekspert, Xayfa Universitetinin doktorantı Arye Qut AzərTAc-a müsahibəsində 1990-cı ilin Qara Yanvar hadisələrini şərh edərkən deyib: “Sovet ordusunun hərbçiləri adamları yerindəcə xüsusi qəddarlıqla güllələyib, minik avtomobillərinin üzərinə tanklar və BTR yeridib, xəstəxanaları gülləyə tutub, insanın əzablarını dəfələrlə artıran və ölümü qaçılmaz edən texnikadan istifadə ediblər. Yanvarın 20-də səhər açılarkən Bakının mənzərəsi dəhşətli idi: şəhərin küçə və meydanları qana bulaşmış, meyitlər eybəcər hala salınmış, evlərin divarları, avtomobillər güllədən deşik-deşk olmuş, asfalt dağıdılmışdı”.
Ekspertin qeyd etdiyi kimi, 1990-cı ilin yanvar ayında Bakıdakı qanlı faciədə SSRİ-nin silahlı qüvvələrindən öz xalqına qarşı istifadə olunması totalitar sovet rejiminin xalqa zidd və qanlı mahiyyətini göstərdi. 20 yanvar ərəfəsində partiya, dövlət orqanları tərəfindən təşkil edilən tədbirlərin, eləcə də Bakıda baş verən ziddiyyətli proseslərin təhlili göstərir ki, yanvar faciəsi SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) əvvəlcədən hazırladığı hərbi əməliyyatın nəticəsi olub. Təsadüfi deyil ki, əməliyyata DTK-nın məşhur generalı Bobkov rəhbərlik edib. Onunla birlikdə Siyasi Büronun üzvləri Yevgeni Primakov, Andrey Girenko da bütün yanvar ayını Bakıda olublar. Bu planlaşdırılmış cinayət aksiyasının törədilməsi üçün Bakıya SSRİ-nin müdafiə, daxili işlər nazirləri və digər yüksək hərbi rütbəli məmurlar gəlmişdilər. Onlar bütün çıxışlarında əmin etməyə çalışırdılar ki, Bakıya vəziyyəti aydınlaşdırmaq üçün gəliblər və qoşunların şəhərə yeridilməsinə yol verməyəcəklər. SSRİ-nin ali rəhbərliyi bilirdi ki, ölkə dağılır və onun parçalanmasının qarşısını almaq üçün təcili tədbirlər həyata keçirilməlidir. Yaxın ətrafının məsləhəti ilə M.Qorbaçov Bakıda planlaşdırılmış faşist aksiyasının törədilməsi üçün sanksiya verdi ki, yerdə qalanlara nümunə olsun.
A.Qutun fikrincə, Bakıda konstitusiyaya zidd fövqəladə vəziyyətin elan edilməsi, şəhərə silahlı qüvvələrin müdaxiləsi və hər hansı müqavimətin olmadığı şəraitdə dinc sakinlərə ağır texnika və öldürücü silahla divan tutulması, dinc əhaliyə qarşı cinayətdir. İsrailli ekspert qeyd edib: “Yanvar faciəsinin kökləri Ermənistan tərəfindən Azərbaycana qarşı iki ildən çox davam edən təcavüzə gedib çıxır. 1988-1990-cı illərdəki hadisələrin təhlili əyani surətdə göstərir ki, Ermənistan mərkəzi hakimiyyətin tam dəstəyi ilə qonşu respublikanın ərazisini özünə zorla birləşdirmək istəyirdi.
Sovet qoşunlarının 1990-cı ilin yanvarında Bakıda cəzalandırıcı aksiyası öz qəddarlığı və insan qurbanlarının sayına görə 1989-cu ilin aprelində Tbilisidə, 1991-ci ilin yanvarında Vilnüsdə baş vermiş analoji hadisələri arxada qoydu. Bu, sovet imperiyasının final konvulsiyası idi. Qardaşlıq qəbiristanlığında Azərbaycan vətənpərvərlərinin, yəhudi qızı və rus həkimi, tatar qoca və azərbaycanlı uşağın dəfn edilməsi - bütün bunlar Azərbaycanın dəhşətli və dözülməz faciəyə məruz qalmasının göstəriciləridir”.
A.Qutun fikrincə, Bakıda qanlı hadisələrə baxmayaraq, 1990-cı il yanvarın 20-si Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq səhifəsi oldu. “Bu gün müasir və müstəqil Azərbaycan nadir dünyəvi dövlətdir və islam dünyasının inkişafına əsl nümunədir. Burada Qərb praqmatizminin və Şərq ənənəsinin sıx qovuşduğu yüksək iqtisadi temp var. Azərbaycan xarici siyasət məkanında özünün müstəqil davranışı ilə sübut etdi ki, heç bir ölkə və heç bir iri beynəlxalq təşkilat ona digər dövlətlərlə və təşkilatlarla necə işləməyi və əməkdaşlıq qurmağı diktə edə bilməz. Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin danılmaz lideridir, onsuz Cənubi Qafqaz regionunda hər hansı geosiyasi və geoiqtisadi layihə həyata keçirilə bilməz”.