YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının 10-cu sessiyasında iştirak edəcək

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏTPİ) Konfransının 10-cu sessiyasında iştirak etmək üçün yanvarın 20-də Türkiyənin İstanbul şəhərinə yola düşəcək.
Bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.
Mətbuat katibi deyib ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Gövhər Baxşəliyeva, Mirkazım Kazımov, Sabir Rüstəmxanlı, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Tədbirdə İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı arasında Anlaşma və Əməkdaşlıq Memorandumu ratifikasiya olunacaq, qurumun ixtisaslaşmış komitələrinin təqdim etdikləri sənədlərin müzakirəsi keçiriləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.
Tədbirdə Milli Məclisin sədri Oqtay Əsədovun çıxışı gözlənilir.
Sessiya çərçivəsində deputatlarımız təşkilatın siyasi məsələlər və xarici əlaqələr, iqtisadi məsələlər və ətraf mühit, insan hüquqları, qadın və ailə məsələləri, mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlər arasında dialoq üzrə komitələrinin toplantılarına qatılacaqlar.
Yığıncaqlarda “XXI əsrin problemlərinə cavab: Qlobal sülh, ədalət, sabitlik və təhlükəsizlik” mövzusunda müzakirələr aparılacaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, terrorizmə qarşı mübarizə, İslam dövlətləri arasında viza məsələlərinin sadələşdirilməsi, ticarət dövriyyəsinin artırılması, İslam mədəni irsinin qorunması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovun sessiyada iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.
Səfər yanvarın 23-də başa çatacaq.