YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramidə İbrahimova: Azərbaycan xalqı olaraq torpaqlarımızın işğaldan azad olunmasını istəyirik

"Azərbaycan dövləti və xalqı olaraq  biz yalnız tarixən özümüzə məxsus olan, işğal edilmiş torpaqların geri qaytarılmasını istəyirik. Artıq 30 ilə yaxındır ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında danışıqlar aparılır. Azərbaycanın bu dövrdə danışıqlar prosesində iştirak etməsi və daim konstruktiv mövqe ortaya qoyması ölkəmizin və xalqımızın sülhə sadiqliyinin ifadəsidir. Ancaq danışıqlar prosesinin əhatə etdiyi 30 ildə ümidlər boşa çıxıb". Bu fikirləri Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının Qadınlar Şurasının sədri Ramidə İbrahimova deyib.

Ramidə İbrahimova bildirib ki, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən qeyd-şərtsiz geri çəkilmələrini özündə ehtiva edən 4 qətnaməsi 27 ildir ki, kağız üzərində qalıb. Onun sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyünün təmin olunmasında, vaxtilə işğala məruz qalan torpaqların geri qaytarılmasında prinsipial yanaşmadan çıxış edir və buna tam haqqı var.

Ermənistanın işğalçı dövlət olduğunu və müharibəni də, məhz onun başlatdığını bildirən R.İbrahimova qeyd edib ki, bunu beynəlxalq birlik də yaxşı bilir. Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma aparıblar. Eyni zamanda, hər vəchlə torpaqlarımızdan azərbaycanlı izini silməyə çalışıblar. İşğalın davam etdiyi illərdə Azərbaycan təbiətinə ciddi ziyan vurulub, işlək müəssisələrin avadanlıqları sökülərək Ermənistana daşınıb. Erməni vandallarının tarixi və mədəniyyət abidələrimizə, məscidlərimizə qarşı törətdikləri vəhşilik beynəlxalq cinayətdir. Onlar öz xislətlərinə uyğun olaraq abidələrimizi özününküləşdirməyə çalışıblar, bu, mümkün olmadıqda isə onları dağıdıblar. İndiyədək beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın azğınlığına biganə yanaşıblar və Azərbaycanın haqlı tələblərinə məhəl qoymayıblar.

"Görünən odur ki, Ermənistan Moskva görüşündə əldə olunmuş humanitar atəşkəs razılaşmasını pozdu. Düşmən həm cəbhə xəttində mövqelərimizə hücum etdi, həm də Gəncə şəhərini  raket atəşinə tutdu. Bunun nəticəsində xeyli sayda dinc insan həlak oldu və yaralandı. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məsələ ilə bağlı mövqeyini bildirib. Xalqımız dövlətimizin başçısının mövqeyini birmənalı şəkildə dəstəkləyir", – deyə R.İbrahimova qeyd edib.