YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Fərzəliyev: Hər bir cəbrayıllı bu tarixi sevinci yaşayır

"Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi hərbi təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən uğurla alınıb və əks-həmlə əməliyyatlarına başlanılıb. Məlum olduğu kimi, hazırda cəbhədə düşmənə ağır zərbələr endirilir və rəşadətli Silahlı Qüvvələrimiz işğal altındakı ərazilərimizin azad olunması istiqamətində uğurla irəliləyir. Artıq Cəbrayıl şəhəri və bir sıra kəndlərimiz işğaldan azad edilib. Mən bir daha Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm. Hər bir cəbrayıllı bu tarixi sevinci yaşayır. Hər birimizin arzusu bütövlükdə Azərbaycanın işğal altında olan torpaqlarının azadlığa qovuşmasıdır". Bunu Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan xalqı birmənalı şəkildə Vətənin azadlığı uğrunda bir yumruq kimi birləşib. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. A.Fərzəliyev deyib ki, bu gün ölkəmizdə ən böyük sərvət Azərbaycan xalqının və ordusunun monolit birliyidir. Bu birlik əbədi və sarsılmazdır: "Bu gün dilindən, dinindən, baxışlarından asılı olmayaraq hər bir Azərbaycan gənci ordu sıralarında təmsil olunmaq, haqq döyüşündə iştirak etmək üçün müraciətlər edir. Vətənpərvər gəncliyimizin nümunəvi davranışı hər birimizi qürurlandırır. Bu həmrəylik bir daha sübut edir ki, Azərbaycan gəncliyini birləşdirən ən müqəddəs dəyər bizim Vətənimizdir. Bu gün birlik və bərabərlik zamanıdır. Bizim yeganə düşmənimiz məkrli Ermənistandır. Bu gün Azərbaycan gəncliyi cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini uğurla yerinə yetirir və əzəli Vətən torpaqlarımızı düşməndən xilas edir. Məhz uğurlu hərbi əməliyyatlar, ordumuzun sarsıdıcı zərbələri artıq düşməni qorxuya salıb və onu yalan danışmağa, ikiüzlü olmağa məcbur edir. Azərbaycan Ordusu sarsılmazdır, qüdrətlidir və güclüdür. Biz Ordumuza inanırıq və onunlayıq, torpaqlarımızın hər bir qarışı bizim üçün müqəddəsdir, o torpaqlar bizim tariximizdir, mənliyimizdir".