YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elçin İsmayılov: Azərbaycan Ordusu bizi qələbə xəbərləri ilə sevindirir

"Prezident İlham Əliyev ötən illər ərzində mötəbər beynəlxalq təşkilatların tribunasından çıxış edərək, münaqişənin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bildirib, Ermənistanın hərbi təcavüzünün qarşısını almağın vacibliyini vurğulayıb. Lakin ötən dövrdə beynəlxalq birlik tərəfindən bu istiqamətdə hər hansı addım atılmayıb". Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov söyləyib.

Bu gün ermənilərin mülki şəxsləri atəşə tutmasına diqqət çəkən E.İsmayılov qeyd edib ki, düşmən Azərbaycan əsgəri ilə döyüşə girməkdən qorxduğu üçün dinc sakinləri hədəf alır. Amma buna baxmayaraq, sakinlər kəndlərini qoyub heç yana getməyi düşünmədiklərini və Azərbaycan Ordusuna güvəndiklərini deyirlər. E.İsmayılov bildirib ki, cəbhədə baş verən erməni təxribatının qarşısını alan şanlı Azərbaycan Ordusu düşmənin üzərində böyük üstünlüyə malikdir. Hər bir Goranboy sakini bundan sonra da Ordumuzdan qələbə xəbəri gözləyir.

Gənclərimizin vətənpərvərlik ruhunun yüksək olduğunu vurğulayan rayon təşkilatının sədri qeyd edib ki, gənclərimiz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələri qarşısında növbəyə dayanıblar: "Onlar könüllü olaraq cəbhəyə getmək istəyirlər. Hər bir Azərbaycan vətəndaşı 30 ildir ki, səbirsizliklə torpaqlarımızın işğaldan azad olunacağı günü gözləyir. Cəbhədə erməni təxribatına layiqli cavab verən şanlı Azərbaycan Ordusu bizi qələbə xəbərləri ilə sevindirməkdə davam edəcək. Bu gün vətənpərvər ruhda böyüyən Azərbaycan gəncləri düşmənlə döyüşə ruh yüksəkliyi ilə gedir.  Ölkəmizdə qismən səfərbərlik olunub. Amma buna baxmayaraq, minlərlə gənc könüllü döyüşmək istəyir. Əminəm ki, qələbə bizimdir, Qarabağ Azərbaycandır!".