YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanda əsgər valideynlərinin etirazı: Paşinyan gəldiyi kimi gedəcəyindən qorxur

Sentyabrın 27-dən başlayaraq əks-hücum əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vurmaqda davam edir, 30 ilə yaxındır işğal altında olan torpaqlarımızın bir hissəsində artıq üçrəngli bayrağımız dalğalanır. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videogörüntülərdən də düşmənin çoxlu sayda canlı qüvvəsinin və hərbi texnikasının darmadağın edildiyini müşahidə etmək olar.

Azərbaycan Ordusu ilə döyüşlərdə uğursuzluqlar, verilən itkilər düşməni sarsıdır və geri çəkilməyə məcbur edir. Ermənistan rəhbərliyi də bu məğlubiyyətin acı nəticələrini görür.

Ermənistanda sosial şəbəkələrdə də artıq kütləvi şəkildə müharibəyə zorla aparılanların, ölənlərin, itkin düşənlərin şəkilləri paylaşılır. İtkin düşən döyüşçülərin valideynləri, qohumları, yaxınları məlumatsız olduqlarını bildirir, onların tapılması üçün kömək istəyirlər. Bu cür kütləvi etirazların gündən-günə çoxaldığını görən Ermənistan rəhbərliyi isə uzun müddət itkiləri gizlədə bilməyəcəklərini artıq başa düşür.

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan sosial şəbəkələrdə hərbçilərin taleyi ilə bağlı paylaşımların çox olduğunu etiraf edərək deyir: “Bəzi vətəndaşlar bu günlərdə oğullarının fotolarını sosial mediada dərc edərək onların tapılmasına kömək istəyir. Münaqişə bölgəsində şiddətli döyüşlər davam edir. Bu da öz növbəsində, həlak olanların cəsədlərinin tapılmasını çətinləşdirir. Bu savaş tamamilə fərqlidir, ilk müharibədən və 2016-cı ilin Aprel döyüşlərindən fərqli olaraq bir kabusdur. Üzr istəyirik və buna anlayışla yanaşmağınızı xahiş edirik”. Bu açıqlamadan da görünür ki, düşmən ölkə hərbi texnika ilə yanaşı, canlı qüvvə sarıdan da kifayət qədər itkilər verirlər.

Əlbəttə, Paşinyan hökuməti də yaxşı başa düşür ki, müharibədəki məğlubiyyət, itkilərin çox olması onun hakimiyyətdəki ömrünü daha da qısaldacaq və sosial şəbəkələr üzərindən başlayan bu etirazlar bir qədər sonra meydanlarda davam edəcək. Görünən odur ki, Paşinyan hakimiyyətə gəldiyi kimi də gedəcək.

Azərbaycan dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, erməni əsgərlər ölmək istəmirlərsə Azərbaycan torpaqlarından çəkilsinlər, bizim ərazilərimizdə hərbi qulluqdan imtina etsinlər. Əgər Ermənistan hakimiyyəti doğrudan da əsgərlərinin ölməsini istəmirsə, işğal etdiyi ərazilərimizi dərhal boşaltmalıdır. Çünki Azərbaycan xalqı, əsgəri öz torpaqlarında vuruşur, öz ərazi bütövlüyü uğrunda müharibə aparır və onun yolu haqq yoludur.