YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Ermənistan İsrailin silah satmasını haqsız olaraq tənqid edir

“Ermənistan Azərbaycan ilə İsrail arasında sıx münasibətləri bilərəkdən və qərəzli şəkildə “zəiflətmək və korlamaq” üçün İsrail ilə Azərbaycan arasında müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlığı və əməkdaşlığı həddən artıq şişirdir”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu fikri İsraildə çıxan ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetinə müsahibəsində söyləyib.

Qeyd etmək lazımdır ki, Ermənistan İsraildən Azərbaycana silahlar, o cümlədən Azərbaycan hərbçiləri tərəfindən Dağlıq Qarabağ uğrunda döyüşlərdə istifadə edilən pilotsuz uçuş aparatları satılmasına etiraz əlaməti olaraq ötən həftə özünün İsraildəki səfiri Armen Smbatyanı məsləhətləşmələr üçün geri çağırıb.

Erməni diplomatı Smbatyan bu həftə “The Jerusalem Post” nəşrinə müsahibəsində bildirib ki, onun fikrincə, İsrail tezliklə bu cür satışları dayandıracaq, lakin bu günə qədər belə addım atılacağı barədə heç bir göstəriş yoxdur.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz müsahibəsində deyib ki, Azərbaycanın müdafiə portfeli “kifayət qədər geniş və çox müxtəlifdir”.

Hikmət Hacıyev ritorik sual verir: “Mənim ölkəm döyüş meydanında Türkiyədən alınmış pilotsuz uçuş aparatlarından istifadə edib, onun hərbi texnikasının çox hissəsi isə Rusiyadan daxil olur. Bəs nəyə görə onlar (Ermənistan) bu müharibədə təkcə İsraili fərqləndirirlər?”

Azərbaycan Prezidentinin köməkçisinin fikrincə, İsrail Azərbaycanın çox mühüm strateji tərəfdaşıdır və onun ölkəsi bu əməkdaşlığı yaxın illər və aylar ərzində daha da dərinləşdirmək və möhkəmlətmək istəyir.

Hikmət Hacıyev deyib: “Biz həqiqətən hesab edirik ki, Ermənistanın İsrail ilə Azərbaycanın münasibətlərinə necəsə təsir etmək üçün bütün cəhdləri tamamilə uğursuz olacaq”.

Hikmət Hacıyev İsraildə çıxan ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetinə müsahibəsində vurğulayıb: “İsrail ilə Azərbaycan arasında münasibətlər təkcə bugünkü məsələ deyil, bu, yəhudi xalqı ilə Azərbaycan xalqı arasında minillik tərəfdaşlıq və dostluq məsələsidir. Bu münasibətlərin dərin kökləri iki ölkə arasında əməkdaşlığın bütün sahələrində müasir əlaqələrin təməl daşına çevrilib”.

İsrail qəzeti yazır ki, beynəlxalq hüquqa görə Dağlıq Qarabağ regionu müstəqil Azərbaycanın tərkib hissəsidir, lakin 1991-1994-cü illər müharibəsi nəticəsində bu region zorla işğal edilib, müharibədə 30 minə yaxın insan həlak olub. Hazırda regionda etnik ermənilər məskunlaşıb.

“The Jerusalem Post” qəzeti yazır: “2020-ci il sentyabrın 27-də iki ölkə arasında döyüş əməliyyatlarının yenidən başlanması ilə əlaqədar, Azərbaycanın yaxın müttəfiqi olan Türkiyənin və Ermənistanla müdafiə müqaviləsi olan Rusiyanın həmin münaqişəyə cəlb edilməsi və onun regional münaqişəyə çevrilməsi qorxusu var. Toqquşmalar nəticəsində Azərbaycandan Avropaya təbii qaz və neft nəql edilən strateji boru kəmərlərinin təhlükəsizliyi barədə narahatlıq da artıb. Qeyd etmək lazımdır ki, İsrail dövləti istehlak etdiyi neftin 40 faizini Azərbaycandan alır”.

Azərbaycan Prezidentinin köməkçisi Ermənistanı bu münaqişəni beynəlmiləlləşdirmək cəhdində ittiham edir.

“Azərbaycan sadəcə öz torpaqlarının işğalına son qoymağa çalışır. Biz hər hansı üçüncü tərəfin müdaxiləsinin əleyhinəyik”, - deyən Hikmət Hacıyev daha sonra vurğulayıb: “Mənim Prezidentim “telefon diplomatiyası” ilə məşğul olur və mənim ölkəm Ermənistan tərəfindən Rusiyanı hərbi müdaxiləyə sövq edən tədbirlər görülməsi üçün hər hansı siyasi və hərbi təxribatlardan qaçınmağa çalışır”.

H.Hacıyevin sözlərinə görə, Ermənistanın ciddi təxribatları arasında Ermənistan ərazisindən Azərbaycanın şəhərlərinə hücumlar və hərbi zərbələr də olub. Azərbaycan tərəfi bildirib ki, onun ərazisinin dərinliklərində yerləşən Gəncə şəhəri atəşə tutulub.

Azərbaycan Prezidentinin köməkçisi İsraildə çıxan ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetinə müsahibəsində vurğulayıb: “Dağlıq Qarabağ regionu hüdudlarında kənarda Azərbaycan tərəfindən Ermənistanın suverenliyin pozulması Rusiyanın hərbi müdaxiləsi üçün bəhanə ola bilər. Biz beynəlxalq birliyi bu münaqişəyə son qoymağa, işğala son qoyulmasını, Dağlıq Qarabağın və Ermənistan tərəfindən işğal edilmiş daha yeddi rayonun ərazisinin Azərbaycana qaytarılmasını təmin etməyə çağırırıq”.