YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlil Xəlilov: Hərbçilərimizdə böyük ruh yüksəkliyi, döyüş əzmi, qələbəyə sonsuz inam mövcuddur

“Ön xətdəki hərbi hissələrdə hərbçilərimiz arasında böyük ruh yüksəkliyi, döyüş əzmi, qələbəyə sonsuz inam mövcuddur. Sarsıdıcı həmlələri ilə düşmən ordusunu darmadağın edən, onları geri çəkilməyə, hərbi texnika və silahları atıb qaçmağa məcbur edən əsgərlərimiz uğurla irəliləməkdə, yeni mövqeləri, yüksəklikləri azad etməkdədir”. Bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

C.Xəlilov bildirib ki, əsgərlərimizlə yanaşı, cəbhəyanı bölgədə məskunlaşan sakinlər arasında da yüksək əhval-ruhiyyə mövcuddur. İnsanlar ordumuzla həmrəylik, əsgərlərimizlə bir yerdə olduqlarını nümayiş etdirir, orduya dəstək olmaq üçün əllərindən gələni əsirgəmirlər. Onun sözlərinə görə, vətəndaşlarımız arasında vahimə mühiti yaratmaq məqsədilə düşmənin həyata keçirdiyi təxribatlar, yaşayış məntəqələrinin, mülki obyektlərin raket zərbələrinə məruz qoyması insanlarımızı qorxutmur, onların düşmənə nifrətini, mübarizə əzmini daha da artırır, öz torpağını inamla müdafiə etməyə sövq edir.

“Bu gün terrorçu Ermənistanın raket zərbələrinə məruz qalan cəbhəyanı bölgələrdə vətəndaşlarımız evlərini tərk etməyib. Bu, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə xalqın dəstəyinin, Azərbaycan Ordusuna olan sevgi və inamın göstəricisidir. Bu gün hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hazırdır. Əminəm ki, qısa zamanda ordumuzun uğurlu əks-hücumu nəticəsində işğaldakı digər ərazilərimiz də azad ediləcək və ordumuzun hərbi əməliyyatları tariximizin ən qürurverici səhifələrindən birinə çevriləcək”, - deyə C.Xəlilov vurğulayıb.