YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər gün, hər an bizi qələbəyə yaxınlaşdırır

Xatirə Əliyeva,

YAP Mətbuat xidmətinin əməkdaşı,

siyasi elmlər üzrə fəlsəfə doktoru,

Əməkdar jurnalist

    Son günlər cəbhə xəttindən gələn xoş, qələbə xəbərləri hər bir Azərbaycan vətəndaşını qürurlandırır, torpaqlarımızın tamamilə işğaldan azad olacağına inamı artırır. Sentyabrın 27-də bir neçə istiqamətdən müxtəlif növ silahlardan,  ağır artilleriyadan  mövqelərimizi, yaşayış məntəqələrimizi, kəndlərimizi atəşə tutan  Ermənistan dövlət siyasətinin əsasını təşkil edən faşizmə, terrora sadiqliyini bir daha nümayiş etdirdi. Dinc əhaliyə qarşı belə qəddarlıq təbii ki,  faşist xislətli   Ermənistan kimi dövlətə məxsusdur. Güclü, qüdrətli, döyüş ruhlu  Ordumuzun keçirdiyi uğurlu əks-əməliyyat nəticəsində düşmən
 xeyli canlı qüvvə və  hərbi texnika itirərək geri oturdulub.   Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi, strateji əhəmiyyətli  yüksəklikləri  işğaldan azad edilib, həmin ərazilərimizə üçrəngli bayrağımız sancılıb. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi  Klinik Hospitalında  müalicə olunan yaralı hərbçilərlə görüşdəki  çıxışında  “Artıq  bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik»” bəyan edən möhtərəm Prezidentimiz İlham Əliyev  bildirdi ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar, erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür: «Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında?»

   Zaman-zaman tarixin müxtəlif dövrlərində havadarlarının dəstəyi  ilə azərbaycanlılara və  türklərə qarşı soyqırımı siyasəti həyata keçirən, tarixi saxtalaşdırmaqla özlərinə tarix yazan  ermənilər anlamalıdırlar ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları,  tarixi abidələri dağıtmaq, bir milyondan çox vətəndaşımızı  öz doğma torpağından didərgin salmaq cinayətdir. Azərbaycan  tarixi ədaləti bərpa edir. Dağlıq  Qarabağ Azərbaycanın əzəli torpağıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində də bu fakt öz əksini tapıb və bəyan edilir ki,  erməni işğalçıları ərazilərimizi qeyd-şərtsiz azad etməlidirlər.

  Son günlərin döyüşlərinin  Ermənistan rəhbərliyi üçün dərs olmadığını bildirən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı vurğulayır ki,  mülki əhalimizin hədəfə alınması erməni faşizmin  eybəcər simasını göstərir: “Biz mülki əhaliyə qarşı heç vaxt vuruşmamışıq. Əks-hücum əməliyyatı başlanan kimi mən bizim bütün komandanlara və Müdafiə Nazirliyinə göstəriş verdim ki, mülki əhaliyə qarşı heç bir addım atılmamalıdır. Bizim hədəflərimiz erməni silahlı birləşmələrinin mövqeləri, texnikası, canlı qüvvəsidir. Amma onlar bizim kəndlərimizi, şəhərlərimizi atəşə tuturlar, 13 dinc insan həlak olub, 40-dan çox mülki şəxs yaralanıb, 168 ev dağıdılıb. Budur erməni faşizminin sifəti. Onlar döyüş meydanında bizim qarşımızda dura bilmirlər, kəndlərimizi, şəhərlərimizi vururlar. Amma orada yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun” deyirlər.»

   Möhtərəm Prezidentimiz İlham Əliyevin  qətiyyəti, xalqımızın iradəsi, Ordumuzun gücü, qüdrəti  30 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin  həllini yaxınlaşdırır. Ən yüksək tribunalardan xalqın səbrinin tükənməz olmadığını bəyan edən  möhtərəm Prrezidentimiz sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantının istisna edilmədiyini hər zaman bildirir. Vətənpərvər xalqımız daim  Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin hücum əmrinə  hazır olduqlarını bəyan edirdilər. Bu istəklərini cənab İlham Əliyevin  çağırışına uygun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək məqsədilə könüllü  müraciət edənlər sırasında olmaları ilə reallaşdırırlar. Bu gün könüllülərimizin böyük   ruh yüksəkliyi, qələbə əzmi ilə  cəbhə bölgəsinə yollanmaları da Vətən, torpaq sevgisinin təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyevin   Azərbaycanda qismən səfərbərlik elan edilməsi haqqında Sərəncamı ölkə  ictimaiyyəti tərəfindən böqük rəğbətlə qarşılanır. Yaralı hərbçilərimizlə görüşündə cənab İlham Əliyev  “Mən fürsətdən istifadə edib sizin və  bütün bizim digər yaralı hərbçilərimizin, eyni zamanda, şəhid olmuş hərbçilərimizin  valideynləri qarşısında baş əyirəm. Onlara öz adımdan, Azərbaycan xalqı adından  təşəkkürümü bildirirəm. Qəhrəman övladlar yetişdiriblər. Əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinlə qürur duyur.  Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!» fikirləri,   Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  “Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görünməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun.  Qoy uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ  torpağını opməyi nəsib etsin” sözləri Azərbaycan əsgərinin döyüş əzmini,  gənclərimizin vətənpərvərlik  ruhunu daha da  artırır.

     Möhrərəm Prezidentimiz İlham Əliyevə təbrik və minnətdarlıq məktublarında bu fikir xüsusi qeyd edilir ki, Sizin gördüyünüz işlər tarix dərsliklərində  əsrlər boyu öyrəniləcək. Bu, Azərbaycan xalqının öz liderinə, Prezidentinə  etimadının göstəricisi olmaqla yanaşı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin  ölkəmizə qazandırdığı uğurların gələcəkdə miqyasının daha da geniş olacağına inamın təsdiqidir. “Biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur” bəyan edən ölkə Prezidenti İlham Əliyev  bildirir ki,    işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik.

     Cənab İlham Əliyevin  BMT  Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində   təşkilatın 75 illik ybileyinə həsr olunmuş Yüksək Səviyyəli  İclasda çıxışı, “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verlişdə aparıcıların suallarına cavabları qarşısında  Ermənistanın baş naziri Nikol Paşinyanın aciz duruma düşməsi işğalçı dövlətə ciddi dərs olmalıdır.    

   Bugünkü hadisələrdən göründüyü kimi, Azərbaycan Ordusunun döyüş ruhu, qələbə əzmi Ermənistan rəhbərliyini narahat edir.  Düşmən ordusunda təşviş və xaos yaşanıb. Azərbaycan Ordusunun gücü qarşısında qərar tuta bilməyən erməni əsgərləri  silah sursatlarını qoyub qaçırlar. Budur, Azərbaycan Ordusunun gücü, qüdrəti, işğal altında olan torpaqlarını azad etmək imkanları.  Xalqımız tam əmindir ki, dövlətimizin düşünülmüş  siyasəti, Ordumuzun qüdrəti sayəsində işğal altında olan torpaqlarımız tezliklə işğaldan azad olacaq, üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq. O gün hər an, hər saniyə yaxınlaşır.