YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “Gənclərin Dayanıqlı İnkişafı” rubrikası çərçivəsində “Bərabər keyfiyyətli təhsil və ömür boyu öyrənmək imkanları” müzakirə olunub

       Sentyabrın 23-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə “Gənclərin Dayanıqlı İnkişafı” rubrikası çərçivəsində “Bərabər keyfiyyətli təhsil və ömür boyu öyrənmək imkanları” mövzusunda videokonfrans keçirilib.

        Videokonfransda giriş sözü ilə çıxış edən YAP Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı, videokonfransın moderatoru Ramin Məmmədov iştirakçıları salamlayaraq,  iclasın məram və məqsədi barədə məlumat verib.

        Konfransda çıxış edən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov bildirib ki,  hər bir sahə üzrə bütün dünyada qlobal səviyyədə qəbul olunmuş hədəf və göstəricilər müəyyənləşdirilib. Dayanıqlı İnkişaf Məqsədləri Minilliyin İnkişaf Məqsədləri ilə müqayisədə daha geniş və qlobal sənəddir. 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik 3 əsas prinsip üzərində qurulub. Bunlardan birincisi universallıq prinsipi adlanır. Bu prinsipin təkcə inkişaf etməkdə olan ölkələr üçün deyil, bütün dünya ölkələrinə tətbiq edilməsi nəzərdə tutulur. Bu çərçivədə bütün inkişaf kateqoriyasına aid olan ölkələr - istər inkişaf etmiş, istər inkişaf etməkdə olan, istərsə də aşağı inkişaf kateqoriyasına aid olan ölkələr üçün spesifik hədəflər müəyyənləşdirilib. Digər prinsip inteqrasiyalı yanaşma prinsipidir. Bu, bəhs olunan və digər strateji sənədlər çərçivəsində qəbul edilmiş məqsəd və hədəflərin bir-biri ilə uzlaşması məsələsini əks etdirir. BMT tərəfindən qəbul olunmuş bir sıra sənədlər dayanıqlı inkişaf məqsədlərinin hədəfləri ilə uyğunluq təşkil edir. Digər bir yanaşma isə - “heç kimin geridə qalmaması” prinsipi ilə ifadə olunur.

        Hüseyn Hüseynovun sözlərinə görə, Azərbaycan cəmiyyətinin hər bir üzvünün Dayanıqlı İnkişaf Gündəliyinin tələblərindən irəli gələn inkişafdan bəhrələnməsi və onların dayanıqlı inkişafına nail olunması üçün səylərinin artırılmasına geniş imkanlar yaradacaqdır. Eyni zamanda, istər elmi ictimaiyyətin, istər vətəndaş cəmiyyətinin, istərsə də ayrı-ayrı sosial qrupların nümayəndələrinin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində iştirakı 2030 Gündəliyinin icrasına öz töhfəsini verəcək.

        Daha sonra çıxış edən təhsil nazirinin müavini İdris İsayev Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyətindən danışıb. O bildirib ki, bu gün insanların həyat şəraitinin yaxşılaşdırılmasının və dayanıqlı inkişafın özülündə keyfiyyətli təhsil dayanır. Təhsilin bütün səviyyələrinə çıxış imkanlarının genişləndirilməsi və  xüsusilə də qız və qadınların məktəblərdə qeydiyyat səviyyəsinin yüksəldilməsi sahəsində nəzərə­çar­pan uğurlar əldə olunub. Əsas savadlılıq bacarıqları  sahəsində böyük müvəf­fəqiyyətlər əldə olunsa da, universal təhsil məqsədlərinə nail olmaq üçün da­ha ciddi səylər göstərilməlidir. 

        Nazir müavini qeyd edib ki, təhsil dünyanın hər yerində hamının, yaşından asılı olmayaraq bütün qadın və kişilərin təməl hüququdur. Təhsil daha təhlükəsiz, sağlam, inkişaflı və ekoloji təmiz dünya üçün zəmin yaratmalı və eyni zamanda sosial, iqtisadi və mədəni tərəqqiyə, dözümlülüyə və beynəlxalq əməkdaşlığa yol açmalı, şəxsi və ictimai təkmilləşmənin zəruri şərti olmalıdır. Buna görə də cəmiyyətin inkişafında təhsil böyük əhəmiyyətə malikdir. Lakin heç də bütün ölkələrdə təhsil üçün əlverişli şərait yoxdur. Azərbaycan dövləti təhsilə xüsusi əhəmiyyət verir. Ölkəmizdə təhsilin inkişaf etdirilməsi üçün ardıcıl işlər görülür.

        Təhsil dünyanın hər yerində hamının, yaşından asılı olmayaraq bütün qadın və kişilərin təməl hüququ olub, daha təhlükəsiz, sağlam, inkişaflı və ekoloji təmiz dünya üçün zəmin yaratmalı və eyni zamanda sosial, iqtisadi və mədəni tərəqqiyə, dözümlülüyə və beynəlxalq əməkdaşlığa yol açmalıdır, - deyə təhsil naziri vurğulayıb.

        Videokonfransda çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Milli Məclisin deputatı Şahin Seyidzadə və BMT-nin Rezident koordinator ofisinin tərəfdaşlıq üzrə müşaviri Şəms Mustafayeva çıxışında sürətlə dəyişən  texnologiyalar və iqtisadi  dəyişikliklər şəraitində  ölkənin gələcək inkişafını təmin edəcək insan kapitalının yetişdirilməsi mühüm vəzifədir deyə diqqətə çatdırdılar. Natiqlərin sözlərinə görə, məhz təhsil sistemi insan kapitalının formalaşdırılması və onun inkişafını  təmin edir. Öz növbəsində,  insan kapitalı ölkənin rəqabət qabiliyyətliliyinə əhəmiyyətli dərəcədə  təsir göstərir. Bununla əlaqədar olaraq da müasir cəmiyyətdə insan kapitalının rolu durmadan artır.  Tam əminliklə demək olar ki,  yaxın illərdə dünya arenasında ölkənin rəqabət qabiliyyətliliyi,  ilk növbədə,  onun təhsil sisteminin rəqabətqabiliyyətliliyi ilə müəyyən olunacaq.  Təhsil üçün potensial çağırışları müəyyən edən qlobal rəqabətin əsas dəyişiklikləri  isə  insan kapitalının kəmiyyət və keyfiyyəti, müxtəlif ictimai-iqtisadi çağırışlar qarşısında  sosial davamlılığın dərəcəsi kimi faktorlarla xarakterizə olunur.  Bu cür yanaşma isə ömürboyu təhsilin  cəmiyyət həyatı üçün əhəmiyyətini  bariz şəkildə ortaya qoyur.  Ömürboyu təhsilə bu cür yanaşma Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyev cənabları tərəfindən 2013-cü il oktyabrın 23-də imzalanmış  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə  Dövlət Strategiyası”nda öz əksini tapmışdır: “Müasir dövrdə təhsilin iqtisadi həyatda rolu əhəmiyyətli dərəcədə artmışdır. Hazırda təhsil iqtisadiyyatda tələb olunan bilik və bacarıqların aşılanması ilə bərabər, vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasiyasına hərtərəfli hazırlığı kimi vəzifələri yerinə yetirməlidir. İnsanın ömürboyu təhsil almaq tələbatının ödənilməsi isə təhsilin iqtisadi həyatda rolunu yüksəldən amillərdən ən mühümüdür. Eyni zamanda, sürətli texnoloji tərəqqi bilik və bacarıqların müntəzəm yenilənməsini tələb edir. Bu isə yeni və daha münasib ixtisasa yiyələnməyə və səriştənin inkişafına tələbatı artırır.

         Daha sonra  videokonfransda gənclərin sualları cavablandırılıb.