YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Ermənistanın ardıcıl təxribatlarının məqsədi danışıqları pozmaqla Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır

“Ermənistan öz silahlı qüvvələrini təmas xəttinə cəmləşdirməklə məşğuldur və açıq-aşkar müharibəyə hazırlaşır. Ermənistanın ardıcıl təxribatlarının məqsədi danışıqları pozmaqla Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır. Əgər Ermənistan öz çirkin planlarından əl çəkməsə, onun üçün nəticələr çox ağır olacaq”. Bu fikirləri  Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəd ərazilərdə və təmas xəttində yeni-yeni təxribatlar törətməklə məşğuldur. İşğalçı Ermənistan bu ilin iyul ayında Tovuz istiqamətində törətdiyi təxribatın davamı olaraq yenə həmin ərazidə öz çirkin niyyətini həyata keçirmək, revanş götürmək istəyir. Düşmənin hərbi təxribatı nəticəsində bir hərbi qulluqçumuz şəhid olub. Azərbaycan Silahlı Qüvvələri iyul ayında olduğu kimi, düşmən təxribatının qarşısını alacaq və düşmən öz layiqli cavabını alacaq. Ermənistan ordusu Aprel döyüşlərində aldığı cavabın daha betərini görəcək. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, düşmən müharibəyə hazırlaşır. Azərbaycanın əlində çox əsaslı kəşfiyyat məlumatları var. Təhlükəsizlik xidməti orqanları öz işlərinin öhdəsindən layiqincə gəlir.

Millət vəkili qeyd edib ki, müharibənin qaçılmaz olması və onun məsuliyyəti birbaşa Ermənistanın və onun havadarlarının üzərinə düşür. Bu məsələdə beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupu da böyük məsuliyyət daşıyır. Ermənistan siyasi rəhbərliyi məntiqi olmayan bəyanatlar verməklə, populist çıxışlar etməklə ölkə əhalisinin başının altına yastıq qoyur, arxayınlıq sindromu yaradır. Düşmən Ermənistanın müdafiə naziri David Tonoyanın yeni ərazilər, yeni müharibə tezisini reallaşdırmaq niyyətindədir.

“Aprel döyüşlərində erməni generalları işdən qovuldu və ardınca hakimiyyət dəyişikliyi baş verdi. Müharibə həvəsi onlara baha başa gələcək. Xunta rejimi mütləq cəzalandırılacaq. Bizim güclü rəhbərimiz, ordumuz və xalqımız var. Xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşib. Bu gün hər birimiz müsəlləh əsgər olmalıyıq. Bu gün hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanın ətrafında sıx birlik nümayiş etdirməlidir. Düşmən görsün ki, bizim dövlətimiz də, xalqımız da, ordumuz çox güclüdür”, - deyə E.Nəsirov vurğulayıb.