Xəbərlər
«Əsrin müqaviləsi» Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri,
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü
1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın qarşısında yeni imkanlar, üfüqlər açdı. Xalqımız illərdən bəri ürəyində gəzdirdiyi istəyinə - öz təbii sərvətlərinin əsl sahibinə çevrilməsinə nail oldu. Müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu ucbatından Azərbaycan parçalanmaq, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşadı. Dahi xilaskar, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, düşünülmüş və məqsədyönlü siyasəti sayəsində Azərbaycanı bu bəlalardan xilas oldu. Azərbaycanın müstəqilliyinin sarsılmazlığını, əbədiliyini təmin etmək istiqamətində biri-birindən əhəmiyyətli addımlar atıldı, dövlətçiliyimizin əsasları möhkəmləndirildi. Məhz dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin boyüklüyü, xilaskarlıq missiyasının fonunda bu reallıq böyük inam və qətiyyətlə ifadə edilir ki, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir.
“Əsrin müqaviləsi” ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin bariz nümunəsidir
Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin bariz nümunələrindən biri “Əsrin müqaviləsi”nin imzalanmasıdır. Ulu öndərin iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verməsi bugünümüzə və gələcəyimizə hesablanmış ən mühüm addımlarındandır. 1994-cü il sentyabrın 20-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında Saziş” imzalanmasından 26 il ötür. Bu müqavilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirməklə yanaşı, siyasi mövqeyinin möhkəmləndirilməsində də əhəmiyyətli rol oynadı. Neft-qaz sənayesinə iqtisadiyyatın inkişafında əhəmiyyətinə xüsusi önəm verən ulu öndər Heydər Əliyev dünya təcrübəsinə istinadən bu fikri xüsusi qeyd etmişdir: «Heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz». Məhz «Əsrin müqaviləsi» bu birliyi, səylərin birləşdirilməsinin önəmini dünyaya nümayiş etdirdi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Təbii ki, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkədə sabitliyin, təhlükəsizliyin hökm sürməsi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına səbəb oldu və bu maraqlar imzalanan sazişlərdə, anlaşma memorandumlarında öz əksini tapdı.
«Əsrin müqaviləsi» ölkəmizin gələcək inkişafına etibarlı zəmin yaratdı
Bir sözlə, «Əsrin müqaviləsi» ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan, eyni zamanda, qaz ixracatçısına çevrildi. Yeri gəlmişkən, ümummilli lider Heydər Əliyev bildirirdi ki, Azərbaycanın qapıları bura xoş niyyətlə ayaq basan bütün investorların üzünə açıqdır, onlar qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin ola bilərlər. Bu gün böyük məmnuniyyətlə ölkə iqtisadiyyatına 270 milyard dollar investisiya yatırıldığını qeyd edirik. Heç şübhəsiz, bu, həmin illərdə ölkədə yaradılan sabitliyin, biznes mühitinin nəticəsidir. Məhz bu günün reallıqları təsdiqləyir ki, Avrasiyanın yeni geoiqtisadi xəritəsini müəyyənləşdirən «Əsrin müqaviləsi» yenicə müstəqillik əldə etmiş Azərbaycanın dünya birliyi ilə tərəfdaşlığının həlledici amillərindən birinə çevrildi.
“Yeni əsrin müqaviləsi”: “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənməsində yeni dövr
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Əldə olunan uğurların ümumiləşdirilmiş ifadəsi 23 illik yolun qət olunmasından sonra «Yeni əsrin müqaviləsi»nin imzalanması oldu. 2017-ci ildə «Azəri», «Çıraq» və «Günəşli» yataqları üzrə yeni sazişin imzalanması, müddətin 2050-ci ilə qədər uzadılması Azərbaycanın iqtisadi uğurlarının, ötən dövr ərzində dünyada yeri və rolunun, etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinin təqdimatı oldu. Sazişin imzalanması mərasimində dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, «Azəri-Çıraq-Günəşli» neft yatağının işlənməsində yeni dövr başladı.
Uğurlu neft strategiyası Azərbaycana böyük imkanlar yaradıb
Bunlarla yanaşı, «Əsrin müqaviləsi»nin əsas tərkib hissələri olan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanı regionun aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Ölkə Prezidenti İlham Əliyev 2006-cı il 28 May-Respublika Günündə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa müraciətində bu inamı ifadə etmişdir ki, ölkəmiz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətindən çox böyük fayda əldə edəcək. Hər bir vətəndaş bu müsbət dəyişiklikləri öz gündəlik həyatında hiss edəcək. Hər iki layihə Azərbaycan, Gürcüstan və Türkiyə dövlətlərinin siyasi iradəsinin və qətiyyətinin nəticəsidir. Bu layihələrin uğurlu icrası bir daha təsdiqlədi ki, hədəfləri düzgün müəyyənləşdirib səyləri birləşdirməklə, təcrübə mübadiləsi aparmaqla məqsədə nail olmaq mümkündür. Dövlətimizin başçısı İlham Əliyev həmin müraciətində bu məqamı da xüsusi olaraq bildirmişdir: «Gəlin fərz edək ki, əgər 1994-cü ildə "Əsrin müqaviləsi" bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlamasaydıq nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə ola bilərdi? Əlbəttə, bunu təsəvvür etmək çətin deyildir. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında ulu öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası bizə böyük imkanlar yaratdı, böyük imkanlar da yaradacaqdır və biz bundan səmərəli istifadə edəcəyik”.
Təbii ki, Azərbaycan neftinin məhz 28 May-Respublika Günündə Ceyhan terminalına çatmasının öz rəmzi mənası var idi. Bu, müasir Azərbaycanın müstəqil siyasətinin böyük uğurlarından idi. Bunlarla yanaşı, «Əsrin müqaviləsi»ndan başlayan uğurlu enerji strategiyasının siyasi tərəfi də xüsusi əhəmiyyətə malikdir. Ötən 26 ildə 30-dan çox saziş imzalanması Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolunu, yüksəkl nüfuzunu aydın əks etdirir. Etibarlı tərəfdaşlıq, çoxşaxəli əməkdaşlıq əlaqələri Azərbaycana olan inamı daha artırdı, ölkəmiz yeni tərəfdaşlar qazandı.
Azərbaycanın reallaşdırdığı layihələr beynəlxalq enerji töhlükəsizliyinə vacib töhfələr verib
Sonrakı illərdə regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası daha da genişləndi. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, onun əsas seqmentlərindən olan TANAP istifadəyə verildi. Cari ildə isə TAP-ın istifadəyə verilməsi nəzərdə tutulur. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi layihəsi bu günə qədər görülən işlərin zirvəsidir.
Heç şübhəsiz, reallığa çevrilən hər bir layihə Azərbaycanın «təşəbbüsləri gerçəkliyə çevirən ölkə» imicinə yeni əlavələr etdi. Hər bir layihənin uğurlu sonluqla başa çatması digər layihənin gündəmə gətirilməsini bir zərurətə çevirdi. Gerçəkləşən layihələr, eyni zamanda, ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Möhtərəm Prezidentimiz İlham Əliyev «Yeni əsrin müqaviləsi»nin imzalanması mərasimində bildirmişdir: «İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı.» Qeyd edək ki, 2018-ci ildə dövlətimizin başçısı İlham Əliyevin Belçika Krallığına rəsmi səfəri çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında imzalanan «Tərəfdaşlıq prioritetləri» adlı sənəddə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolu xüsusi vurğulanıb, Cənub Qaz Dəhlizinin ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə verəcəyi töhfələr xüsusi qeyd edilib.
Neftdən əldə olunan gəlirlərin səmərəli idarə olunması ölkəmizin hərtərəfli inkişafını sürətləndirib
Təbii ki, bu uğurlarımız dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın artan iqtisadi imkanlarına əsaslanır. Ümummilli lider Heydər Əliyev bildirmişdir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Məhz düzgün qurulan siyasətin, gələcəyə hesablanmış inkişaf strategiyasının nəticəsidir ki, neftdən əldə olunan gəlirlərin idarə olunmasında şəffaflığın təmin edilməsi əsasında yeni sosial-iqtisadi layihələr həyata keçirilir, bunlar da öz növbəsində ölkənin hərtərəfli inkişafını sürətləndirir. Dövlətimizin başçısı İlham Əliyevin hər zaman vurğuladığı kimi, «Əsrin kontraktı» imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan “qara qızıl”ı insan kapitalına çevirə bildi. Ümumiyyətlə, sirr deyil ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə əsas vəzifə ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün. Ardıcıl və məqsədyönlü işlər nəricəsində bu hədəfə nail olmaq mümkün oldu.
Xüsusi söyləmək lazımdır ki, ulu öndər Heydər Əliyevin 1999-cu ildə böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu neft gəlirlərinin idarə olunmasında şəffaflığı təmin edir. Dövlət Neft Fondunun vəsaitlərinin istiqamətləndirildiyi sahələrə diqqət yetirsək, görərik ki, kompleks şəkildə Azərbaycanın hərtərəfli inkişafına yönəlib. Bir daha təsdiqlənir ki, neft ümummilli lider Heydər Əliyevin vurğuladığı kimi, Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Ölkəmizin iqtisadi strategiyasının dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən hazırlanması digər ölkələrdən fərqli olaraq Azərbaycanda neftdən əldə olunan gəlirlərin əhali arasında təbəqələşməyə deyil, bərabər prinsiplər əsasında bölgüyə xidmət etməsini şərtləndirdi. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan biri-birindən əhəmiyyətli addımlar vətəndaş məmnunluğunun yüksəldilməsinə səbəb oldu.
Digər tərəfdən, son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan davamlı addımlar uğurlu nəticələrdə öz əksini tapır. Regionların malik olduğu təbii ehtiyatlardan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramlarının uğurlu icrası göz önündədir. Artıq 3 Dövlət Proqramının icrası başa çatıb. Qarşıdakı dövrün hədəfləri və onlara nail olmaq üçün əsas icra mexanizmləri dördüncü Dövlət Proqramında öz əksini tapıb. Məhz bu uğurlu addımlar, təkmil islahatlar Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı, xoşbəxt, təhlükəsiz ölkə kimi yer tumasını şərtləndirir. Azərbaycanın 2008-ci ildə dünyanı bürüyən iqtisadi və maliyyə böhranından az itki ilə çıxmasını xatırlayaq. Hətta həmin illərdə Azərbaycan öz iqtisadi artımı ilə dünyanın diqqətində oldu. Bu faktı da xüsusi qeyd etmək lazımdır ki, həmin dövrlərdə əksər ölkələrdə sosial ödənişlər, müavinətlər azaldıldığı halda, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələ kimi öndə saxlanıldı. Dünya inkişafın Azərbaycan modelini təqdir etməklə yanaşı, onun öyrənilməsinin və tətbiqinin vacibliyini vurğuladı.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tərəqqi yolunda inamla irəliləyir
Hazırda dünyanın bir çox ölkəsi, hətta inkişaf etmiş dövlətləri pandemiya şəraitində çoxsaylı çətinliklərlə, ciddi iqtisadi tənəzzül və səhiyyə böhranı ilə üzləşib. Bəs ölkəmizin təcrübəsi, Azərbaycan nümunəsi nəyi göstərir? İlk növbədə onu müşahidə edirik ki, Azərbaycan dövləti iqtisadiyyatının dayanıqlılığını təmin etmək, əhalinin sağlamlığını və sosial müdafiəsini təmin etmək üçün məqsədyönlü addımlarını davam etdirir. Xatırlayırıq ki, koronavirusla mübarizə çərçivəsində cənab Prezident İlham Əliyev ilk gündən heç bir sosial layihənin təxirə salınmayacağını, iqtisadi islahatların daha da dərinləşdiriləcəyini bildirmişdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin 19 mart 2020-ci il Sərəncamı əsasında 4 sektoru, 20 fəaliyyət sahəsini əhatə edən 10 yardım proqramı uğurla icra edilir. Məqsəd insanların sağlamlığının təmin olunması ilə yanaşı, onların sosial müdafiəsini gücləndirmək, davamlı iqtisadi inkişafı təmin etməkdir. Azərbaycan təcrübəsinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi isə qürurvericidir.
Azərbaycan, həmçinin pandemiya şəraitində qlobal həmrəylik və əməkdaşlığa mühüm töhfələr verməsi ilə yadda qaldı. Ölkəmiz bu çətin anlarda da digər ölkələrə dəstəyini əsirgəmədi. Möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü əsasında Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi, Azərbaycanın 30-dan artıq ölkəyə yardım etməsi də deyilənlərin təsdiqidir.
Deyilənlərin fonunda bu reallığı böyük inam və qətiyyətlə qeyd edirik ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün yol ölkəmizə qarşıdakı illərdə daha da böyük uğurlar qazandıracaq. Eyni zamanda, müstəqil. siyasət həyata keçirən, öz iqtisadi imkanlarına arxalanan respublikamız Prezident İlham Əliyevin qətiyyətli addımları sayəsində bundan sonra da möhtəşəm uğurlar qazanacaq, tərəqqi yolunda inamla addımlayacaq.