YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Azərbaycan-Türkiyə birgə media platformasının yaradılması həqiqətlərimizin təbliginə, dövlət maraqlarımızın qorunmasına böyük töhfədir

“Ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlət”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” tezislərinin davamı olaraq möhtərəm Prezidentimiz İlham Əliyevin “Bir  millətin iki diasporu ola bilməz” fikirləri iki dost, qardaş Azərbaycan və Türkiyənin birliyinin aydın mənzərəsini yaradır. Bu dostluğun təməli Ümummilli Lider tərəfindən qoyulmuş, hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən daha da möhkəmləndirilir, yeni istiqamətlər üzrə inkişaf etdirilir. Prezident İlham Əliyev bu günlərdə  Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolas Piperiqkosu qəbul edərkən Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginlikdən narahatlığını ifadə  etməklə  yanaşı,  Türkiyənin Azərbaycana təkcə dost və tərəfdaş deyil, həm də qardaş ölkə olduğunu,  heç bir tərəddüd etmədən Türkiyəni dəstəklədiyimizi və bütün hallarda dəstəkləyəcəyimizi bildirmişdir. Onu da xüsusi qeyd etmişdir ki, biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Möhtərəm Prezidentimiz İlham Əliyev bu fikirləri ilə həm  də  dünyaya mesaj ünvanlayır: Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi keçmişi olduğunu, bu münasibətlərin gündən-günə inkişaf etdiyini önə çəkən Vüqar Rəhimzadə bildirib ki, iki dost ölkə arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir: «Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi bölgədə sülhün, təhlükəsizliyin qarantıdır. Hər iki dövlətin qətiyyəti, siyasi iradəsi əsasında reallaşan enerji layihələri  dünyanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfə, ölkələr, xalqlar arasında dostluq körpüsüdür.  Türkiyə və Azərbaycan  eyni köklər üzərində böyüyən ulu bir çinarın budaqları kimi dəyərləndirilir.  Həmin çinarın kölgəsi birgə  həyata keçirilən  layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır. Bu birlik onu təsdiqləyir ki, qarşılıqlı anlaşma əsasında  ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regional və qlobal sabitliyə, əmin-amanlığa  böyük töhfə vermək mümkündür.  Bu gün  Azərbaycan-Türkiyə  mənzərəsi  dünyaya ölkələrin öz maraqlarını, iqtisadi sabitliklərini təmin etmələrinin yolunun müharibələr aparmaqdan yox, həmrəylikdən, rəqabətlilik mühitindən, güclü əməkdaşlıqdan keçdiyini çox aydın şəkildə ortaya qoyur. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini taniyan ilk ölkə olaraq Türkiyə daim Azərbaycanın yanındadır, rəsmi Ankara  “Biz, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsini gözləyirik”  bəyanatını səsləndirməklə bu reallığı da təsdiqləyir ki,   sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu əminliyi ifadə etmişdir ki, Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq.»

V.Rəhimzadə bütün istiqamətlərdə  uğurlu əməkdaşlığa imza atan Azərbaycan və Türkiyənin mətbuat sahəsində də  birgə fəaliyyətinin önəminə diqqəti yönəltmiş,  bu günlərdə   Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Türkiyəyə səfərindən bəhs edərək  bildirib ki, Azərbaycan nümayəndə heyətinin bu səfərinin əsas məqsədi Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsini həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirməkdir. Səfər çərçivəsində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, bir sıra dövlət və media qurumlarının rəhbər şəxsləri ilə keçirilən görüşlərdə bir daha vurğulanıb ki, hər iki ölkənin dövlət və özəl media qurumlarının yaxın əməkdaşlığı bu əlaqələrin daha da güclənməsinə əhəmiyyətli dərəcədə fayda verəcək.  Türkiyə ilə Azərbaycan arasında media əlaqələrinin, ictimai diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsinin, bu sahələrdəki imkanların birləşdirilməsinin hər iki ölkə üçün əhəmiyyəti inkaredilməzdir. Həmçinin Türkiyə-Azərbaycan Media Platformasının yaradılması məsələsində razılıq əldə olunub. Bu platforma vasitəsilə iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsi, xalqların məlumatlandırılması məsələsində səmərəli fəaliyyət göstərilməsi, xüsusilə sosial mediada yayılan dezinformasiyalar və ölkə xaricindən gələn qara piarlara qarşı mübarizədə vahid strategiyaların yaradılması məsələləri müzakirə edilib.

     Baş redaktor bu  məqamı xüsusi qeyd edib ki, Azərbaycana qarşı əsassız torpaq iddiasını irəli sürən işğalçı Ermənistan Türkiyəyə qarşı da qondarma «erməni soyqırımı» məsələsini irəli sürür: «Azərbaycan-Türkiyə birliyi iki dövlətin diaspor təşkilatlarının birgə fəaliyyətində, erməni yalanlarına qarşı mübarizədə birgə səylər göstərmələrində də özünü qabarıq şəkildə büruzə verir. Azərbaycan-Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyəti nəticəsində həqiqətlərimiz dünya ictimaiyyətinə çatdırılır, müxtəlif tərkibdə  tədbirlər, aksiyalar keçirilir, ermənilərin zaman-zaman öz havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti həyata keçirdikləri faktlar əsasında beynəlxalq təşkilatlara, dövlətlərə ünvanlanır: «Mətbuatın  ictimai fikrin formalaşmasında, eyni zamanda,  maarifləndirmədə rolunu nəzərə alsaq Azərbaycan-Türkiyə Media Platformasının bu günümüz və qarşıdakı dövr üçün əhəmiyyəti daha aydın görünür. Müasir dövr informasiya-kommunikasıya texnologiyaları əsridir. Hər iki dövlətin media ictimaiyyəti  yeni texnologiyaların yaratdığı imkanlardan səmərəli istifadə etməklə  hər zaman bəzi dairələr tərəfindən sistemli şəkildə aparılan  qərəzli təbliğatları reallıqlar əsasında cavablandırmaq imkanındadır. Hücum diplomatiyasını uğurla həyata keçirmək, bu siyasətə dəstək olmaq üçün  kütləvi maarifləndirmə məqsədilə həqiqətləri ortaya qoyan bir platformanın  yaradılmasına ehtiyac var idi. Bir sözlə, Azərbaycan və Türkiyənin bir çox sahələrdə mövcud əməkdaşlığının   media sahəsində olması günümüzün əsas çağırışları sırasındandır. Bu baxımdan  İstanbulda Azərbaycan-Türkiyə Media Platformasının yaradılması ilə bağlı qəbul olunan  qərar təqdirəlayiqdir.»

Baş redaktor onu da  vurğulayıb ki, Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir,  türkdilli dövlətlər arasında münasibətlərin inkişafına öz müsbət  təsirini göstərir. Möhtərəm Prezidentimiz İlham  Əliyevin bütün türk dünyasına ünvanladığı «Biz birlikdə güclüyük» mesajı mövcud problemlərin həllində vahid mövqenin ortaya qoulmasına, hədəflərə çatmaq üçün birgə fəaliyyətin göstərilməsinə işarədir.