YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri özünün ən qürurverici anlarını yaşayır

“Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər özünün ən qürurverici anlarını yaşayır. Sevindirici haldır ki, tarixən bu iki dövlət arasındakı münasibətlərə heç bir qüvvə mane ola bilmədi, əksinə hər iki ölkə və millətimiz ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk"”. Bu fikirləri Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Əhliman Əmiraslanov bildirib ki, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir. Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərir. Bu ilin iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın təxribatlar törətdiyi bir vaxtda da Türkiyə Azərbaycanın haqq mübarizəsinə qoşuldu, haqlı mövqeyimizi dəstəkləyərək Ermənistanın işğalçılıq və terrorizm siyasətini ifşa edən açıqlamalar verdi. Türkiyə dəfələrlə bildirib ki, Azərbaycan tək deyil, onun ərazi bütövlüyünün bərpası istiqamətində bütün siyasi və hərbi qərarlarını dəstəkləyir. Eyni zamanda Azərbaycan da Türkiyəyə qarşı eyni münasibəti sərgiləyir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı təlimlərinin keçirilməsi, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyətinin və hərbi müdafiə vasitələrinin cəlb edilməsi ikitərəfli sıx əməkdaşlıq münasibətlərinin bütün sahələr üzrə olduğu kimi, hərbi sahədə də yüksələn xətlə davam etdirildiyini göstərir. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər və bu təlimlərin əhəmiyyəti hər zaman yüksək qiymətləndirilir. Bu ilin fevralın 25-də Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin imzalanması da hərbi əməkdaşlığın əhəmiyyətinə verilən yüksək diqqətin və bu əməkdaşlığın bundan sonra davam etdirilməsi üçün səylərin birləşdiriləcəyinin bariz nümunəsidir. Azərbaycan-Türkiyə münasibətləri eyni zamanda NATO ilə əməkdaşlıq sənədləri, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr çərçivəsində, yəni NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir, hərbi kadrların hazırlanması, maddi-texniki təchizat, müdafiə sənayesi sahələrində yeni birgə əməkdaşlıq uğurla davam etdirilir. 2013-cü ildən başlayaraq Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında birgə hərbi təlimlərin keçirilməsi hər iki ölkənin ordularının döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələr arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir. Göründüyü kimi, iki ölkənin ordularının iştirakı ilə keçirilən və bütün qoşun növlərini əhatə edən təlimlərin sayı ildən-ilə artmaqdadır. Nəzərə alsaq ki, Türkiyə Silahlı Qüvvələri dünyanın güclü orduları arasında 9-cu yerdədir. Türkiyə hərbi potensialına görə NATO-da 4-cü, Avropada 3-cü, Yaxın və Orta Şərqdə 1-ci yerdədir. Belə böyük hərbi potensiala malik qardaş ölkə ilə hərbi təcrübəni bölüşmək ölkəmizin xeyrinə olan amildir. Siyasi əlaqələrlə yanaşı Azərbaycan – Türkiyə münasibətlərində iqtisadi əlaqələr uğurla inkişaf edir. Ticarət dövriyyəsi artır. Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. Birgə enerji-nəqliyyat layihələrini uğurla icra edilir. O layihələr ki, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradır desək yanılmarıq. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP layihəsi tarixi layihələrdir. İki dövlət arasında birgə siyasi iradə ortaya qoyulmuşdur. Birgə maliyyə resursları təşkil edilmişdir və bu nəhəng transmilli layihələr uğurla icra edilmişdir. Bu gün Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bu layihələrin bəhrəsini görür.

Ə.Əmiraslanov qeyd edib ki, Ermənistan ərazilərimizi işğal edib, Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir. Bu gün dünyada və regionda sülhə, təhlükəsizliyə əsaslı manelər Ermənistanın təxribatları, terror aktları nəticəsində baş verir. Hətta bunu bir neçə gün bundan öncə Azərbaycanın təmas xəttini keçmək istəyərkən saxlanılan erməni zabiti də etiraf edib. O, işğalçı Ermənistanın hərbçilərimizə və mülki şəxslərə hücum etmək məqsədi güddüyünü bildirib. Təkcə Ermənistan deyil, onun işğalçılıq siyasətinə dəstək verən bütün xarici qüvvələr bu işdə məsuliyyət daşıyır. Belə bir məqamda Ermənistana silah yardımı edərək dünya sərhədlərinin təhlükəsizliyinin pozulmasına yönələn bütün hərəkətləri qətiyyətlə pisləyir, həmin qüvvələrin beynəlxalq hüququn norma və prinsiplərini pozduqlarını açıq şəkildə bəyan edirik. Perspektivdə Azərbaycan və Türkiyə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır. Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən dövlətimizin başçısının söylədiyi “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” fikirləri sadəcə siyasi mesaj kimi qəbul olunmamalıdır. Dövlətimizin başçısı tərəfindən səsləndirilmiş bu sözlər özünə inanan və potensialına güvənən siyasi liderlərə məxsus keyfiyyətdir, ümumilikdə Azərbaycanın mövqeyini, gücünü, beynəlxalq münasibətlər sistemində yerini göstərir, həmçinin Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür.