YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“İnam indeksi-3: Prezidentin fəaliyyəti ictimai rəydə” və “Pandemiya ilə mübarizədə dövlətin antiböhran siyasəti ictimai rəydə” analitik hesabatlarının təqdimatı olub

Sosial Tədqiqatlar Mərkəzi (STM) vaxtaşırı olaraq dövlət və cəmiyyət həyatında baş verən dəyişiklikləri, müşahidə edilən tendensiyaları, yeni yanaşmaları, cəmiyyətdəki dinamikaları öyrənir, tədqiq edir və ictimaiyyətə, eyni zamanda, dövlət orqanlarına təqdim etmək üçün açıq və qapalı arayışlar hazırlayır.

STM dövri olaraq “İnam İndeksi” nəşrinin xüsusi buraxılışında dövlət başçısının fəaliyyətinin ictimai qiymətləndirilməsini həyata keçirir və Prezident İlham Əliyevin fəaliyyəti, həyata keçirdiyi genişmiqyaslı iqtisadi-sosial və xarici siyasət kursunun həyatımızdakı yeri, eləcə də qarşıya qoyulan hədəflərə dair elmi təhlillər aparır.

“İnam İndeksi” nəşrinin üçüncü buraxılışı Azərbaycan Prezidentinin ilin ikinci rübündəki – aprel, iyun ayları ərzindəki fəaliyyətinə həsr edilib. İctimai rəyin tədqiqi göstərir ki, son 5 ayda dünyada hökm sürən koronavirus pandemiyasına qarşı mübarizədə siyasi liderlik, dövlətin potensial resurs, güc və imkanlarını səfərbər etmək bacarığı, ictimai inam və etimadın qorunub saxlanması, milli birliyin təmin olunmasının başlıca şərtinə çevrilib.

Sosial Tədqiqatlar Mərkəzi, eyni zamanda, “Pandemiya ilə mübarizədə dövlətin antiböhran siyasəti ictimai rəydə” mövzusunda ictimai rəy sorğusu əsasında böyük tədqiqat işi aparıb. Azərbaycan dövlətinin koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində qəbul etdiyi antiböhran strategiyası, müvafiq dövlət siyasətinin ictimai rəy əsasında qiymətləndirilməsi hökumətin qarşıdakı dövr üçün qərarlarının planlaşdırılmasında əhəmiyyətli rol oynayır.

Analitik hesabatda dövlətin yaxın dövrdə pandemiyanın makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə həyata keçirdiyi təxirəsalınmaz sosial dəstək tədbirlərinə münasibət göstəriciləri ictimai rəy əsasında qiymətləndirilir.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib ki, dünyada koronavirus pandemiyası təkcə ölkələrin iqtisadiyyatını, sosial rifahını, daxili və xarici əlaqələrini, bir sözlə ictimai həyatın bütün sahələrini əhatə etdiyi kimi, bizə görə, ilk növbədə, dövlət rəhbərlərini, siyasi liderləri çətin sınaqlar qarşısında qoyub: “Ötən aylar göstərdi ki, ölkə başçıları pandemiya təhlükəsinə müxtəlif vaxtlarda və formalarda reaksiya verməklə həm tarixi siyasi şəxsiyyətlərdən, həm də müasir dövrün peşəkar idarəçilərindən kəskin şəkildə fərqləndilər. Əlbəttə, bütün bunların nəticəsi olaraq, indi müxtəlif qitələrdə saysız-hesabsız suallar irəli sürən cəmiyyətlərin xüsusi davranışlarını görürük”.

STM rəhbəri qeyd edib ki, Azərbaycan respublikasının Prezidenti dünya tarixinin ən böyük sınaqlarından, bir sıra hallarda “müharibə” adlandırılan çətin imtahanından öz millətinin çıxarılması üçün bütün təhlükələri üzərinə götürməyi, qeyri-standart şəraitdə meydana gələn çağırışları və problemləri həll etməyi bacardı, böhrana qarşı yeni keyfiyyətdə dayanıqlı xarakter, möhkəm iradə göstərdi və buna görə də onun xarizması, nüfuzu xalq içərisində güclü olaraq qalır. Bu nüfuz, əmin-amalığın, iqtisadi-siyasi və mənəvi yeniləşmənin, qanunçuluğun və ən başlıcası 2019-cu ildən daha böyük miqyasda həyata keçirilən yeni hakimiyyət quruculuğu siyasətinin başlıca təminatıdır. Eyni sözləri hörmətli Mehriban xanım haqqında da söyləmək mümkündür. Ötən on illərdə olduğu kimi, son 5 ayda da Mehriban xanım, dövlət və milli həyatın bütün sahələrində prezidentlə çiyin-çiyinə addımladı və hər zaman xalqın yanında oldu.

O, daha sonra deyib ki, Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi və dinamikasının izlənilməsinə, məlum olduğu kimi, ilk olaraq Sosial Tədqiqatlar Mərkəzi tərəfindən başlanılıb: “Təqdim edilən növbəti hesabat bu silsilədən 3-cü tədqiqat işidir, 2020-ci ilin ikinci rübünü - aprel-iyun aylarını əhatə edir. Sosioloji sorğu əsasında hazırlanmış analitik hesabatda ölkə Prezidentinin bəhs edilən müddətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinə ictimai münasibətin monitorinqi, əvvəlki dövrlə müqayisəli dinamikası və təhlili öz ifadəsini tapıb.

STM sədri yekunda bildirib ki, pandemiya zamanı ölkələr siyasi-əxlaqi, mənəvi seçimlərlə üz-üzə qaldı. “Vətəndaşların sağlamlığının yoxsa iqtisadiyyatın xilas ediləcəyini” seçim edərkən, müxtəlif dövlətlər müxtəlif seçimlər etdilər. Azərbaycanın dövlət başçısı bəyan etdi ki, insanların həyatından vacib heç nə ola bilməz. Beləliklə, Azərbaycan rəhbərliyinin vətəndaşların sağlamlığını, rifahını və təhlükəsizliyini strateji prioritet olaraq önə çəkməsi yaranmış vəziyyətdə verilmiş ən düzgün qərarlardan oldu.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bütün antiböhran fəaliyyətin məzmunu - iqtisadi dəstək proqramları, sosial paketlərdən tutmuş səhiyyə infrastrukturunun adaptasiya və modernləşməsinə, yeni klinikaların inşasına qədər həyata keçirilən tədbirlər məhz bu məqsədə - vətəndaşın ali dəyər kimi mərkəzdə durmasına xidmət edir.

STM İdarə Heyətinin sədr müavini Elşad Mirbəşiroğlu çıxışında “İnam İndeksi”nin müxtəlif aspektlərindən bəhs edib və bildirib ki, ölkə prezidentinin fəaliyyətinin prioritet istiqamətlərindən birini ordu quruculuğu təşkil edir. Silahlı qüvvələrə xüsusi diqqətin ayrılmasını təbii ki, hər şeydən öncə ölkəmizin müharibə şəraitində olması şərtləndirir. Keçirilmiş sorğunun nəticələri aydın göstərdi ki, əhali ordu quruculuğu istiqamətində Prezidentin fəaliyyətini kifayət qədər yüksək qiymətləndirir:

“Belə ki, rəyi soruşulanların 70,7 %-i , yəni mütləq çoxluğu ölkə prezidentinin ordu quruculuğu istiqamətindəki fəaliyyətinin çox səmərəli olduğunu düşünür. 24,6% respondent isə bu istiqamətdə dövlət başçısının fəaliyyətini əsasən səmərəli hesab edir. Əks mövqedən çıxış edən vətəndaşların faiz dərəcəsi 2,5-ə bərabərdir. Ordu quruculuğu istiqamətində səmərəli fəaliyyət ölkə prezidentinə olan inam və etimadın artmasını şərtləndirən əsas amil rolunda çıxış edir. Belə ki, prezidentə olan inam və etimadının artdığını bildirən 24,6% respondentin 82%-i ordu quruculuğu istiqamətində onun fəaliyyətini çox müsbət qiymətləndirir. Hətta, inam və etimadının azaldığını bildirən 2,6% respondentin 27,6%-i də ordu quruculuğu istiqamətindəki fəaliyyəti müsbət qiymətləndirir”.

O davam edərək deyib ki, beynəlxalq və milli səviyyədə yeni çağırışlar, inkişaf hədəfləri dövlət idarəçiliyi sahəsində çevikliyin və səmərəliliyin artırılmasını zəruri edir. Bu istiqamətdə vacib həll yolu kimi kadr islahatları daim dövlət başçısının diqqət mərkəzindədir. Prezidentin həyata keçirdiyi kadr islahatları respondentlərin 53,9%-i tərəfindən çox səmərəli, 32%-i tərəfindən isə əsasən səmərəli kimi qiymətləndirilir. 6,5% respondent kadr islahatlarını səmərəli hesab etmir. Prezident tərəfindən həyata keçirilən kadr islahatları da ona olan inam və etimadın artmasında təsirli rol oynayıb. Belə ki, prezidentə olan inam və etibarının artdığını bildirən 24,6% respondentin 68,6%-i kadr islahatlarını yüksək qiymətləndirib. İnam və etimadının azaldığını bildirən 2,6% respondentin isə 8%-i kadr islahatlarını müsbət qiymətləndirib. Dövlət başçısının həyata keçirdiyi kadr islahatlarını çox səmərəli hesab edənlərin 81,2%-i onun korrupsiya ilə mübarizə sahəsindəki təşəbbüslərini də dəstəklədiyini bildirir. Kadr islahatlarını mənfi qiymətləndirənlərin də əhəmiyyətli hissəsi-74,3%-i korrupsiya hallarına yol verən vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin doğru olduğu qənaətindədir”.

“Ölkədə xüsusilə də son dövrlərdə korrupsiyaya qarşı mübarizə intensiv xarakter almışdır. Həyata keçirilən həm kadr islahatlarının, həm də institusional islahatların əsas hədəflərindən biri də məhz korrupsiya hallarının qarşısının alınmasından ibarətdir. Bu istiqamətdə ölkə prezidentinin fəaliyyəti 56,1% respondent tərəfindən çox səmərəli, 27,2% respondent tərəfindən isə əsasən səmərəli qiymətləndirilib. Bununla yanaşı, korrupsiyaya qarşı mübarizə sahəsində cəmiyyətdə hələ müəyyən gözləntilərin qaldığı müşahidə olunur. Belə ki, rəyi soruşulanların 12,3%-i sözügedən istiqamətdə görülən işlərin çox da səmərəli olduğunu düşünmür. 4,4% respondent isə fikir bildirməkdə çətinlik çəkib. Korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən fəaliyyətə müsbət münasibət bildirən 56,1% respondentin 36,5%-i Nazirlər Kabinetinə, 33,4%-i isə Milli Məclisə etibar etdiyini qeyd edib”.

E.Mirbəşiroğlu qeyd edib ki, ölkə Prezidentinin təhlükəsizlik və xarici siyasət sahələrində atdığı çevik strateji addımlar daim diqqəti cəlb edir. Hazırki mərhələdə Azərbaycan beynəlxalq münasibətlər sistemində kifayət qədər ciddi mövqelərə malik olmaqla, çoxistiqamətli səmərəli əməkdaşlıq sistemini qura bilmişdir. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən rəyi soruşulanların əksəriyyəti də bu qənaəti bölüşür. Belə ki, respondentlərin 54%-i təhlükəsizlik və xarici siyasət istiqamətində Prezidentin fəaliyyətini çox səmərəli, 28,9%-i əsasən səmərəli hesab edir. Əks mövqe bildirənlər isə rəyi soruşulanların 6,5%-ni təşkil edir. Sözügedən istiqamətdə cavab verməkdə çətinlik çəkənlərin faiz dərəcəsində yüksəlmə müşahidə olunub. Belə ki, 10,7% respondent təhlükəsizlik və xarici siyasət istiqamətində fəaliyyətlə bağlı sualı cavablandırmaqda çətinlik çəkib.

Sosial Tədqiqatlar Mərkəzinin Sosial-İqtisadi Təhlil Departamentinin rəhbəri Seymur Əliyev çıxışında bildirib ki, təbii fəlakətlərdən (indiki halda pandemiyadan) qaynaqlanan böhranlarla mübarizə strategiyaları çərçivəsində verilmiş qərarlar iki mərhələ üçün hesablanır. Birinci mərhələ qısamüddətli dövr üçün nəzərdə tutulmuş və böhranın yaratdığı günlük təsirləri qarşılamaq kontekstində reaktiv böhran idarəçiliyinin elementlərinə əsaslansa da, ikinci mərhələdə orta və uzunmüddətli dövrə fokuslanan tədbirlər böhran yaradan faktorların təhlili əsasında səbəblərin aradan qaldırılması və təkrarlanmaması məqsədilə həyata keçirilən proaktiv strategiyalardan ibarətdir:

Sözügedən tədqiqatda Azərbaycan dövlətinin koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində formalaşdırdığı antiböhran strategiyası, müvafiq dövlət siyasətləri ictimai rəy əsasında qiymətləndirilir. Bir-birini tamamlayan strateji qərar və tövsiyələrə əsaslanan antiböhran siyasəti ilə bağlı vətəndaş rəyinin öyrənilməsi bu istiqamətdə hesabatlılığın təmin edilməsi və gələcək qərarlar üçün istinad məqsədi daşıyır.

Analitik hesabatda dövlətin yaxın dövrdə pandemiyanın makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə həyata keçirdiyi təxirəsalınmaz sosial dəstək tədbirlərindən münasibət göstəriciləri ictimai rəy əsasında qiymətləndirilir.