YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramiz Göyüşov: Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verilməyəcək

“Tovuz rayonu ərazisində erməni təxribatının qarşısını alarkən xüsusi qəhrəmanlıq göstərərək canlarını fəda etmiş şəhidlərimizin ruhu bizimlədir. Bütün Azərbaycan xalqı öz qəhrəman övladlarının xatirəsini daim qəlbində yaşadır. Minlərlə insan sosial şəbəkələrdə şəhidlərimizin şəkillərini öz profillərində yerləşdiriblər, yüz minlərlə insan hər gün, hər an şəhidlərimizi anmaqdadır. Onların bircə təsəllisi var: qəhrəman oğullarımız Vətən uğrunda həlak olublar”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov deyib.

Onun sözlərinə görə, şəhidlərimiz öz ölümsüzlükləri ilə böyüklü-kiçikli, kişili-qadınlı hər bir Azərbaycan vətəndaşının qəlbində vətənpərvərlik hissini yenidən alovlandırdılar: “Bir qarış torpağı belə düşmənə verməyən, canları ilə sərhədimizi qoruyan şəhidlər öz qanları ilə Vətən torpağını suvardılar. Şəhidlərimiz ölməzdi, onların hər biri hər zaman bizimlə yaşayacaq, bizdən sonra da əbədiyyətə qədər yaşayacaqlar”.

Xalqımızın vətənpərvərlik ruhunun yüksək olduğunu deyən R.Göyüşov qeyd edib ki, iyulun 14-dən 15-nə keçən gecə on minlərlə insan küçələrə axışaraq şəhidlərimizi yad edib, ordumuza dəstək numayiş etdirib: “Azərbaycan xalqı, hər bir vətəndaşımız düşməndən şəhidlərimizin qisasını almaq, Qarabağı azad etmək üçün Ali Baş Komandanın əmrinə hazır olduğunu nümayiş etdirib. On minlərlə insan dövlət başçısının çağırışına səs verərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinə gedərək könüllü şəkildə hərbi xidmətə getmək haqqında niyyətlərini bəyan ediblər”.

“Həmin günlərdə hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq ayağa qalxdı. Taleyin qisməti ilə dünyanın dörd bir yanına səpələnmiş, azərbaycanlılar mitinqlər keçirərək ordumuza, Ali Baş Komandan İlham Əliyevə dəstək olduqlarını, əzəli düşmənimiz olan ermənilərdən şəhidlərimizin qisasını almağa, torpaqlarımızı azad etməyə hazır olduqlarını bildirdilər. Bu gün bütün azərbaycanlılar bu əzmdədir və Ali Baş Komandan İlham Əliyevin bir çağırışı ilə hər kəs müsəlləh əsgər olmağa hazırdır. Dövlət başçısımız dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verilməyəcək və ölkəmizin ərazi bütövlüyü təmin ediləcək. Buna görə də, xalqımızda böyük inam var ki, Azərbaycanın üçrəngli, ay-ulduzu bayrağı Şuşada, Xankəndidə, digər işğal olunmuş kənd və şəhərlərimizdə dalğalanacağı gün uzaqda deyil”, - deyə R.Göyüşov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv