YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: ATƏT-in Minsk qrupunun həmsədrləri ermənilərin təxribatlarının qarşısını almaq üçün tədbirlər görməlidir

“Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin qeyri-qanuni fəaliyyəti və təxribatı davam etməkdədir. Bu günlərdə qondarma rejimin başçısı Araik Arutunyan Klikia katalikosu birinci Aramla danışaraq Livandan bir qrup erməni ailəsinin Dağlıq Qarabağa köçürülməsi məsələsini müzakirə edib. Bu, çox qorxulu tendensiyadır və beynəlxalq hüquqa ziddir”. Bu fikirləri  Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bunun hər şeydən əvvəl, 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası və onun protokoluna zidd olduğunu xatırladıb. Onun sözlərinə görə, bu cür faktlar əsla və əsla ATƏT-in Minsk qrupunun həmsədrlərinin, faktaraşdırıcı missiyanın diqqətindən yayınmamalıdır və bunun qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir.

Deputat diqqətə çatdırıb ki, ikinci təhlükəli məsələ isə ondan ibarətdir ki, bu günlərdə Ermənistanda hərbi xidmətə çağırışla bağlı qanuna düzəliş edilməsi məsələsi gündəmə gəlib. Bu, o deməkdir ki, könüllülərin bundan sonra Ermənistan ordusuna cəlb olunması qanuniləşəcək və bu prosesdə erməni ordusuna könüllülər adı altında çoxsaylı terrorçular cəlb ediləcək. Ona görə də bu iki fakt arasında əlaqə qurduqda belə nəticəyə gəlmək olar ki, Livandan köçürülən ailələrin içərisində də çoxsaylı terrorçular ola bilər. Çünki Livan daim terrorçuların məskunlaşdığı, yerləşdirildiyi və yetişdirildiyi bir məkandır. İlk dəfə 1875-ci ildə erməni terror təşkilatı ASALA məhz Livanda yaradılıb. Hazırda da bu klassik ənənə davam etməkdədir.

Millət vəkili vurğulayıb ki, əslində burada iki məsələyə xüsusi diqqət ayrılmalıdır: “Birincisi, qeyri-qanuni məskunlaşma, ikincisi isə Cənubi Qafqaza terrorçuların gətirilməsi ilə regionda vəziyyətin daha da gərginləşdirilməsi. Bu fakta hər şeydən öncə ATƏT-in Minsk qrupunun həmsədrləri dərhal reaksiya verməlidirlər. Əgər onlar regionda doğrudan da gərginliyin daha da artmasını istəmirlərsə, problemi sülh yolu ilə həll etmək istəyirlərsə bu cür addımların qarşısını almalı, işğalçı ölkəyə təzyiq etməlidirlər. Əks təqdirdə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün lazım olan bütün addımları atacaq”.