YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müşfiq Cəfərov: Pandemiya reallığı ilə yaşamağa adaptasiya olmalıyıq

“Azərbaycanda koronavirusun yayıldığı ilk vaxtlardan etibarən ölkədə qısa zamanda mütəxəssislərdən ibarət komanda yaradıldı, konkret istiqamətlərdə işə başlanıldı. Səhiyyə, iqtisadiyyat və sosial təminat sahələri xüsusilə diqqət mərkəzində saxlanıldı. Bu çətin günlərdə dövlətimiz hər zaman vətəndaşının yanında olduğunu bir daha sübut etdi. Azərbaycanda vətəndaşın sağlamlığı ön plana çəkildi. Dünya iqtisadiyyatının əsas gəlirlərinin aparıcı hissəsi turizmdən asılı olduğu üçün bəzi ölkələr iqtisadiyyatını daha üstün tutdu. Məhz bu səbəbdən də digər dövlətlərlə müqayisədə Azərbaycanda ölüm halı az yaşandı. Qonşu ölkələrin statistikasına baxsaq görərik ki, ölkəmiz pandemiyadan ən az itki ilə çıxır. Hazırda bir çox dövlətin əsas prioritetini virusla mübarizə təşkil edir. Artıq bir sıra ölkələr ikinci dalğa ilə bağlı narahatlıqlarını bildirirlər”. Bu fikirləri  Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Müşfiq Cəfərov bildirib ki, pandemiya dövründə hökumətin səmərəli addımları o vaxt uğur qazanır ki, cəmiyyət buna əməl edir. Karantin rejiminin, qadağaların tək bir məqsədi var - virusun sürətlə yayılmasının qarşısını almaq, zaman qazanmaq, bu zaman kəsimində yeni modul tipli xəstəxanalar tikmək, yeni reanimasiya otaqları yaratmaq, süni tənəffüs aparatları, tibbi avadanlıqlar almaq, dezinfeksiya məhsullarını ölkəyə gətirmək.

Deputat qeyd edib ki, mart ayından başlayaraq tətbiq edilən, aprel ayından isə daha da sərtləşdirilən karantin tədbirlərinin məqsədi məhz səhiyyə sistemini virusla mübarizəyə hazırlamaq, insanları daha çox məlumatlandırmaq, yeni davranış qaydalarını təbliğ etmək idi. Karantin rejiminin tətbiqi virusa qalib gəlmir, sadəcə, virusun yayılma sürətini azaldır ki, hazırlaşmaq mümkün olsun. Dövlətimiz karantin müddətində bütün vacib məsələləri həll etdi, əhalinin sosial təminatı istiqamətində təxirəsalınmaz addımlar atdı. Avqustun 5-dən statistik göstəricinin müsbətə doğru dəyişməsini nəzərə alaraq yumşalmaya gedildi. Bununla yanaşı, mütəxəssislərin verdiyi rəy və tövsiyələr onu deməyə əsas verir ki, hələ bizi qarşıda uzun mərhələ gözləyir.

“Artıq pandemiya reallığı ilə yaşamağa adaptasiya olmalıyıq. Yalnız bu yolla, çətin dövrün öhdəsindən gələ bilərik. Cəmiyyətin müxtəlif kəsimləri öz sağlamlıqları üçün müəyyən addımlar atsa, proseslərin təbii cərəyan etməsinə nail olarıq. Yoluxma hallarının sayının artmaması üçün xüsusi karantin rejimi hələ bir müddət davam etməlidir. Vətəndaşlarımız vaksin tapılmayana kimi mümkün qədər məsuliyyətli davranmalı, maksimum özlərini və ətrafdakıları qorumalıdır. Dövlət bütün qabaqlayıcı tədbirləri həyata keçirdikdən sonra bu tədbirlərin təsirliliyi əsasən cəmiyyətin həmin tədbirlərə olan münasibətindən irəli gəlir”, - deyə Müşfiq Cəfərov vurğulayıb.