YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Bacarıqlı kadrların irəli çəkilməsi xalqın və dövlətin maraqlarına xidmət edir

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkənin inkişafına, xalqın güzəranının yaxşılaşmasına, cəmiyyətdə demokratik dəyərlərin daha da güclənməsinə hədəflənib. Xalqın və dövlətin maraqlarının, milli mənafelərin ön plana çəkilməsi bütün sahələrdə böyük nailiyyətlərin əldə edilməsinə zəmin yaradıb.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, bu tərəqqinin, inkişafın geniş vüsət almasında məmur-vətəndaş münasibətlərinin xüsusi rolu var. Məhz, bunun üçün Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyi sistemi daim təkmilləşdirilir, düşünülmüş, ölçülüb-biçilmiş addımlar atılır. Təəssüflər olsun ki, bəzən qazanılan uğurlara kölgə salan məmur özbaşınalıqları, korrupsiya, rüşvətxorluq kimi neqativ hallarla rastlaşırıq. Ölkə rəhbərinin gördüyü saysız-hesabsız uğurlu işlərin, dövlətə və millətə fədakar xidmətinin fonunda bəzi məmurların yol verdiyi ciddi nöqsanlar vətəndaşlarda süni narazılıq yaradır. Ölkə Prezidenti dəfələrlə bildirib ki, məmurların, vəzifə sahiblərinin, hakimiyyəti təmsil edən insanların əsas vəzifəsi xalqın qulluğunda durmaq, onların yaxşı yaşaması üçün öz töhfələrini uğurla yerinə yetirməkdən ibarətdir.

“Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib” - Prezident İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən bir daha məmurlara ciddi mesaj verdi.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin Azərbaycanda sözdə yox, əməldə aparıldığını bildirən ölkə Başçısının vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnək olmalıdır. Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır və dəfələrlə vurğulayıb ki, heç kim qanundan üstün deyil. Statusundan istifadə edərək qanunları pozan və qanunun tələblərinə hörmətsiz yanaşan mütləq şəkildə məsuliyyətə cəlb edilir, onların barəsində cəza tədbirləri görülür. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır.

Azərbaycanın inkişafı, gücləndirilməsi, xalqın rifahının yüksəldilməsi üçün əlindən gələni əsirgəməyən dövlət Başçısı haqlı olaraq yeni təyin etdiyi icra başçılarından bütün tapşırıq və tövsiyələrin ciddi şəkildə əməl edilməsini tələb edir: ”Sizin də icra başçıları kimi, işinizin əsas prinsipləri məhz bu olmalıdır - Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük”.

Ümumiyyətlə isə, bacarıqlı, yeni təfəkkürlü, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə malik kadrların irəli çəkilməsi ölkəmizə, cəmiyyətimizə daha çox səmərə verə bilər.