YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəşad Mahmudov: İnfeksion xəstəliklər zamanı yoluxma sayı birrəqəmli səviyyəyə düşdükdə belə qətiyyən arxayınlaşmaq olmaz

“Son iki ay Azərbaycan səhiyyəsi, cəmiyyəti və dövləti üçün ağır dönəm oldu. Hər 1 milyon əhaliyə düşən xəstə sayı, yoluxma ilə yanaşı, vəziyyəti ağırlaşan pasiyentlər, reanimasiyada olan xəstələrin sayı baxımından çətinliklər yaşandı. Aidiyyəti qurumların operativ addımları, karantin rejimi ilə əlaqədar vaxtında verilmiş doğru qərarlar yoluxma sayının ikirəqəmli səviyyəyə düşməsinə səbəb olması səhiyyənin, aidiyyəti qurumların və cəmiyyətin dərindən nəfəs almasına imkan yaratdı. Lakin unutmamaq lazımdır ki, virutik xəstəliklər öz xüsusiyyətlərini dəyişmir”. Bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

R.Mahmudov bildirib ki, pandemiyaya səbəb olan, dünya iqtisadiyyatına və səhiyyəsinə zərbə vuran infeksion xəstəliklər zamanı yoluxma sayı birrəqəmli səviyyəyə düşdükdə belə qətiyyən arxayınlaşmaq olmaz. Hazırkı rəqəmlər nisbətən rahatlıq yaratsa da, sosial məsafə prinsipinə, əl gigiyenasına əməl etmək və maska taxmaq olduqca vacibdir. Virus əleyhinə dərman və ya peyvənd tapılana qədər həmin qaydalara riayət etmək məcburiyyətindəyik.

Onun sözlərinə görə, yeni növ koronavirusla (COVID-19) bağlı verilən proqnozlar sadəcə ehtimallar, tibbə məlum olan virus xəstəliklərinin və infeksiyaların yayılma xüsusiyyətlərinə uyğun reallıqlara əsaslanır. Hazırda hansı dalğada olduğumuz illər keçdikdən sonra araşdırmalar nəticəsində aşkar ediləcək və o vaxt ən böyük dalğanın, birinci və ikinci dalğanın qeydə alındığı tarixlər məlum olacaq. İndi yaşadığımız dövr üçün onu deyə bilərik ki, son iki ay ərzində Azərbaycan böyük bir dalğa ilə üz-üzə idi. Hazırda həmin dalğa nisbətən səngimiş və sönmüş vəziyyətdədir.

“Payız aylarında COVID-lə əlaqəsi olmadan da virus xəstəliklərinin artma dövrü olur. İnsan bədənində bəzi bioloji dəyişikliklər payız aylarında olduğuna görə istidən soyuğa ani keçid, eləcə də təbiətin özünəməxsus xüsusiyyətləri nəzərə alındığı zaman həmin vaxt alovlanmanın yenidən baş verməsi həm dünya ekspertləri, həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də bu sahədə fəaliyyət göstərən tibb mütəxəssisləri tərəfindən ehtimal edilir. Ona görə də biz buna hərtərəfli hazır olmalıyıq”-deyə, komitə sədrinin müavini vurğulayıb.