YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Soltan Məmmədov: Azərbaycan COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində ən effektiv qabaqlayıcı addımlar atan ölkələr sırasındadır

“Azərbaycan COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində ən effektiv qabaqlayıcı addımlar atan ölkələr sırasındadır. Bu, məhz dövlətimizin başçısının göstərişi ilə vaxtında görülmüş tədbirlər sayəsində mümkün olub”. Bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin bu gün keçirilən iclasında deyib.

Soltan Məmmədov bildirib ki, Azərbaycanda bütün testlər pulsuz aparılıb. Bu gün dünya təcrübəsi belədir ki, yalnız xəstəlik simptomları olanlar testdən keçirilir. Ölkəmizdə də simptomları olan insanlar və müxtəlif risk qrupları arasında analizlər dövlət tərəfindən ayrılmış vəsait hesabına pulsuz həyata keçirilir. Bu faktın özü dövlətimizin vətəndaşların sağlamlığına nə qədər həssaslıqla yanaşdığının göstəricisidir. Laboratoriyalarda istifadə edilən reaktivlər dünyanın inkişaf etmiş ölkələrindən alınıb və ən yüksək standartlara cavab verir.

Millət vəkilinin sözlərinə görə, şübhəsiz ki, bəzi özəl müəssisələrdə də testlər aparılır. Lakin bütün dünyada olduğu kimi, bizdə də özəl müəssisələrin fəaliyyəti bazar iqtisadiyyatı qanunları ilə tənzimlənir. Bu laboratoriyalara yalnız şəxsi məqsədlərlə xarici ölkələrə səfər edənlər, bu və ya digər səbəblərdən testdən keçmək istəyənlər müraciət edir. Ona görə də bu məsələləri bir-birindən fərqləndirməliyik.

“İndiyə qədər aparılan testlərin sayı 760 minə yaxındır. Ölkəmizdə gündəlik 10 minə qədər test həyata keçirilir. Adambaşına düşən testlərin sayına görə də ölkəmiz dünyada qabaqcıl yerlərdədir. Məhz yoluxmaların vaxtında müəyyənləşdirilməsi nəticəsində 30 minə yaxın insanın bu xəstəlikdən sağalması mümkün olub. Bu testləri həyata keçirən 31 laboratoriya var ki, onların da çox böyük əksəriyyəti son bir neçə ay ərzində yaradılıb. Daha 9 laboratoriyanın yaxın günlərdə açılması planlaşdırılır.

Mən, eyni zamanda, sosial şəbəkələrdə xaricdən gələn həkimlərlə bağlı bəzi qeyri-obyektiv müzakirələrə də toxunmaq istəyirəm. Həm İtaliyadan, həm Çindən, həm də digər ölkələrdən həkimlər Azərbaycana koronavirusla mübarizədə dəstək olmaq amalı ilə gəliblər. Bu ölkələrin hər birinə Azərbaycan çətin günlərdə kömək edib. Ona görə də bu cür təşəbbüsləri ölkəmizin zamanında göstərdiyi köməyin qarşılığı kimi qiymətləndirməliyik.

Koronavirusla mübarizə son dərəcə çətin, böyük zəhmət tələb edən ağır bir işdir. Hamımız bu sahədə çalışan insanların fədakarlığını, əziyyətini nəzərə alaraq, mümkün qədər bu mövzuya həssas yanaşmalı, obyektiv olmağa çalışmalıyıq. Sonda onu da bildirmək istəyirəm ki, zəruri hesab olunacağı təqdirdə bu məsələlərə aydınlıq gətirmək üçün biz Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələrini də dəvət edərək, dinləmə keçirə bilərik”, -deyə deputat vurğulayıb.