YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Ermənistan öz təcavüzkar, işğalçı niyyətindən əl çəkmək istəmir

“Azərbaycan da daxil olmaqla, bütün dünya ölkələri koronavirus pandemiyasından əziyyət çəkir. Pandemiyanın təsirləri hər bir sahədə özünü büruzə verir. Ölkəmizdə koronavirusla mübarizə istiqamətində dövlətimiz tərəfindən çox mükəmməl müdafiə sistemi yaradılıb. Koronaviruslu xəstələrin müvafiq şəraitdə müalicə almaları üçün hər bir şərait var. Virusun ölkəmizdə yayılmağa başladığı ilk günlərdən bütün zəruri tədbirlər görülüb. Dövlətimiz tərəfindən Dəstək Proqramı həyata keçirilir, vəziyyət nəzarətdə saxlanılır. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir. Ölkəmiz koronavirusla mübarizədə ÜST-ə və dünyanın 30-dan çox ölkəsinə maliyyə yardımı göstərib. Amma bunu bədnam qonşumuz işğalçı Ermənistan haqqında demək mümkün deyil”. Bu fikirləri  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı onsuz da kasıb ölkə olan Ermənistanda vəziyyətin daha da kritik olduğunu və maliyyə yardımı üçün digər ölkələrə üz tutduğunu qeyd edib. Bildirib ki, əhali, xüsusilə də, gənclər ölkəni tərk edərək dolanışıq üçün başqa ölkələrə üz tuturlar. Bu da təbii ki, əhalinin sayının azalmasına səbəb olur: “Hazırda bu ölkə xarici ölkələrin, müxtəlif beynəlxalq təşkilatların maliyyə yardımı hesabına dolanır. Büdcəsi və iqtisadiyyatı xaricdən, beynəlxalq təşkilatlardan asılı olan ölkədə acınacaqlı vəziyyət yaranıb və Ermənistan iflasa doğru gedir. Erməni xalqı Paşinyan rejiminin girovuna çevrilib. 2 milyona yaxın əhalisi olan ölkədə 40 mindən artıq koronaviruslu xəstə var. Dərman, çarpayı çatışmır. Digər tərəfdən ölkədə müxalif fikirli hər kəsə qarşı çox sərt repressiya tətbiq edilir. Müxalifətin təmsilçilərinə qarşı müxtəlif qadağalar və məhdudiyyətlər qoyulur. Bəziləri səbəbsiz cinayət məsuliyyətinə cəlb edilir. Bir qrup hüquq müdafiəçisi isə təqib və nəzarət altında saxlanılır. Ölkədə elə bir diktatura rejimi yaradılıb ki, həbs olunmuş müxalifət nümayəndələrinə hətta vəkil belə tutmağa imkan verilmir”.

M.İbrahimqızı bildirib ki, Ermənistan yenə də öz təcavüzkar, işğalçı niyyətindən əl çəkmir. Qeyd edib ki, bədnam qonşumuz nəinki bizim ölkəyə, digər qonşu ölkələrə-Türkiyə, Gürcüstana da ərazi iddiasındadır: “Ermənistan Türkiyəni soyqırımında günahlandırır. Əslində, o özü ən qəddar cinayətkardır və Xocalıda törədilənlər ən böyük soyqırımıdır. Ermənilərin tarixi saxtadır. Tarixi saxtalaşdırmaq sanki onların peşəsinə çevrilib”.

Deputat Ermənistan Ordusunda vəziyyətin acınacaqlı olduğunu bildirib. Onun sözlərinə görə, orduda əsgərlərin koronavirusa yoluxması çox geniş yayılıb. Bunu Ermənistanın Müdafiə Nazirinin sözcüsü Şuşan Stepanyan da təsdiq edib. Belə ki, 1 iyul tarixində hərbi xidmətə çağırış başlayandan iyulun 30-na kimi 30 əsgərdə koronavirus aşkarlanıb.