YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon Gənclər Birliyi və Etika Akademiyasının birgə təşkilatçılığı ilə “İnternet istifadəçiliyi etiketi (NetEtiks)” mövzusunda veb-seminar keçirildi

İyulun 21-də YAP Səbail rayon Gənclər Birliyinin təşkilatçılığı ilə gənclər üçün növbəti maarifləndirici veb-seminar keçirildi.

90-a yaxın gəncin iştirak etdiyi seminarda məruzəçi qismində Etika Akademiyasının rəhbəri Günel İbrahim “NetEtiks – Rəqəmsal Etiket” mövzusunda geniş məzmunlu çıxış edərək gənclərə günümüzün aktual müzakirə predmeti olan internetdə davranış və uğur formulalarının sirri haqqında maraqlı məlumatlar təqdim etdi. Qeyd edək ki, bu “İnternet istifadəçiliyi etiketi (NetEtiks)” mövzusunda gənclər üçün keçirilən ilk seminarlardan biri oldu.

İlk öncə, seminar iştirakçılarını salamlayan YAP Səbail rayon Gənclər Birliyinin sədri Riyad Rüstəmli gənclərin sosial şəbəkədəki fəaliyyətinin düzgün təşkilinin əhəmiyyətinə diqqət çəkərək seminar üçün seçilmiş internet istifadəçiliyi etiketi mövzusunun aktuallığını vurğuladı və bu həssas məsələ ilə bağlı gənclərimizi maarifləndirmək üçün bu gün dəvət olunmuş və işinin əsl peşəkarı olan Günel İbrahimi gənclərə təqdim etdi. Qeyd olundu ki, Günel xanım Etika Akademiyasının rəhbəri kimi bir çox uğurlu işlərə imza atmaqla yanaşı təcrübəli hüquqşünasdır, Almaniyanın Adler Beynəlxalq Akademiyasının menecmentlk üzrə məzunu və Britaniya institutlarından HR üzrə diplom sahibidir. Ölkəmizin 14 kəndində içməli su layihələrinə imza atmışdır, etiket üzrə 200-dən artıq ilk internet verilişlərinin müəllifidir. Dəvəti qəbul etdiyinə görə Günel xanıma təşəkkür edən R.Rüstəmli bildirdi ki, Səbail rayon gəncləri seminarın mövzusu və məruzəçi elan olunduqdan sonraya bu mövzuya yüksək maraq göstəriblər və bugünkü seminardakı çoxsaylı iştirak bu marağın bariz təzahürüdür.

Daha sonra söz mühazirəçiyə verildi və Günel İbrahim “İnternet istifadəçiliyi etiketi (NetEtiks)” mövzusunda gənclərə geniş məzmunlu və zəruri məlumatlarla zəngin geniş mühazirə oxudu. Mühazirə gedişində gənclərə net-siyasət, rəqəmsal dünyada özünütəqdimat qaydaları, sosial şəbəkədə peşəkarlar tərəfindən tətbiq olunan psixoloji təsir mexanizmləri, sosial şəbəkə istifadəçilərinin düzgün davranış çərçivəsində əldə edə biləcəyi müsbət impulslar, sosial hesabların məqsədyönlü istifadəsi üçün professional tətbiqlər, qarşındakına düzgün mesaj verilməsi üçün şərhyazma etiketi, bir sözlə NetEtiks kodeksi haqqında geniş və ətraflı məlumat verildi. Gənclərin çox vaxt keçirdikləri Facebook, Twitter, Instagram, LinkedIn, WhatsApp və Zoom sosial şəbəkələrinin vacib və təməl istifadə qaydaları haqqında detallı məlumat verən G.İbrahim həmçinin gənclərə bu mövzuda gələcək fərdi inkişafları üçün bir neçə peşəkar məzmunlu kitab tövsiyəsi verdi.

Gənclərin böyük maraqla dinlədiyi və yaxından iştirak etdiyi seminar gənclərin mövzu ətrafında çoxsaylı suallarının cavablandırılması və diskussiya şəklində davam etdi.