YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP və AK Partiyanın gəncləri bir araya gəldi

İyulun 20-də Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyi və Ədalət və İnkişaf Partiyasının Kayseri Rayon Gənclər Qolu arasında son günlər Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş vermiş təxribatlar fonunda Azərbaycan və Türkiyə gənclərinin, Azərbaycanın haqq səsinin müdafiə olunmasında rolu mövzusunda videokonfrans formatında iclas keçirilmişdir. İclasda YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, Gənclər Birliyinin İdarə Heyətinin üzvləri, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və AK Partiyasının Kayseri Rayon Gənclər Qolunun başqanı Furkan Şimşək, Gənclər Qolunun İdarə Heyətinin üzvləri iştirak etmişdir. 

İclası giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev bütün iştirakçıları salamladı və iclas iştirakçıları arasında qısa tanışlıq oldu. Azərbaycan və Türkiyə gəncləri arasında qarşılıqlı əlaqələrin möhkəmliyini vurğulayan Fəsli Nəbiyev bildirdi ki, son illər bu əlaqələr çərçivəsində hər iki ölkənin gəncləri arasında keçirilən görüşlər, tədbirlər daha da artmışdır. Bu əlaqələrdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Ədalət və İnkişaf Partiyasının Gənclər Qolu arasında əməkdaşlığın xüsusi önəmi vardır. Son günlər Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş vermiş təxribatlar barədə məlumat verən Fəsli Nəbiyev bildirdi ki, Ermənistan tərəfindən ölkəmizə qarşı törədilən təxribatlar nəticəsində sərhəd boyu ərazilər, yaşayış yerləri atəş altında qalıb, 12 hərbi qulluqçumuz şəhid olub, 1 nəfər mülki vətəndaşımız isə artilleriya atışları nəticəsində qətlə yetirilib. Türkiyənin bu hadisələrə Prezident Rəcəb Tayyib Ərdoğan səviyyəsində ilk münasibət bildirən, qardaş ölkə olduğunu vurğulayaraq, qeyd etdi ki, bu addım Azərbaycanda böyük rəğbətlə qarşılanıb. Eyni zamanda, Ədalət və İnkişaf Partiyasının Gənclik Qolunun da bu hadisələrlə bağlı bəyanat yayması, partiya gənclərinin Azərbaycana olan dəstəyini göstərir və Yeni Azərbaycan Partiyasının gəncləri olaraq bu dəstəyə görə təşəkkür edirik! 

Ədalət və İnkişaf Partiyası Kayseri Rayon Gənclər Qolunun başqanı Furkan Şimşək çıxış edərək bir daha iştirakçıları salamladı, keçirilən iclasın hər iki ölkənin gəncləri üçün önəmini vurğulayaraq, bunun YAP və AK partiyası gəncləri arasındakı münasibətlərdə bir yenilik olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ordusunun mövqelərinə edilən hücumlar Türkiyə tərəfindən kəskin şəkildə pislənilir. Allahdan şəhid olan hərbi qulluqçularımıza və qətlə yetirilən dinc sakinimizə rəhmət diləyən Furkan Şimşək, Türkiyə gənclərinin Ermənistan tərəfindən həyata keçirilən işğal siyasətinə qarşı Azərbaycanın haqq savaşında yanında olduqlarını və Azərbaycan ərazi bütövlüyü uğrunda hər an könüllü hərbi xidmətə yollanmağa hazır olduqlarını bildirdilər. 

Daha sonra, çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirdi ki, son dövrdə Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təxribatlar döyüş bölgəsində olmaqla yanaşı informasiya sahəsində də özünü göstərməkdədir. Müasir dövrdə sosial şəbəkələrin önəmini vurğulayaraq gənclərin buradakı fəaliyyətinin daha da təkmilləşdirilməsinin önəmini qeyd edən Fərid Şahbazlı Azərbaycan və Türkiyə gənclərinin sosial şəbəkələrdə hər iki ölkənin milli maraqlarının müdafiə olunmasında xüsusi rol oynadığını bildirdi. Bu baxımdan gənclərin sosial şəbəkələrdə Azərbaycanla bağlı həqiqətlərin daha geniş kütlələrə çatdırılması üçün birgə koordinasiyanın vacibliyini qeyd edərək, onları bu istiqamətdə daha da fəal olmağa çağırdı.

Sonda iclas iştirakçıları arasında Azərbaycan və Türkiyənin COVİD-19 pandemiyası ilə apardıqları mübarizə və mövzu ətrafında müzakirələr aparılaraq, müxtəlif fikir mübadilələri aparıldı.