YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Ermənistan hakimiyyəti son təxribatı zamanı üzləşdiyi çoxsaylı itkini gizlətməkdə acizdir

“Bu gün işğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq iqtidarında deyil. Ölkəmizin dayanıqli inkişafı bütün sahələrdə, o cümlədən ordu quruculuğunda mühüm addımların atılmasını şərtləndirir. Dövlətimizin Silahlı Qüvvələrə  göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Azərbaycanın ənənəvi olaraq Beynəlxalq müdafiə sərgilərinə ev sahibliyi etməsi də dövlətimizin ordu quruculuğunda qazandığı uğurlara, eyni zamanda, dünyanın silah istehsalı sahəsində öndə gedən ölkələri və transmilli şirkətləri ilə  əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələrə əsaslanır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan Ordusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində işğalçı ölkənin silahlı qüvvələrinin törətdikləri təxribat nəticəsində baş verən döyüşlərdə bir daha öz gücünü, qüdrətini nümayiş etdirdi: “Ermənilərin növbəti hərbi təxribatının qarşısı qətiyyətlə alındı. Çox təəssüf ki, Azərbaycan Ordusu bu döyüşlərdə şəhid verdi. Azərbaycan tərəfi hərbi əməliyyatların gedişi zamanı operativ surətdə itkilərlə bağlı dəqiq rəsmi məlumatlar açıqlasa da, erməni tərəfi xislətinə uyğun olaraq əvvəlcə israrla heç bir itki vermədiyini iddia edirdi. Artıq, necə deyərlər, “cidanı çuvalda gizlətmək” mümkün deyil. Azərbaycan tərəfinin düşmənin xaincəsinə hücumunun ilk anlarından Ermənistan ordusunun ciddi itkilər verməsi barədə reallığa əsaslanan rəsmi məlumatları işğalçı dövlət tərəfindən etiraf olunmaqdadır.  Düşmən ölkənin sosial mediasında  Tovuz istiqamətində hücumu zamanı Ermənistan silahlı qüvvələrinin 100-dən artıq əsgər və zabit itkisi ilə üzləşdiyi, xeyli sayda hərbi texnikasının məhv edildiyi  barədə məlumatlar yayılıb və bu informasiyalar erməni cəmiyyətində böyük ajiotaj və təlaş yaradıb.”

 “Göründüyü kimi, Azərbaycan Ordusunun yenilməz gücü və qüdrəti qarşısında erməni ordusunun zəifliyi daha qabarıq şəkildə özünü büruzə verir” söyləyən V.Rəhimzadə qeyd edib ki,  iqtisadi böhran içərisində çabalayan Ermənistanın son təxribatına Azərbaycan Ordusunun verdiyi adekvat cavabdan sonra işğalçı ölkənin siyasi və hərbi rəhbərliyinin hər hansı bir sahədə, o cümlədən ordu quruculuğunda inkişafdan  danışması təəccüb doğurar. Hazırda, yəni, qlobal problem olaraq həlli qlobal səviyyədə  birlik, həmrəylik tələb edən COVID-19-un agır nəticələrini yaşayan işğalçı Ermənistanın istər daxildəki problemlər, istərsə də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin uzanması məqsədilə törətdiyi son təxribat işğalçı dövlətin ordusunda da yaşanan duruma  aydınlıq gətirdi. Bu baxımdan ki, Ermənistan ordusunda generallar, zabitlər əsgərlərin arxasında gizlənərək oz canlarıni qoruyur, onları döyüşlərə cəlb edərək həlak olmalarına səbəb olurlar. Amma yağı düşməndən fərqli olaraq  Azərbaycan Ordusunun generalı  tabeliyində olan  hərbçilərdən özünü fərqləndirmir, qarşıda duran tapşırığı yerinə yetirmək üçün  öz canını hər an qurban verməyə hazır olduğunu nümayiş etdirir. Ermənistan silahlı qüvvələrinin son təxribat əməllərinin qarşısı qətiyyətlə alınarkən əsgərlərlə birlikdə ön xətdə döyüşərək həlak olan ordumuzun general-mayoru Polad Həşimovun və digər yüksək çinli şəhid zabitlərimizin qəhrəmanlıq nümunəsi bunu bir daha sübut etdi.”

Baş redaktor  Ermənistan hakimiyyətinin döyüşlərdə həlak olanların sayını azaltmaq cəhdini  düşmənin acizliyi, cılızlığı kimi dəyərləndirərək bildirib ki, bu yolla ordu barədə güclü imic yaratmaq mümkün deyil: “Siyasi  savadsızlıq və korafəhmlik  belə bir yanaşmaya əsas versə də, reallıq budur ki, hərbi təxribatdan, döyüşdən söhbət gedirsə, itki qaçılmaz olacaq.  Bugünədək siyasətini, təbliğatını yalan üzərində quran, özünə saxta tarix yazıb illərdir işğalçılıq siyasəti ucbatından iqtisadi çətinliklər məngənəsində boğulan bir dövlətin rəhbərliyi itkiləri də inkar yolunu tutursa, artıq  bunun geniş şərhə ehtiyacı yoxdur.  Çünki bu günlər  istər xarici KİV-lərdə, istərsə də Ermənistan mətbuatında döyüşlərdə xeyli sayda erməni hərbçilərinin  həlak olduğu faktlar əsasında açıqlanır.  Bildirilir ki, Ermənistan silahlı qüvvələri istər hərbi texnika, istərsə də  canlı qüvvə baxımından ciddi  itkilər verərək geri oturmağa məcbur edilib.  Görünür, Ermənistan hakimiyyəti azadlığını və müstəqilliyini boğmaga cəhd etdiyi  öz mətbuatında yer alan bu məlumatlardan xəbəsizdir.”

Vüqar Rəhimzadə bildirib ki, döyüş meydanında məğlub olan Ermənistan  ənənəsinə uyğun olaraq yalan təbliğata əl atıb: “Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti  bildirir ki, guya  Azərbaycan əsgərləri “UAZ” markalı maşınla sərhədi keçməyə cəhd göstərdikdən sonra ermənilər xəbərdarlıq atəşi açaraq həmin əsgərləri maşını tərk etməyə məcbur ediblər. Ermənistan Müdafiə Nazirliyinin sözçüsü  bir saatdan sonra Azərbaycan qoşunlarının ikinci dəfə cəbhəni keçməyə cəhd göstərdiklərini,  bu zaman artilleriya atəşindən istifadə etdiklərini iddia edir. Bu, ermənilərin növbəti riyakarlığıdır. Onlar  nə qədər hiyləgər,  mənəviyyatsız olduqlarını bir daha dünya ictimaiyyətinə nümayiş etdirdilər.

«Ermənistan tərəfinin yaydığı yalan məlumatlar o miqyasa çatıb ki, nəinki Azərbaycanın, hətta xarici mətbuatın belə nəzərindən yayınmır» söyləyən baş redaktor vurğulayıb ki,  Almaniyanın “Bild” nəşrinin jurnalisti, siyasi analitik Yulian Röpke öz “Twitter” səhifəsində Ermənistan Müdafiə Nazirliyinin yaydığı videonu şərh edərək yazıb ki, görüntülərdəki əslində PUA yox, iki mühərrikli ensiz mülki təyyarədir. Almaniyalı jurnalist bir tərəfdən havadan müdafiə sistemlərinin mülki təyyarəyə tuşlanmasına, digər tərəfdən isə Ermənistanın Müdafiə Nazirliyinin rəsmi “YouTube” səhifəsində bu cür yalan videoların yerləşdirilməsinə təəccübləndiyini bildirib.

V.Rəhimzadə qeyd edib ki, törətdikləri təxribatı Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərən Ermənistanın hakimiyyət orqanları bununla yenə də dünyanın diqqətini özlərinin işğalçılıq, faşizm siyasətlərindən yayındırmağa çalışır, belə rəy yaratmaq istəyirlər ki, guya Azərbaycan sülh danışıqlarında maraqlı olmadığı üçün hərbi təxribatlara əl atır. Nəzərə alsaq ki, döyüşlər Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə ağır silahlardan istifadə olunmaqla  aparılıb, Ermənistanın məqsədi bəlli olur: Dağlıq Qarabağ probleminin həllinin qarşısını almaq, yeni bir münaqişə mənbəyi yaratmaq. Bu reallıqlar bir sıra beynəlxalq təşkilatların, dövlətlərin təxribatla bağlı yaydıqları bəyanatlarda da öz əksini tapıb.”

Baş redaktor vurğulayıb  ki, diqqəti çəkən əsas məqamlardan biri də  odur ki, bir sıra beynəlxalq  təşkilatlar, o cümlədən  BMT-nin Baş katibi ermənilərin hərbi təxribatına münasibət bildirsə də, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri yenə də ənənələrinə uyğun olaraq seyrçi mövqedə dayanmağa üstünlük verirlər. Düşünürük ki, BMT səviyyəsində pislənilən bu təxribat ATƏT-in Minsk qrupunun həmsədrlərinə missiyası ilə bağlı xatırlatmalar etməklə yanaşı, nəhayət onu işğalçını öz adı ilə çağırmağa vadar edəcəkdir.