YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyi 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş "Azərbaycan Ordusu: Xalqımızın qürur mənbəyi" adlı videokonfrans formatında tədbir keçirib

  İyunun 26-da  Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş "Azərbaycan Ordusu: Xalqımızın qürur mənbəyi" adlı videokonfrans formatında tədbir keçirib.

  Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Ramin Məmmədov 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə  videokonfrans iştirakçılarını təbrik edib. Onun sözlərinə görə, Azərbaycanda müstəqil dövlət quruculuğunun ən mühüm nailiyyətlərindən biri respublikamızın suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin müdafiəsinə xidmət edən Silahlı Qüvvələrin yaradılmasıdır. Əsas Qanunumuzun – Konstitusiyamızın 9-cu maddəsində göstərildiyi kimi, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır. Xalqımızın zəngin və şərəfli hərbi ənənələrini qoruyub saxlamaqla müstəqil dövlətimizdə məqsədyönlü və səmərəli ordu quruculuğunun aparılması, müasir tələblərə cavab verən silahlı qüvvələrin və yüksək mənəvi-psixoloji keyfiyyətlərə malik şəxsi heyətin formalaşdırılması ulu öndər Heydər Əliyevin özünəməxsus müdriklik və uzaqgörənliklə həyata keçirdiyi, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyət və ardıcıllıqla davam etdirdiyi mükəmməl strategiyaya əsaslanır. Bu gün öz gücü və qüdrəti ilə seçilən, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirmək imkanı olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri dövlət müstəqilliyinin bərpasından ötən illər ərzində çətin sınaqlardan,  sözün həqiqi mənasında, od-alovdan keçmiş, mətinləşmişdir.

  Ramin Məmmədov  öz çıxışında Azərbaycan ordusunun yaranma tarixi barədə danışaraq 1918-ci il 26 iyun tarixli fərmanla yaradılmış Azərbaycan Milli Ordusunun qısa müddətdə Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdiyini bildirdi. 1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından sonra milli ordusunun ləğv edilməsi, yalnız Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Sovetində milli ordunun yaradılması haqqında qərarın qəbul edilməsi, Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli  Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyunun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması və hər il bu tarixin rəsmi dövlət bayramı kimi qeyd edilməsi barədə danışdı.

  Daha sonra konfransda çıxış edən Milli Qəhrəman Mübariz Əhmədovun bacısı Nüşabə Əlizadə və Şəhid Qadir Məmmədovun oğlu, YAP Ucar rayon təşkilatı Gənclər Birliyinin sədri Rusif Məmmədov Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərildiyini, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirildiyini diqqətə çatdırdılar.         

  Milli Qəhrəman Yuriy Kovalyevin ailə üzvləri Regina və Vitaliy Kovalyevlar tərəfindən vurğulandı ki, tarix boyu  Azərbaycanda dövlətçiliyimiz və torpaqlarımız uğrunda döyüşən qəhrəman oğullar yetişib, Azərbaycanın neçə-neçə igid, cəsur, qəhrəman övladları şəhidlik, qəhrəmanlıq zirvəsinə ucalıblar, öz  soy-kökünə bağlı olaraq milli qeyrətlərini, şücaətlərini göstəriblər. Çıxışçılar  Milli Qəhrəman Yuriy Kovalyevin keçdiyi şərəfli döyüş yolu, həyatı haqqında danışdılar, onun göstərdiyi şücaətlərin hər bir azərbaycanlı üçün örnək, nümunə olduğunu vurğuladılar.

  Onlayn konfransda çıxış edən Qarabağ döyüşçüsü Aqil Mürsəl oğlu Əhmədov Qarabağ döyüşlərində  yaşanan xatirələri və Vətənin ağır günlərini yad etdi. Qəhrəman döyüşçü o günləri yad edərkən döyüşlərin təəssüratlarını, doğma el – oba üçün nə qədər həsrət çəkdiyini videokonfrans iştirakçılarının diqqətinə çatdırdı. Aqil Əhmədov Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bu gün çox güclü olduğunu və ordumuzun düşmən üzərində qələbə çalacağına əmin olduğunu bildirdi. Ali Baş Komandan döyüş əmri verərsə Vətən torpaqları uğrunda yenə mübariz döyüşəcəyinə söz verdi.Qarabağ döyüşçüsünün örnək döyüş həyatı və bugünkü ruh yüksəkliyi gənclərin düşmən üzərində qələbə çalacağına olan inamını bir daha artırdı.