YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fatma Yıldırım: Elm və iqtisadiyyatın vəhdəti elmtutumlu sahələrin inkişafına xüsusi töhfə verir

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iyunun 24-də Gəncəyə səfərləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirakı aqrar elmə verilən yüksək qayğının nəticəsidir. Bu gün ölkəmizdə elmtutumlu iqtisadiyyat quruculuğu geniş vüsət alıb, uğurla həyata keçirilən iqtisadi şaxələndirmə siyasətinə uyğun olaraq yeni növ məhsul və xidmətlərin istehsalı hesabına ÜDM-in artırılması, ixracyönümlü milli istehsalın səmərəliliyinin artırılması üçün yeni texnologiyalar tətbiq edilir, ən qabaqcıl texnologiyalara əsaslanan layihələr icra olunur”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Fatma Yıldırım deyib.  

Fatma Yıldırım bildirib ki, elm və iqtisadiyyatın vəhdəti elmtutumlu sahələrin inkişafına xüsusi töhfə verir, milli iqtisadiyyatın yeni mərhələyə keçidini, innovativ inkişafa qədəm qoymasını sürətləndirir. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə qarşıya qoyulmuş əsas hədəflərdən biri də müasir tələblərə cavab verən kadr hazırlığının və elmi tədqiqatların aparılması, iqtisadiyyatın inkişaf templərinə uyğun elmtutumlu sahələrin formalaşdırılmasıdır. Bu meyarlar ali təhsil müəssisələri qarşısında da yeni vəzifələr qoyur, elm- təhsil-iqtisadiyyat quruculuğunun ahəngdarlığınım artırılmasını zəruri edir. Ali təhsil siyasəti yeni iqtisadiyyat, sənaye, elm müəssisələri ilə birgə sıx əlaqəli şəkildə həyata keçirilməklə mövcud iqtisadi inkişafın tələbələrinə cavab verməlidir. Bu gün qeyri-neft sektorunun aparıcı sahələrindən birinə çevrilən kənd təsərrüfatının elmi əsaslarla inkişaf etdirilməsində, aqrar sektorda müasir texnologiyaların tətbiqində aqrar elmin rolu durmadan artmaqdadır. Bu baxımdan Azərbaycanın nüfuzlu elm ocaqlarından bir olan Azərbaycan Dövlət Aqrar Universiteti iqtisadi tədqiqatların, müasir elmi kəşflərin və proqramların gerçəkləşməsində mühüm əhəmiyyət kəsb edir. 

“Azərbaycan Dövlət Aqrar Univeristitetinin inzibati binasının yenidən qurulması, maddi-texniki bazasının gücləndirilməsi aqrar elmin, elmi kəşflərin inkişafında və iqtisadiyyatda geniş tətbiq edilən yeniliklərin əsas mərkəzlərindən biri kimi ölkəmizə fayda verəcəkdir. Bu elm ocağı müasir təfəkkürlü və yeni biliklərə yiyələnmiş kadrların hazırlanmasına, yeni elmi-tədqiqatların aparılmasına imkan yaradacaqdır. Azərbaycanın milli təhlükəsizliyinin əsas fundamental sahələrindən biri olan ərzaq təhlükəsizliyi probleminin həllində elmi əsaslara söykənən kənd təsərrüfatının inkişafı xüsusi yer tutur və bu ali təhsil müəssisəsi həmin istiqamətdə də aqrar elmimizə dərin töhvə verəcəkdir”-deyə, deputat vurğulayıb.