YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: «Milli şura»çılar, gələcəyə nə qədər tələssəniz də keçmişinizi özünüzlə aparacaqsınız

«Dağıdıcı ünsürlərin «birlik», «həmrəylik» adı altında yaratdıqları qondarma qurumların  xarici dairələrin layihəsi olduğu və  «fəaliyyətlərinin» əsasında da məhz  himayədarlarına xidmətin dayandığı sirr deyil. Tarixə müraciət edək. Radikal düşərgədə müxtəlif zamanlarda müxtəlif adlar altında  «birlik»lər yaradılıb, amma sonları tarixin zibilliyi olub. SİDSUH, DUBB, DUH, «beşlik», «dördlük» və sair kimi sıralamanı hələ xeyli davam etdirə bilərik. Görəsən bu qondarma  «birliklərin» yarandıqları andan ölü quruma çevrilmələrinin səbəbi nədir? Bu sualın cavabı sadə olduğu qədər də mürəkkəbdir.  Çünki bu «birliklər» xalqın  sosial sifarişi  deyil, xarici anti-azərbaycan, erməni və ermənipərəst dairələrin tapşırığı ilə yaranan amorf qurumlardır.  Xalqa deyil, qul psixologiyalarından irəli gələrək  xarici himayədarlarına arxalanan, onların çaldıqları hava ilə oynamaq məcburiyyətində qalan bu ünsürlər üçün vətəndaş təəssübkeşliyi, dövlət maraqları  anlayışı  yaddır.  Dağıdıcılar  nə zaman maraqları üst-üstə düşürsə bir araya gəlir,  istəklərinə nail olmadıqda əsl mərəkə ondan sonra başlayır. 2013-cü il prezident seçkiləri ərəfəsində xaricin sifarişi əsasında yaranan «Milli Şura»nın ötən  dövr ərzində «fəaliyyəti» həmin dairələrə xidmətdən başqa bir şey olmayıb. Pandemiya bu  qondarma qurumda  birləşənlərin məlum simalarını bir daha ictimaiyyətə açıqladı.  «Videokonfrans» adı altında keçirdikləri tədbirlərdə kimliklərini açıq-aşkar bəlli edən bu ünsürlər ikrah doğuran açıqlamaları, hərəkətləri ilə qurumdan istefaların dərinləşməsində katalizator rolunu oynadılar.  İlk «videokonfrans»larında  milli-mənəvi dəyərlərə hörmətsizliklərini, mənəviyyatsızlıqlarını bir daha ictimaiyyətə açıqlayan  əli kərimlilər, cəmil həsənlilər,  gültəkin hacıbəylilər, qənimət zahidlər  növbəti «videokonfrans»da  satqın, düşmən dəyirmanına su tökən,  xəyanətkar, antimilli mövqelərini nümayiş etdirdilər.»   Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, bu deyimi bir daha «Milli şura»çıların  diqqətinə çatdırmağı  özümüzə borc bilirik -  gələcəyə nə qədər tələssəniz də  keçmişinizi  özünüzlə aparacaqsınız.   Bu gün «Milli Şura»da  cəmləşən   insanların  keçmişinə nəzər salsaq, onların hamısının dönüklükdə,  satqınlıqda ad çıxardıqlarını  görərik.  Ölkə reallıqlarını inkar yolunu tutanların, eyni zamanda, pandemiya dövründə  iqtisadi sferada  müəyyən çətinliklərin yaranmasını, ən əsası neftin qiymətinin aşağı düşməsini toy-bayram kimi qeyd edənlərin  keçmişini bu günü ilə müqayisə edəndə nə qədər simasız, əqidəsiz, dönük olduqlarının şahidi olursan. Bu gün hər kəs «mən» deyib, özünü «qəhrəman» kimi təqdim edə bilər.  Amma ən əsası  budur ki, səninlə bağlı ictimai rəy necədir, irəli sürdüyün  fərziyyə gerçəklik kimi qəbul olunandırmı?

 Baş redaktor diqqəti «videokonfrans»da  səsləndirilən fikirlərə yönəldib: «Neftin qiymətinin aşağı düşməsini böyük sevinc hissi ilə qeyd edib,  tərəfdaşlarından bunun üçün təbrik gözləyən Gültəkin Hacıbəyliyə vaxtilə Milli Məclisin deputatı olarkən  müsahibələrinin birində söylədiyi «Mən əqidə və prinsip adamıyam» fikirlərini xatırlatmaq istərdik. Əqidəsinə dönük çıxan, dövlətinin, xalqının düşdüyü çətinlikdən fərəh hissi keçirən belələri üçün  ictimai qınaq ən böyük cəzadır. Sual olunur: Neftin qiymətinin  14 dollara düşməyi «əqidə və prinsip adamı» olan  Gültəkin Hacıbəyliyə niyə sevinc gətirir? Eyni zamanda, onun bu sevincinə, təbrik gözləntisinə Cəmil Həsənlinin «Hə, bilirsən, o son hədd olsaydı təbrik etmək olardı. Amma son hədd deyil də…» cavabı və bunun ardınca onları daha da kiçildən, acizləşdirən qəhqəhələri belələrinin ünvanına onlardan fərqli olaraq milli-mənəvi dəyərlərimizə, mənəvi zənginliyimizə  hörmətdən irəli gələrək yalnız  «ar olsun» ifadəsini səsləndirməyə seçim qoyur. Çünki artıq söylədikləri   fikirlər və ikrah doğuran  gülüşləri onların  kimliyinin əsl  təqdimatıdır. Budur, «əqidə və prinsip adam»larının əsl siması. «A millət, a millət, xəbəriniz var? Hamınızı təbrik etmək istəyirəm, yeri gəlmişkən, neft 14 dollara düşüb» müraciətindən utanmayan gültəkinlər artıq  bu millətin, xalqın bir nümayəndəsi olmadığını  etiraf edir.   Buyruq qulu olub,  qopardıqları qrantların qarşılığında  dövlətinə, xalqına xəyanət yolu tutanlar üçün şəxsi ambisiyalar milli maraqları elə  üstələyib ki, gələcəyə hansı adla addımladıqlarının fərqində deyillər.  Vətənə dönük çıxmaq, Vətəni satmaq, dövlət və xalqa xəyanət yolunu tutmaq, xalqının, dövlətinin  çətin günlərində  yanında olmaq əvəzinə yaşananlardan  sevinc hissi keçirmək bağışlanmazdır.»

  V.Rəhimzadə vurğulayıb ki, neftin qiymətinin düşməsini xalqın  sosial  rifahında  çətinliklərin yaranması kimi dəyərləndirib, bundan öz çirkin niyyətlərini- xalq-hakimiyyət qarşıdurması yaratmaq istəklərini həyata keçirmək üçün bir  vasitə kimi istifadə etməyə çalışanlara bu xatırlatmanı  etmək istərdik: «Bu gün Azərbaycan  iqtisadiyyatını düzgün əsaslar üzərində  quran,  yalnız neft amilindən asılı olmayan,  şaxələndirmə  siyasətini uğurla həyata keçirib müsbət dinamikanı davam etdirmək imkanında və gücündə olan ölkə kimi dünyanın diqqətindədir. Cənab İlham Əliyev  bütün çıxışlarında bildirir ki, bütün dövrlərdə, o cümlədən pandemiya zamanı insanların sağlamlığının, sosial rifahının təminatı birinci yerdə olub.»

   Baş redaktor bildirib ki, pandemiyanın, eyni zamanda,  neftin qiymətinin aşağı düşməsinin yaratdığı çətinliklərdən  öz  çirkin niyyətləri üçün istifadə etməyə çalışan «milli şura»çıların cəhdləri   sabun köpüyündən başqa bir şey deyil. Reallıq  budur ki, əlləri xarici anti-azərbaycan, erməni və ermənipərəst dairələrin cibində olan, bu səbəbdən də onların maraqlarına uyğun   addımlar atan, «siyasi qul» imiclərinə hər gün, hər saniyə bir əlavə edən bu ünsürlər suların durulması fonunda    simasızlıqlarına, mənəviyyatsızlıqlarına düşən işıqdan utanıb nəticə çıxarsalar daha yaxış olar. Bir gülüş, qəhqəhə belələri üçün adi görünsə də onun yaratdığı ikrahlar ciddi dərs olmalıdır.