YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qadınlar Şurası “Ölkəni xilas edən böyük qayıdış” adlı regional videokonfrans keçirib

Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası   15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Ölkəni xilas edən böyük qayıdış” adlı regional videokonfrans keçirib.

Konfransda çıxış edən YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetnin rektoru Nurlana Əliyeva Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqı üçün misilsiz xidmətlərindən danışıb. Onun sözlərinə görə, Azərbaycanda hakimiyyətinin hələ birinci dövründə Ulu Öndər Heydər Əliyev respublikamızı sürətli inkişaf yoluna çıxardı. Sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar nəticəsində xalqımızın rifah halı yaxşılaşdı, bütün sahələrdə - elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə görünməmiş inkişafa nail olundu. Ümummilli Liderimiz talenin onun üçün nəzərdə tutduğu vəzifənin – Azərbaycan dövlətinin müstəqilliyini hazırlamaq və həyata keçirmək missiyasının öhdəsindən layiqincə gəldi. Qarşıya çıxan çətinliklərə, problemlərə baxmayaraq, milli dövlətçiliyimizin formalaşması üçün ilkin zəmini məhz sovet hakimiyyəti illərində hazırladı. Dəmir iradəsi, yorulmazlığı, qeyri-adi müdrikliyi, dövlət siyasətindən peşəkar səviyyədə baş çıxarması nəticəsində Heydər Əliyev yalnız keçmiş SSRİ məkanında deyil, beynəlxalq miqyasda tanınmış siyasi xadimə çevrildi.

“Bu nüfuz, hörmət və mənsub olduğu xalqın sevgisi nəticəsində lider səviyyəsinə qalxan Heydər Əliyev müstəqilliyin ilk illərində də Azərbaycanı xaosdan, qardaş qırğınından, dövlətçiliyin tamamilə itirilməsindən xilas etdi. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Ulu Öndər nəinki bütün bunların qarşısını aldı, eyni zamanda Azərbaycanın gələcək inkişaf strategiyasını işləyib hazırladı, müstəqil dövlətçiliyimizin möhkəm təməllərini yaratdı”-deyən, N.Əliyevanın sözlərinə görə, qurtuluş məfkurəsi dövlətimizin və xalqımızın xilası kimi səciyyələnir. Xilaskarlıq missiyasının müəllifi isə Ulu Öndər Heydər Əliyevdir.

YAP Qadınlar Şurasının sədri hazırda Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. O, Azərbaycan qadınlarının dövlətçiliyə sadiq olduğunu və ölkəmizin inkişafı prosesində  yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Regional konfransda həmçinin YAP Şəki şəhər təşkilatı Qadınlar Şurasının sədri Zərinə Cavadova, YAP Yevlax şəhər təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova və YAP Şuşa rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva çıxış edərək bildiriblər ki, hakimiyyətə tarixi qayıdışından sonra həyata keçirdiyi islahatlar, yeritdiyi siyasət nəticəsində Azərbaycanı bütün dünyaya tanıdan Ümummilli Lider Heydər Əliyev xalqımızın öz seçimində yanılmadığını sübut etdi. Sevindirici haldır ki, dahi öndərin əsasını qoyduğu ideyalar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı dövlət başçısının rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır.