YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Ulu Öndər Heydər Əliyevin tarixi qayıdışı obyektiv tarixi zərurət və Azərbaycanın xilası idi

“XX əsrin sonlarında Azərbaycanın tarixində  iki mühüm tarixi hadisə baş verdi. Bunların birincisi, 1991-ci ildə Azərbaycan xalqının dövlət müstəqilliyinə qovuşması, ikincisi isə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında möhtəşəm tarixi qayıdışı hesab olunmalıdır. Ulu Öndər Heydər Əliyevin tarixi qayıdışı obyektiv tarixi zərurət və Azərbaycanın xilası idi”. Bu fikirləri Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün YAP İcra Katibliyində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan tərəqqiyə” adlı videokonfrans formatında keçirilən tədbirdə çıxışı zamanı deyib.

Əli Əhmədov bildirib ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyinə qovuşsa da, o zamankı hakimiyyət ölkəni inkişafa deyil, tənəzzülə sürüklədi. 1992-ci ildə hakimiyyəti ələ alan AXC-Müsavat cütlüyü isə Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Həmin illərdə respublikada sosial-iqtisadi, siyasi böhran hökm sürürdü.  İnfilyasiya 1600 səviyyəsində idi, insanlar çörəklə sınağa çəkilirdi. Belə bir vəziyyətdə Ermənistan tərəfindən torpaqlarımız işğal olunurdu. 1993-cü ildə baş verən Gəncə qiyamı isə “böyük partlayış” oldu. Bu hadisə nəticəsində ölkədə vəziyyət daha da pisləşdi, vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdik.

“Ulu Öndər Heydər Əliyevin tarixi qayıdışı, Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin möhtəşəm dönüş nöqtəsidir. Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan Ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil. Şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin möhtəşəm qayıdışı olmasaydı və milli qurtuluşumuz baş tutmasaydı, tamam fərqli bir Azərbaycanda yaşamağa məhkum olardıq. O Azərbaycan indi bizim üçün dəyərli olan, bizim hər birimizin qürur duyduğumuz Azərbaycandan fərqlənmiş olacaqdı. Xalqımız tərəfindən 15 İyun - Milli Qurtuluş Günü müasir tariximizin ən önəmli hadisəsi kimi qeyd edilir, dəyərləndirilir. Xalqımız Heydər Əliyevin tarixi qayıdışını Azərbaycanın xilası şansı kimi qiymətləndirir”-deyə, YAP Sədrinin müavini vurğulayıb.