YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboy rayonunda müharibə veteranı Misri Əsədovu ziyarət edib, Milli Qəhrəmanı Sərxan Ocaqverdiyevin anım mərasimində iştirak edib

1941-1945 – ci illərin Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü ərəfəsində 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə birgə mayın 6-da rayonun Zeyvə kəndində yaşayan müharibə veteranı Misri Əsədovu ziyarət edib.

Müharibə iştirakçısının ailə üzvlərinin iştirakı ilə səmimi şəraitdə keçən görüşdə İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin əhəmiyyətindən və Azərbaycanın bu qələbəyə verdiyi dəyərli töhfələrdən söz açılıb, Misri Əsədovun timsalında xalqımızın qəhrəman oğullarının keçdiyi döyüş yolu və göstərdikləri şücaət xatırlanıb.

Görüşdə millət vəkili və icra başçısı tərəfindən Ulu Öndər Heydər Əliyevin müharibə veteranlarına olan həssas münasibətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və onların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğu xüsusi vurğulanıb.

Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin əməkdaşlarının iştirakı ilə Misri Əsədova “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı , pul mükafatı və xatirə hədiyyələri təqdim edilib. Misri Əsədov müharibə veteranlarına göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Həmin gün Milli Məclisin deputatı Ağalar Vəliyev və Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Tatarlı kəndində Azərbaycanın Milli Qəhrəmanı Sərxan Ocaqverdiyevin anım mərasimində də iştirak ediblər . Milli Qəhrəmanın anası Gülzar Ocaqverdiyevanın, onun ailə üzvlərinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub .Anım mərasimində Sərxan Ocaqverdiyevin 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalması qeyd olunub.

Mərasimdə millət vəkili və icra başçısı Milli Qəhrəmanın keçdiyi şərəfli döyüş yolunun dövlətimiz tərəfindən yüksək dəyərləndirilməsini, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən ölkəmizdə şəhid ailələrinə göstərilən hərtərəfli qayğını və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində görülən işləri xüsusi olaraq vurğulayıblar. Milli Qəhrəmanın anası Gülzar Ocaqverdiyeva oğlunun və bütün şəhidlərimizin xatirəsinə ehtiramla yanaşılmasını və şəhid ailələrinə göstərilən dövlət qayğısını yüksək qiymətləndirib.