YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir

Seymur Orucov

YAP Gənclər Birliyinin sədri,

YAP Siyasi Şurasının üzvü

Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Yeni dövrdə dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması Ümummilli Lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. Bu gün böyük inam hissi ilə qeyd edirik ki, ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Respublikada dövlət gənclər siyasətinin formalaşdırılması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilərək, cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Təbii ki, dövlət gənclər siyasəti dedikdə də gənclərin öz bilik və bacarıqlarını ortaya qoymaları, cəmiyyətdə layiqli yer tutmaları üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemi nəzərdə tutulur. “Gənclər siyasəti haqqında” Qanunda da bu məqsədlər öz əksini tapıb. Kompleks tədbirlər gənclərin hərtərəfli inkişafını yüksək səviyyədə təmin edir, gələcəyə daha inamla baxmaları üçün stimulverici amil rolunu oynayır.

Tarixə qısa nəzər yetirdikdə bir reallıq öz təsdiqini tapır ki, əgər Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsi diqqət mərkəzində idisə, Azərbaycan müstəqillik qazandıqdan, daha dəqiq desək, 1993-cü ildə Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra onların dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələ oldu. Ulu Öndərimiz tərəfindən Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər siyasəti ilə bağlı mühüm qərarların verilməsi, eləcə də, “Gənclər siyasəti haqqında” qanunun qəbul olunması Ulu Öndər Heydər Əliyevin gəncliyimizə verdiyi dəyərin ifadəsidir.

Eyni zamanda, Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında dahi liderin təşəbbüsü və iştirakı ilə keçirilən gənclərin I Forumunun xüsusi rolu oldu. 1996-cı il fevralın 2-də keçirilən bu forum Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında I Forumun keçirildiyi tarix-yəni 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Sonrakı illərdə də Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərimizin fəaliyyət istiqamətlərinin genişləndirilməsində əhəmiyyətli rol oynadı.
Bu qayğı zamanın çağırışlarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramını təsdiq edib. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-mənəvi dəyərlərin qorunması, hərbi vətənpərvərlik hissinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliğ edilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilib. Cənab Prezidentin gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Ölkə başçısının ardıcıl səyləri sayəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Respublikamızda beynəlxalq standartlara cavab verən idman komplekslərinin tikintisi bu gün geniş vüsət alıb. Bakıda Dünya və Avropa birinciliklərinin keçirilməsi ölkəmizin idman şöhrətindən, müxtəlif yarışlarda qazanılan çoxsaylı mükafatlar isə gənclərə qayğıdan, onlar üçün yaradılmış gözəl şəraitdən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncamın imzalanması Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu tam aydınlığı ilə ortaya qoydu. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktblərində təhsil almağa göndərilməsi də gənclərin təhsilinin artırılmasına xidmət edən addımlardandır. Xüsusilə qeyd etmək istəyirəm ki, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da gənclər üçün böyük perspektivlər açır. Təbii ki, bütün bunlarda məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir.
Azərbaycan Prezidentinin 2007-ci ilin fevralın 2-də Prezident Sarayında Gənclər Günü münasibətilə gənclər təşkilatının nümayəndələri ilə görüşməsi, həmin ilin Azərbaycanda “Gənclər ili” elan olunması gəncliyin həyatında ən unudulmaz, yaddaqalan hadisələrdən biridir.

 Cənab Prezidentin gənclər qarşısında nitqi təkcə gənclər üçün deyil, bu sahədə çalışan hər bir vəzifəli şəxs üçün fəaliyyət proqramına çevrildi. Dövlətimizin başçısı gənclərlə bağlı siyasətində çoxsaylı yeniliklərin olduğunu açıqlamaqla yanaşı, gəncliyin qarşısında üç mühüm vəzifənin durduğunu qeyd edib: “Peşəkarlığı və intellektual səviyyəni artırmaq, torpağa, yurda bağlılıq və ən nəhayət yüksək, insani keyfiyyətlərin formalaşdırılması”.
Gənclərə diqqət və qayğı davamlılığı ilə diqqət çəkir. Yuxarıda qeyd edildiyi kimi, Prezident İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi gənclər siyasətini daha da inkişaf etdirməyə, gənc mütəxəssislərin işlə təminatına, sosial-iqtisadi problemlərin həllinin təmin edilməsinə xidmət edir. Sərəncamda da bu reallıq öz əksini tapıb ki, qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycanda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də, cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmalıdır. Qəbul olunan proqramda bütün həlli vacib məsələlər öz əksini tapıb. Ölkə Prezidentinin 19 dekabr 2011-ci il tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması, eyni zamanda, 2 iyul 2013-cü il tarixli Fərmanı ilə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi də əhəmiyyətli addımlardandır. Məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Dövlət başçısı İlham Əliyevin 2011-ci ildə keçirilən Gənclərin VI forumunun iştirakçılarına təbrik məktubunda söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir”.
Bu gün möhtərəm Prezidentin rəhbərliyi ilə təhsil ocaqlarında yüksək standartlara uyğun maddi - texniki bazanın yaradılması, müasir tədris prosesinin tətbiq edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Dövlət vəsaiti hesabına və Heydər Əliyev Fondunun dəstəyi ilə müasir tələblərə cavab verən məktəblər tikilir, tədris müəssisələri yeni avadanlıqlarla, kompüterlərlə təchiz edilir.

Özündə yüksək intellektual potensialı birləşdirən Yeni Azərbaycan Partiyası sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, Ulu öndər və Onun ideyalarına sadiq qalan Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Beləliklə, partiyamız gənclərin inkişafı üçün bütün imkanları yaradıb və gənclərlə sıx işləməyi başlıca hədəflərindən biri hesab edir. Məhz bu səbəbdəndir ki, ölkəmizin intellektual gəncliyi öz siyasi talelərini YAP-la bağlayır. Partiyamız gənclərimizə qayğı göstərməklə yanaşı, gənclərdən gələn təklifləri, layihələri diqqətlə qarşılayır və lazımi dəstəyini verir. Ölkə Prezidentinin bu tapşırığına uyğun olaraq Yeni Azərbaycan Partiyası ötən parlament və bələdiyyə seçkilərində gənclərin təmsilçilik faizinin artırılması istiqamətində mühüm addımlar atıb və nəticə göz qabağındadır. Bu səbəbdəndir ki, Azərbaycan gəncliyi YAP-ın ətrafında mütəşəkkil şəkildə birləşib.
Yeni Azərbaycan Partiyası gənclərin ictimai siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək istərdik. Bu layihələrin əsas məqsədi ümumilikdə bölgə gənclərinin də ictimai-siyasi fəallığını artırmaq, onlar arasında sıx birlik yaratmaqdır.

Eyni zamanda, bir məqamı da qeyd edək ki, paytaxtda “Gənclər Mərkəzi”, regionlarda isə “ Gənclər evi” fəaliyyət göstərir. Bakı və Bakıətrafı qəsəbələrin, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində görülən işlər sırasında bu mərkəzlərin və evlərin sayının artırılması əsas məsələ kimi öndədir.
İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın simasını bütövlükdə dəyişdirə bilər. Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın gördüyü işlər gənclərimiz üçün örnəkdir. Onun Azərbaycanın tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin təbliği istiqamətində gördüyü işlərin miqyası günbəgün genişlənir. Məlum olduğu kimi, Leyla Əliyeva xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə, Dünya azərbaycanlılarının III qurultayında “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Ümumiyyətlə, gənclərimizin hər sahədə uğurları diqqət çəkəndir. Beynəlxalq yarışlarda Azərbaycanın bayrağını yüksəklərə qaldıran gənclərimiz bir daha təsdiqləyirlər ki, Azərbaycan kimi qüdrətli, zəngin ölkənin vətəndaşı olmaqdan qürur duyurlar, birliyimiz, həmrəyliyimiz sarsılmazdır. Göstərilən etimadı qiymətləndirmək, etimada sədaqətlə xidmət etmək gərəkdir.
Əminliklə deyə bilərik ki, sürətlə inkişaf edən ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakı nəzərə çarpır və burada təbii ki, dövlətin də gənclər üzərində diqqət və qayğısı böyük rol oynayır. Gənclər nəinki bu prosesin iştirakçısı qismində, hətta həyata keçirilən fəaliyyətlərin aparıcı qüvvələri kimi çıxış edirlər. Bu gün gəncliyin innovativ potensialından geniş istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır. Belə ki, hazırda istənilən sahədə gənclərin fəallığına rast gəlmək olar. Azərbaycanda həyata keçirilən gənclər siyasəti çox uğurlu bir modeldir və bu gün bu model öz bəhrəsini verməkdədir.
Biz bu gün regionda liderlik edən, dünya dövlətləri arasında yüksək nüfuza və etibarlı tərəfdaşlıq mövqeyinə malik olan Azərbaycan Respublikasının gəncləriyik. Biz milli mənsubiyyətimizlə qürur duyur, dövlətimizin və millətimizin daim var olması üçün çalışır, bu yolda öz məsuliyyətimizi dərindən dərk edirik. Bu gün Azərbaycan gəncliyi bütün istiqamətlərdə dövlətin yüksək qayğı və diqqətini hiss etməkdədir. Müstəqilliyin qısa tarixi dövründə yüksək ideyalarla, müqəddəs amallarla, milli-mənəvi dəyərlərlə, müasir texnologiyaya əsaslanan elm və təhsilin son nailiyyətləri ilə silahlanan Azərbaycan gəncliyinin əldə etdiyi, həmçinin, dünya gəncləri ilə mədəni və mənəvi inteqrasiyada qazanılmış uğurları millətimizin və dövlətimizin etibarlı gələcəyindən xəbər verir.
Müstəqillik dövründə gənclərin ictimai-siyasi fəallığı vətəndaş cəmiyyətinin qurulması üçün zəruri şərtlərdən biri kimi yeni demokratik münasibətlərin formalaşmasına da təkan verib. Gənclərin ictimai-siyasi fəallığının yüksəlməsi, gənclərə öz xalqı və dövlətinin gələcəyi üçün məsuliyyət hisslərinin aşılanması, onların mənəvi tərbiyəsinin, siyasi mədəniyyətinin yüksəlməsi ilə sıx bağlı olub. Bu mənada, Ümummilli lider Heydər Əliyevin fikirləri gənclər üçün çıraq olmuşdur: “Gənclər özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlamalıdırlar. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır”.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilk, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsinə xidmət edir. Milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi - hüquqi, iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi bu strategiyanın verdiyi töhfələr bütün dünya xalqlarını heyrətləndirməkdədir.
Ümummilli Liderin Azərbaycan gəncliyi ilə bağlı olan konsepsiyasına görə hər bir gəncin müstəqil düşüncə tərzi olmalı, özünüdərk, özünütəsdiq yaranmalıdır: “Yalnız milli xarakterli, düşüncəli gənclər müstəqil dövləti inkişaf etdirə və qoruya bilər”.

Gənclərin ictimai-siyasi proseslərdə, müstəqil Azərbaycanın inkişafında lazımı səviyyədə iştirak edə bilməsi üçün mənəvi əsas olmalıdır. Bu mənəvi əsas əsrlər boyu xalqımızın əldə etdiyi milli dəyərlər, vətənpərvərlik duyğusu, torpağa bağlılıq, milli tariximizə olan sevgidən ibarətdir.
Qürurverici haldır ki, Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhunda formalaşırlar. Bu gün Azərbaycan Ordusunun sıralarında xidmət edən yüksək milli ruhlu gənclərimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı hər an işğaldan azad etməyə qadirdirlər. 2016-cı ilin Aprel döyüşləri bu reallığı bir daha təsdiqlədi.

Bu gün gənclərimiz məhz bu zəmin əsasında ölkəmizin bütün idarəetmə stukturlarında, qurumlarda, vətəndaş cəmiyyəti institutlarında layiqincə təmsil olunur. Azərbaycan gəncliyi bu mövqedə öz məsuliyyətini dərindək dərk edir və üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışır. Çünki Azərbaycanın gələcək uğurları bu gün gəncliyin sahibləndiyi bilik, bacarıq və mənəvi tərbiyədən asılıdır.
Düşünürəm ki, dövlətin biz gənclərə göstərdiyi bu qayğı və diqqət bizim məsuliyyətimizi daha da artırır. İnanıram ki, Azərbaycan gəncliyi ona olan bu etimadı bu gün olduğu kimi, gələcəkdə də doğruldacaq, müstəqil dövlətimziin inkişafı prosesinə bundan sonra da öz töhfələrini verəcəklər.

DİGƏR Xəbərlər Arxiv