YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında uğurla və inamla inkişaf edir

“Ümummilli Liderimiz  Heydər Əliyev doğum günü -10 may tarixi respublikamızda ümummili bayram səviyyəsində qeyd olunur. Bunun da ciddi əsasları var. Ulu Öndərimiz respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə - istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində xalqımız, dövlətimiz qarşısında misilsiz xidmətlər göstərib”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.

M.Həsənov bildirib ki, biz qürur hissi və fəxarətlə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisidir. Onun sözlərinə görə, 1991-ci ildə müstəqilliyini əldə etmiş Azərbaycan ciddi siyasi və iqtisadi problemlərlə qarşı-qarşıya idi. Xüsusilə də, həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz və milli maraqlardan uzaq siyasəti Azərbaycanı xaos meydanına çevirmiş, ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir acınacaqlı vəziyyətdə Azərbaycanı düşdüyü ağır şəraitdən – faciə və fəlakətlərdən xilas edəcək güclü siyasi liderə ehtiyac var idi. Bu şəxsiyyət məhz böyük dövlət xadimi, dahi siyasətçi Heydər Əliyev idi. Xalqımız 1993-cü ildə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. Həmin il iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.

“Ulu Öndər Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli Lider andiçmə mərasimində söylədiyi nitqində xalqın Ona olan etimadını yüksək dəyərləndirərək Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, milli maraqların yüksək səviyyədə təmin olunması naminə çalışacağını bildirmişdi. O, xalqın ümidlərini tam doğrultdu. Qısa müddət ərzində Ulu Öndər Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı. Azərbaycanın iqtisadi dirçəlişi təmin olundu, nizami ordu quruculuğuna başlandı, uğurlu hüquqi, demokratik islahatlar həyata keçirildi. Xalqımızın və dövlətimizin xilaskarı olan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli, məqsədyönlü, uzaqgörən daxili və xarici siyasət nəticəsində Azərbaycan güclü, qüdrətli bir dövlətə çevrildi, ölkəmiz beynəlxalq arenada söz və nüfuz sahibi kimi çıxış etməyə başladı, etibarlı tərəfdaş kimi tanındı. Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan parlaq nailiyyətlər qazandı, inkişaf yolunda əmin addımlarla irəlilədi. Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında uğurla və inamla inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə möhtəşəm uğurlar qazanaraq inkişaf yolunda əmin addımlarla irəliləyən qüdrətli Azərbaycan dünyada sabitlik adası kimi tanınır, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir”-deyə, deputat vurğulayıb.