YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Təəssüf ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətində heç bir zaman düzgün məntiq olmayıb

«Dəfələrlə şahidi olmuşuq ki, ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edərkən Dağlıq Qarabağa Ermənistan ərazisindən keçməklə səfər edirlər. Bu məsələni həmsədrlər texniki məsələlərlə əlaqələndirirlər. Yəni bu addımın heç bir siyasi məna daşımadığını irəli sürürlər. Ancaq, nəzərə alınmalıdır ki, istənilən addımlarda müəyyən siyasi yük hər zaman qorunub saxlanılır». Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının sədri, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin davranışında dəfələrlə bunun şahidi olmuşuq. Onun fikrincə, bu yanaşma özündə qeyri-obyektiv mövqeni əks etdirir.

E.Nəsirov qeyd edib ki, əslində onların bu əraziyə keçidləri Azərbaycan ərazisindən reallaşdırılmalıdır: “Çünki, bu o məna kəsb edir ki, gedilən ərazi Azərbaycan torpaqlarıdır. Təəssüf ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin nəticəsiz fəaliyyətində bu tendensiya geniş yayılıb. Həmsədrlər doğrudan da obyektiv, qərəzsiz, neytral mövqedə dayandıqlarını göstərmək istəyirlərsə, belə vəziyyətdə Dağlıq Qarabağa Azərbaycan ərazisindən yollanmalıdırlar”.

Komissiyanın katibi qeyd edib ki, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu ATƏT-in Minsk qrupuna həmsədr dövlətlərin hər üçü tanıyıb: “Belə olan təqdirdə zəhmət çəkib bu əraziyə Azərbaycan ərazisindən keçib getməlidirlər. Hesab edirəm ki, bu düzgün məntiqdir. Təəssüf ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətində heç bir zaman düzgün məntiq olmayıb”.