YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Dəyişikliklər KİV-lərin qanuni fəaliyyətinin dəstəklənməsinə xidmət edir

""Kütləvi  İnformasiya Vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu kifayət qədər əhatəlidir və beynəlxalq standartlara  tam cavab verir. Bu qanun KİV-lərin fəaliyyətinə tam hüquqi əsas yaradır və onların uğurlu fəaliyyətini təmin etməyə imkan verir". Bunu Milli Məclisin üzvü Sahibə Qafarova "Kütləvi  İnformasiya Vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərə münasibət bildirərkən deyib. O deyib ki, bununla belə, zaman keçir, Azərbaycan sürətlə inkişaf edir, şərtlər dəyişir. Ona görə də 15 il əvvəl qəbul olunmuş bu qanuna dəyişikliklər etmək zərurəti təbiidir.

Millət vəkili hesab edir ki, xüsusən, yeni dövrdə KİV-lərin fəaliyyəti 15 il əvvəllə müqayisədə əsaslı şəkildə fərqlənir, tam yeni standartlar, meyarlar meydana gəlib: "Bununla belə, müstəqilliyin ilk illərində, müəyyən problemlərin yaratdığı fəsadların əksəriyyətini tam aradan qaldırmaq mümkün olsa da, bəzi problemlər hələ də qalmaqdadır. Bu, sırada "reket jurnalistikası" adlanan problemi qeyd etmək olar. Bir də görürsən ki, hansısa məqsədə xidmət edən qəzet ictimaiyyət arasında kifayət qədər nüfuzu olan bir qəzetin adının sonuna "plyus" "xəbər", "nyus" və s. sözlərini əlavə etməklə həmin mətbuat orqanının nüfuzundan özünün qeyri-qanuni, medianın  başlıca prinsip və məqsədlərinə uyğun gəlməyən niyyətlərini gerçəkləşdirmək istəyir. Ya da təcrübədə bunun da şahidi olmuşuq ki, hansısa dövlət strukturunun adından istifadə etmək cəhdləri də olur. Təklif olunan dəyişikliklər bunun qarşısını alacaq. Əlbəttə, son dövrlər istər dövlət strukturları tərəfindən, istərsə də Mətbuat Şurası tərəfindən görülən işlər "reket jurnalistikası"nın fəaliyyət sferasını daraldıb".

Millət vəkili Sahibə Qafarova həmçinin, deyib ki, son dövrlər baş verən hadisələr sübut etdi ki, qərəzli, təsdiqlənməmiş, qeyri-dəqiq məlumatlar bir çox hallarda dövlət maraqlarını və ictimai maraqları böyük təhlükə qarşısında qoyur. Bu işdə xüsusilə, bir sıra xarici dairələr tərəfindən maliyyələşdirilən, onların təlimat və tapşırıqları ilə fəaliyyət göstərən KİV-lər rol almışdılar: "Yeni dəyişikliklər, qeyd olunan problemlərin aradan qaldırılmasını təmin etməklə bərabər, KİV-lərin qanuni fəaliyyətinin dəstəklənməsinə xidmət edir. Düşünürəm ki, bu dəyişikliklər  əhəmiyyətli və dövrün tələblərinə uyğundur".