YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamaləddin Qafarov: Ermənistanı siyasi nihilizm, iqtisadi tənəzzül yox, sərsəm destruktivizm məhv edəcək!

“Son dövrdə ölkədə baş verən çox ciddi siyasi və iqtisadi böhran məngənəsində boğulan Ermənistan və onun bədnam rəhbərliyi, görünür, dünyada cərəyan edən  geosiyasi prosesləri ya anlamırlar, ya da anlamaq istəmirlər. Həyasızlıq, ikiüzlülük və işğalçılıq kimi neqativ kateqoriyaları özünün rəsmi imici və siyasəti olaraq dəfələrlə təsdiqləyən Ermənistan, sonunun   yetişdiyinin fərqinə varmayacaq dərəcədə başını itirib”. Bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Kamaləddin Qafarov bildirib ki, bütün  dünya, beynəlxalq ictimaiyyət  Ermənistan rəhbərliyinin sərsəm bəyanatlarının və iddialarının dəfələrlə şahidi olub: “Amma son hadisələr göstərdi ki, bu ölkənin keçən il reallaşdırdığı “məxməri inqilab” və  nəticədə heç bir ali məktəb bitirməmiş diletant Nikol Paşinyanın hakimiyyətə “oturdulması”,  bəlkə də bu başabəla dövlətin tarixində ən rüsvayçı və uğursuz  səhifələrdən biridir. Bunu təkcə biz demirik, dünyanın analitik düşüncə mərkəzlərinin, strateji planlaşdırma və təhlil qruplarının  və nəhayət, çox nüfuzlu politoloqlarının rəylərində də bu qənaət bu və ya digər şəkildə təsdiqlənir.

Kamaləddin Qafarov deyib ki, martın 31-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində   erməni separatçıları tərəfindən yaradılmış, dünyanın heç bir ölkəsinin, hətta Ermənistanın belə  tanımadığı   ərazilərdə  qondarma   “DQR prezidenti” seçkilərinin keçirilməsi, eləcə də bu günlərdə  Ermənistan-Azərbaycan  Dağlıq Qarabağ münaqişəsinin həlli formulası və formatı  ilə  bağlı Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın beynəlxalq ictimaiyyəti, hətta yaxın müttəfiqi sayılan Rusiyanı belə təəccübləndirən sərsəm bəyanatı Moskvanın vassalının  ağlını itirməsi kimi qarşılandı.  

“BMT-nin , Avropa Birliyinin, ABŞ-nin, Türkiyənin, Gürcüstanın, Ukraynanın,  Qoşulmamaq Hərəkatının üzvü olan ölkələr təşkilatının , ATƏT-in Mİnsk qrupunun üzvlərinin , həmçinin bir sıra beynəlxalq qurumların və ölkələrin  qondarma   “DQR prezidenti” seçkilərini birmənalı şəkildə tanımadıqlarını bəyan etməsi,  Ermənistanın ağılsız xəyallarını artıq neçənci dəfə suya düşürdü”.-deyə, Kamaləddin Qafarov bildirib.

Millət vəkilinin fikrincə,  Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan  Dağlıq Qarabağ münaqişəsinin tarixinə ekskursunun və danışıqların növbəti raundu üçün müəyyən strateji konturlar bəyan etməsinin mürəkkəbi qurumamış,  rəsmi Yerevanın illərdir davam edən danışıqlar prosesi tarixini tamamilə  inkar edən həyasız bəyanatı hamını şoka saldı.

“Diplomatiya tarixində nadir hallarda təsadüf edilən bu kütbeyinlik və dayazlıq, qeyd etdiyimiz kim, hətta Moskvada da narazılıqla qarşılandı. Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı erməni tərəfinə kəskin şəkildə etirazını bildirdi və  bunu destruktiv hərəkət kimi qəti şəkildə pislədi.

Erməni lobbisi həmişəki kimi, bu dəfə də qeyd olunan bu hadisələri ört-basdır etmək, onları öz xeyrinə uyğun təqdim etmək üçün ATƏT-ə, eləcə də ABŞ-nin ermənipərəst konqresmenlərinə üz tutdular. Lakin onların bu cəhdinə də  tutarlı cavab verildi. Azərbaycan Respublikası Milli Məclisi ATƏT-ə məktub göndərərək, qondarma   “DQR prezidenti” seçkilərinə münasibət bildirmədiyinə, bu tipli separatizm meyllərini pisləyən bəyanat vermədiyinə görə öz etiraz və narazılığını bildirdi. Dağlıq Qarabağın Azərbaycan icmasının sədri, millət vəkili Tural Gəncəliyev isə ABŞ –nin Nümayəndələr Palatasına göndərdiyi məktubda konqresmenlər F. Pallone, J. Spayer, Q. Bilirakis və A. Şiffin Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş qondarma rejimin nümayəndəsinə məsuliyyətsiz “təbrik məktubu” göndərmələrini qınamış və buna etiraz edib.

K.Qafarov deyib ki, Almaniyanın Münxen şəhərində Nikol Paşinyanın İlham Əliyev tərəfindən sarsıdıcı şəkildə  məğlubiyyətə uğradılması, onun maskasını cıraraq bütün dünya qarşısında rəzil etməsindən sonra istər Azərbaycan , istərsə də Ermənistan cəmiyyəti bir daha  əmin oldu ki, Ermənistanı koronavirus, iqtisadiyyatın tənəzzülü  yox, məhz sərsəm destruktivizm məhv edəcək!