YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib. 

Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən birgə maliyyələşdirilən “Milli su təchizatı və kanalizasiya xidmətləri” layihəsi çərçivəsində həyata keçirilir. Layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri, Qalaqayın, Suqovuşan, Kürkənd, Əsədli, Bulaqlı, Balakənd kəndlərində 50 min nəfərdən artıq insanın su təchizatının yaxşılaşmasına hesablanıb. Sabirabad və Saatlı şəhərlərində istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə Hacıqabul rayonu ərazisində yerləşən və Abşeron yarımadasını içməli su ilə təmin edən Kür sutəmizləyici qurğularından 62 kilometr uzunluğunda magistral su kəməri tikilib. 
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, “Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icrasına başlanandan indiyə qədər şəhərdə layihələşdirilmiş 151 kilometr uzunluğunda daxili su şəbəkəsinin 130 kilometrlik hissəsi tikilib, 3640 ünvana ev birləşmələri verilib. İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədilə hər bir abunəçinin “smart-kart” tipli sayğacla təmin edilməsi nəzərdə tutulur. Hazırda paylayıcı su şəbəkəsinin və hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarının inşası davam etdirilir. Layihənin davamı olaraq Sabirabad şəhərində 135 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi inşa olunacaq. Tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə Sabirabad şəhərinin kənarında məhsuldarlığı sutkada 80 min kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcək. Gələcəkdə Saatlı şəhərinin tullantı suları da burada təmizlənib zərərsizləşdiriləcək. Layihənin icrası 2017-ci ildə başa çatdırılacaq.
Layihənin icrasına qədər olan vəziyyət barədə məlumat verilərkən bildirildi ki, Sabirabad şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1970-ci illərdə yaradılıb. “Azərsu” ASC hazırda şəhərin 28500 sakinindən 11 mininə və ya təqribən 39 faizinə xidmət göstərir və onlar Kür çayının suyundan istifadə edir. Mərkəzləşdirilmiş qaydada su alan əhaliyə hər gün qrafik üzrə 4-5 saat su verilir. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyir. Şəhərin kiçik bir hissəsi kanalizasiya şəbəkəsi ilə təmin olunub. Şəbəkənin uzunluğu təqribən 15 kilometrdir.
Qeyd edildi ki, Kür sutəmizləyici qurğuları, Sabirabad-Saatlı magistral su kəməri 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndinin 100 min, Saatlı şəhəri və rayonun 12 kəndinin 47 min, Hacıqabul rayonunun 4 kəndinin 10 min əhalisinin içməli suya olan tələbatını ödəyəcək. Sabirabad və Saatlı şəhərlərinin dayanıqlı su təchizatına nail olmaq üçün magistral kəmərin üzərində ümumi tutumu 20 min kubmetr olan 4 anbarın inşası davam etdirilir.
Sonra dövlətimizin başçısı Sabirabad rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.