YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupu ikitərəfli əlaqələrin inkişafına töhfə verir

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında əlaqələr son illər yüksəliş dövrünü yaşayır. Bu əlaqələrin dinamikası hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərləri ilə daha da artıb.
İkitərəfli münasibətlərin inkişafına Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupu da töhfələrini verir.
Bu sözləri Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda səfərdə olan Koreya Respublikası Milli Assambleyasının Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Hvanq Younq Çeulun başçılıq etdiyi nümayəndə heyəti ilə dekabrın 16-da keçirdiyi görüşündə deyib.
Ziyafət Əsgərov bildirib ki, dostluq qrupunun nümayəndə heyətinin ölkəmizə səfəri ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərəcək. Milli Məclis sədrinin birinci müavini Azərbaycan-Koreya münasibətlərinin daha da inkişaf etdirilməsində parlamentlərarası dostluq qrupunun işinin intensivləşdirilməsinin vacibliyini vurğulayıb. O, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının idman obyektlərinin bir neçəsinin tikintisinin koreyalı şirkətlərə həvalə olunduğunu və həmin şirkətlərin fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Z.Əsgərov qonaqlara Azərbaycanda son illər bütün sahələrdə əldə edilən uğurlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib.
Azərbaycana səfərindən məmnunluğunu bildirən dostluq qrupunun sədri Hvanq Younq Çeul ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını söyləyib. O, ölkələrimiz arasında siyasi, iqtisadi sahələrdə əməkdaşlığın inkişafının önəmini qeyd edib.
Dostluq qrupunun rəhbəri Azərbaycanda fəaliyyət göstərən Koreya şirkətlərinin fəaliyyəti ilə tanış olacağını və bu şirkətlərin ölkəmizdəki fəaliyyətinin genişləndirilməsində səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə Azərbaycan ilə Koreya Respublikası arasında əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv